Rumıniyadakı səfirliyimizdə nələr baş verir? - İTTİHAM

Rumıniyadakı səfirliyimizdə nələr baş verir? -

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə dünyada uğurlu diplomatik siyasət aparılır. Bu gün ölkəmiz ən mühüm beynəlxalq platformalarda təmsil olunur, aparılan xarici siyasətin nəticəsində böyük güclər bizimlə hesablaşır. Lakin təəssüf ki, diplomatik missiyasının tərkibində bu taleyüklü peşəyə yaraşmayan şəxslərin olması bəzən neqativ hallara gətirib çıxarır. Bununla bağlı müxtəlif nümunələr mövcuddur və Azərbaycan Xarici İşlər Nazirliyi belə halların qarşısını zamanında almaq üçün əlindən gələni edir. Sonuncu dəfə XİN-in Ukraynadakı səfirliyimizdə araşdırmalara başlaması da bunun əyani sübutudur.

Təəssüfedici hallardan biri də Azərbaycanın Rumıniyada səfirliyində müşavir olaraq çalışan Fuad Əzizovla bağlıdır.

Miq.Az-a daxil olan məlumata görə, Fuad Əzizov Azərbaycanın Rumıniyadakı diplomatik korpusunda ikinci ən mühüm vəzifə olan müşavir postunda əyləşsə də, diplomata xas olmayan fəaliyyətlə məşğuldur. Səfirliyə yaxın mənbə bildirir ki, F. Əzizovun Rumıniyada diplomatik missiyadan uzaq olan müxtəlif biznes fəaliyyəti var. Lakin məsələ təkcə onun bizneslə məşğul olması yox, diplomata yaraşmayan davranışlar etməsidir.

Fuad Əzizov vaxtilə Rumıniyada səfir işləmiş, indi isə Serbiyadakı diplomatik missiyaya rəhbərlik edən Eldar Həsənova yaxın olub. Məlumata görə, F. Əzizov müşavirlik postuna qədər məhz Eldar Həsənovun dolayısı yolla verdiyi dəstəklə yüksəlib. Lakin sonradan Eldar Həsənovla münasibətləri pozulub, hazırda hər iki şəxs arasında neytral münasibətlər hökm sürür.

Fuad Əzizovu tanıyan şəxslər danışır ki, o, Azərbaycanın Rumıniyadakı səfiri postuna göz dikib və bunun üçün əlindən gələni edir. Dəqiqləşdirilməmiş məlumatlara görə, vaxtilə ona dəstək verən Eldar Həsənovla münasibətlərinin pozulmasına səbəb də məhz F. Əzizovun vəzifə hərisliyi olub.

F. Əzizov səfir postunu əldə etmək üçün sonuncu dəfə Azərbaycanın Rumıniyadakı keçmiş səfiri Fərid Abdınbəyova "arxadan zərbə” vurub.

Mənbələrimiz qeyd edir ki, ötən il F. Abdınbəyovun qəza törətdiyi ilə bağlı xəbəri mətbuata məhz F. Əzizov ötürüb.

Xatırladaq ki, Azərbaycanın Rumıniyadakı fövqəladə və səlahiyyətli səfiri Fərid Abdinbəyov 2017-ci il fevralın 26-da Xocalı faciəsi ilə bağlı səfirlikdə təşkil olunan tədbirdə iştirak etməyib. Sonradan mətbuatda məlumat yayıldı ki, səfirin tədbirə qatılmamasının səbəbi fevralın 25-də Vaslui şəhərində qəza törətməsi və xəstəxanaya yerləşdirilməsi olub.

"Bu xəbəri Fuad Əzizov mediaya ötürüb. Məqsədi Fərid Abdinbəyovun səfir postundan uzaqlaşdırılması, yerinə özünün keçməsi idi. Lakin bu baş tutmadı”, - deyə mənbələrimiz qeyd edir.

F. Abdinbəyov Prezident İlham Əliyevin 6 noyabr 2018-ci il tarixli sərəncamı ilə geri çağırıldı, onun yerinə Hüseyn Nəcəfov Rumıniyadakı fövqəladə və səlahiyyətli səfir təyin edildi. Fuad Əzizovun səfir olmaq planı baş tutmadı.

Hərçənd, səfirliyə yaxın mənbə F. Əzizovun səfir olmaq üçün yeni səfir Hüseyn Nəcəfova qarşı da hər an çıxa biləcəyini deyir.

"Əgər əlində hər-hansı bir neqativ məqam düşərsə, bundan sona qədər istifadə etməyə çalışacaq. Belə şəxslər diplomatik missiyaya uyğun deyillər. Məhz Fuad Əzizov kimilərin bu cür fəaliyyəti Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinə xələl gətirir”, - deyə mənbə danışır.

Araşdırmamız davam edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
574 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...