"Diplomatik YEYİNTİ" təftiş hədəfində... - İDDİA

"Diplomatik YEYİNTİ" təftiş hədəfində... -

Azərbaycanda tənqid hədəfinə çevrilən və ciddi problemlərin olduğu sahələrdən biri xarici siyasətdir. Ölkə olaraq, istər Qarabağ, istərsə də digər məsələlərdə böyük dövlətlərin siyasəti qarşısında aciz olduğumuz təbii qarşılansa da, bəzən ən kiçik müstəvidə belə uğur qazana bilmirik.

Sadəcə, ölkəmizin yerləşdiyi region və neft amili Azərbaycana bir dövlət kimi önə çıxmaq imkanı verib. Xarici siyasəti formalaşdıran və icra edən struktur və şəxslərin isə beynəlxalq siyasətdə ciddi rolu hiss olunmur. Əslində müxtəlif məqamlarda bununla bağlı narazılıqlarını ifadə edənlər də var. Hətta hakimiyyətin aparıcı fiqurları da Azərbaycanı xaricdə təmsil edən şəxsləri zaman-zaman ciddi tənqid ediblər.

Bir neçə il öncə Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin o zamankı sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid etmişdi. Avropa Parlamentinin qətnaməsini qərəzli adlandıran Baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyinə də diqqət çəkmişdi. Əli Həsənov Azərbaycanın 20 faiz ərazisinin işğal edilməsinə baxmayaraq, Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyirdi: "Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti, hara baxırsan? Bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımalı, ciddi təbdir görülməlidr”.

Son illər bir səfirin Azərbaycan hakimiyyətinə qarşı çıxması, bəzi diaspor rəhbərlərinin ölkəmizi təbliğ etməkdən daha çox, tutduqları mövqedən sui-istifadə edib alverlə məşğul olmaları bu sahəyə diqqəti daha da artırıb. Son günlər ortaya çıxan BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı sensasiyalı məqamlar bu sahədə həqiqətən ciddi problemlərin olduğunu ortaya qoyur.

Politoloq Elxan Şahinoğlu BDU-nun keçmiş rektoru Abel Məhərrəmovun səfir oğlu Anar Məhərrəmovun şərab biznesi ilə bağlı "Reytinq”ə danışarkən deyib ki, bu sahədəki boşluqlar qısa müddətdə aradan qaldırılmalıdır. Onun sözlərinə görə, səfirlik ölkə üçün strateji əhəmiyyətə malikdir və bu sahədə baş verən özbaşınalığa göz yummaq olmaz:

"Xarici İşlər Nazirlyində nazir Elmar Məmmədyarovun fikrini ana dilində izah edə bilməməsindən də böyük qüsurlar var. Səfirlər tacirə çevriliblər, ölkəsinin maraqlarından çox şəxsi ciblərini düşünürlər, çalışdıqları ölkədə biznes qururlar”.

E. Şahinoğlu bildirib ki, bütün bunlara qarşı tədbir görməyin vaxtı çatıb:

"Abel Məhərrəmovun İspaniyadakı səfir oğlunun şərab biznesi ilə məşğul olduğuna dair xəbərlər illərdir mətbuatda yazılır, müzakirə olunur. Bəlkə atasının biabırçılığından sonra onun haqqında tədbir görələr. Səfir oğlu əgər belə bacarıqlıdırsa, diplomat statusu olmadan şərab biznesi ilə məşğul olsun”.

E. Şahinoğlu bizneslə məşğul olan daha bir neçə diplomatın hansı səfirliklərdə işlədiyini açıqlayıb: "Belçika səfirliyimizdə yüksək rütbəli diplomatımızı tanıyırdım, XİN-dəki atasına güvənərək Brüsseldə restoran açmışdı. Azərbaycanın Ukraynadakı səfirliyində indiki və keçmiş səfirlər arasındakı qalmaqalın da predmeti biznesdir, səfir, xələfinin restoranını əlindən almaq istəyir. Bu cür iş prinsipi olan səfirliklərimiz və səfirlərimizlə xarici ölkələrdə milli və təhlükəsizlik maraqlarımızı qoruyub, Ermənistanın işğalçı mahiyyətini anlatmağa çalışacağıq? Axı, onlar da bir qisim səfirliyimizin və səfirimizin nə işlə məşğul olduğunu bilir. Çalışdığı ölkədə biznes quran səfir həmin ölkənin kəşfiyyatına da çalışa bilər. Çünki həmin ölkənin kəşfiyyat xidməti pulgir səfirləri güdür və onları şantaj etmək üçün əllərində kifayət qədər faktı var...”.

Son günlər Xarici İşlər Nazirliyinin və nazir Elmar Məmmədyarovun fəaliyyəti yenidən gündəm mövzularından birinə çevrilib. Buna əsas səbəb Azərbaycanın Ukraynadakı səfiri Azər Xuduyevin sabiq səfir Tələt Əliyevlə bağlı bu ölkənin Daxili İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciət etməsidir. Bu qalmaqal E. Məmmədyarovu da hədəfə çevirib. Doğrudur, bundan əvvəl və sonra da səfirliklərdə yeyinti faktları ilə bağlı xəbərlər yayılıb. Amma Ukraynadakı səfirliyimzdə baş verənlər digərlərini "kölgə”də qoyub.

Deputat Fazil Mustafa E. Məmmədyarovu sərt tənqid edib. O, nazirin ana dilimizdə sosial şəbəkələrdə yayılmış məlum çıxışını xatırladaraq deyib ki, əslində, Elmar Məmmədyarova aktual olan başqa bir sual verilməliydi:

"Ukraynadakı səfirliyimizdə baş verən anormallığın adı nədir? Tələt Əliyev 2001-2009-cu ilədək Azərbaycanın Ukraynadakı səfiri olub. İndiki səfirimiz də 2016-cı ildə təyin olunub. 7 il müddətində orada daha iki səfirimiz çalışıb. Yeni səfir iddia edir ki, keçmiş səfir iki milyon yarım vəsaiti mənimsəyib, o halda həmin 7 ildəki səfirlərdən niyə hansısa bu mənimsəməni kəşf edə bilməyib? Bəs Hesablama Palatası, nazirliyin daxili maliyyə nəzarət qurumu niyə aşkara çıxara bilməyib?"

Deputat daha sonra sərt suallarını davam etdirib: "Demək, bu nazirlikdə mənimsənilən hər hansı vəsait 7-8 il sonra üzə çıxarılacaq? Keçmiş səfir də iddia edir ki, indiki səfirin diplomat kimi yarıtmaz fəaliyyəti ilə bağlı vaxtilə qətiyyətli mövqe sərgilədiyindən, dünya fırlanıb-dəyişib, həmin şəxs məhz Ukraynaya səfir təyin olunan kimi işini-gücünü atıb keçmiş səfirlə haqq-hesab çəkməyə başlayıb. Başlamanın hüquqi tərəfini bir tərəfə qoyaq, Xarici İşlər nazirliyimizin səfirlikiçi münaqişəni, mübahisəni Ukraynanın hüquq-mühafizə orqanlarının çözməsinə imkan tanıması Azərbaycan üçün biabırçılıq deyilmi? Cənab Elmar Məmmədyarovdan bunu sormaq lazımdır. Sözümün canı budur ki, hörmətli Elmar müəllimdən dili necə bilməyini deyil, hüququ, təyin etdiyi səfirlərin dövlətçilik anlayışlarının səviyyəsini necə bildiyini soruşmaq daha məntiqli olmazdımı?”.

Adının açıqlanmasını istəməyən mənbə isə "Reytinq”ə deyib ki, son dövrlər Xarici İşlər Nazirliyi və ona bağlı olan diplomatik nümayəndəliklərin ətrafında baş verənlər hakimiyyəti ciddi şəkildə narahat edir. Bu səbəbdəndir ki, səfirliklərdə baş verən özbaşınalıqlar, korrupsiya halları hakimiyyətin yuxarı dairələrinin qəti qərarlar verməsi ilə nəticələnib: "Məndə olan məlumata görə, müxtəlif ölkələrdəki diplomatik nümayəndəliklərimizdə yoxlama aparılması tapşırılıb. Düzdür, aidiyyatı qurumlar davamlı olaraq, audit yoxlamaları həyata keçirirlər. Amma son illər ortaya çıxan faktlar səfirliklərin fəaliyyətinin ciddi təftişinə zəmin yaradıb. Əgər hansısa səfirliyin fəaliyyətində ciddi nöqsanlar aşkarlanarsa, sərt qərarların verilməsi qaşılmaz olacaq. Hətta bəzi səlahiyyətli şəxslərin həbsi də qaçılmazdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...