Suraxanıda kədərli mənzərələr - Bura Bakıdır?

Suraxanıda kədərli mənzərələr -

Suraxanı rayonun Bülbülə qəsəbəsi, Samir Abbasov yaşayış massivindəki yol problemi ilə bağlı Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Məlum oldu ki, bahalı və müasir standartlara cavab verən bu avtobusların Suraxanının keçilməz yollarında sıradan çıxması onları da narahat edir.

Agentliyin mətbuat xidmətinin rəhbəri Mais Ağayev virtualaz.org-a açıqlamasında qeyd etdi ki, BNA bu məsələni həmişə diqqətdə saxlayır: “Bu problem sizin kimi bizi də narahat edir. BNA olaraq biz mütəmadi olaraq bəzi ətrf kənd və qəsəbələrdə yol infrastrukturunun uyğun vəziyyətdə olmadığını bildiririk”.

Agentliyin yol problemi ilə bağlı aidiyyati orqanlar qarşısında məsələ qaldırmasına gəlincə isə, M. Ağayev bildirdi ki, bu barədə məsələni dəqiqləşdirərək bizə məlumat verəcək.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən isə artıq həmin qəsəbə sakinlərinin tezliklə palçıqlı yollardan xilas olacağını dedilər. Agentliyin mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin virtualaz.org-a verdiyi məlumata görə, bu günlərdə qəsəbənin 1-ci Bülbülə küçəsində təmir işlərinə başlanılacaq. Növbəti mərhələdə isə daha bir neçə küçədə təmir işlərinin aparılması planlaşdırılır.

“Bu il ərzində S. Əliyev, Səttar Bəhlulzadə, V. Bədəlov və Deputat küçələrinin aparılması planlaşdırılır. 1-ci Bülbülə küçəsində təmir bitdikdən sonra bu küçələrin təmirinə başlanılacaq. Yəqin ki, bu işlər yaxın vaxtlarda başlanılacaq”-Nəcəfli deyib.

***

Bakının Suraxanı rayonunun sakinlərindən yol, daha doğrusu yolsuzluq problemi ilə bağlı növbəti şikayət və müvafiq fotoşəkillər almışıq. Oxuculardan birinin virtualaz.org-a göndərdiyi fotolara əsasən rayonun Bülbülə qəsəbəsi, S.Əliyev massivindən keçən qəsəbədaxili yol doğrudan da bərbad vəziyyətdədir.

Hansı ki, bu yol “Buta Palace” dairəsindən üzü Yeni Ramanı qəsəbəsinə gedir, hər gün bu yolla sakinlərin bildirdiyi kimi, çoxsaylı marşrut avtobusları metronun “Koroğlu” stansiyası istiqamətində və geriyə hərəkət edir. O cümlədən ərazidəki 316 saylı və Qubadlı rayonu, Qaralar kənd orta məktəbinin 2 mindən çox şagirdi hər gün palçığı dizə çıxan, asfaltı dağılıb gedən bu yolla gedib-gəlməyə məcburdur.

Yolla deyəndə ki, əslində yolun fotoda gördüyünüz həmin palçığı dizə çıxan hissəsi ilə. Çünki başqa seçim yoxdur və yolun asfalt örtüyü artıq sıradan çıxmış asfalt örtüyü ilə getmək məktəblilər üçün ağırtonnajlı yük maşınının altında qalmaq riski yaradar.

Sakinlər deyirlər ki, ötən ilin sonlarında dövlətin on milyonlarla manat vəsaiti hesabına Türkiyədən alınan və 160 saylı marşruta verilən, hərəsi 100 min manata başa gələn yeni avtobuslar da bu xaraba yolla hərəkət edir. Hansı ki, belə getsə həmin avtobuslar tezliklə ömrünü başa vurub dağılacaq.

Suraxanıda kədərli mənzərələr -


Məsələ burasındadır ki, sakinlərin bəhs etdiyi bu yol bir neçə il əvvəl guya yenidən qurulub. Ona görə guya ki, yolun sadəcə asfalt örtüyünü dəyişməklə (özü də keyfiyyətsiz şəkildə) işi başa vurublar. Yol yaşayış məntəqəsindən keçsə də nə piyada səkiləri, nə piyada keçidləri yaradılmayıb. Nəticədə yağan yağışlardan sonra yolun sağında və solunda bataqlıq yaranır, oradan isə palçıq asfalt örtüyünə axıb “xüsusi məhlula” çevrilir. Elə məhlula ki, ərazidəki avtomobil yuma məntəqələrinin işçiləri onu avtomobillərdən yuyub təmizləməkdə də çətinlik çəkirlər.

Son vaxtlar isə bu yol əslində tamamilə dağılıb, asfalt örtüyündən demək olar əsər-əlamət qalmayıb. Çünki aylardır ardı-arası kəsilmədən bu yolla ağırtonnajlı yük maşınları mazutlu torpaq daşımaqdadır.

Suraxanıda kədərli mənzərələr -

“Maşınlardan tökülən mazut palçığa, lehməyə qarışaraq daha da bərbad vəziyyət yaradır. Mazutlu palçıq maşınların təkəri ilə, ayaqqabılarımızla evlərə, həyətlərimizə qədər gedib çıxır”-sakinlərdən biri deyir.

Bu qəsəbənin məhəllədaxili yollarının vəziyyəti isə ayrı problemdir. Hansı ki, on illərdir həllini tapmır. Sakinlər dəfələrlə palçıqdan keçilməz olan məhəllədaxili yollarla bağlı Suraxanı rayon İcra Hakimiyyətindən tutmuş ən yuxarı instansiyalara qədər şikayətlər, müraciətlər göndəriblər. Hətta ötən il sakinlər diqqəti problemə cəlb etmək üçün qəsəbədən keçən yolu da bağlamalı olmuşdular.

Suraxanıda kədərli mənzərələr -


Xatırladaq ki, bu günlərdə virtualaz.org Bakıətrafı qəsəbələrdə məhəllədaxili yollarla bağlı problemin nə zaman həllini tapa biləcəyini araşdırmışdı. Məlum olmuşdu ki, artıq bu yolların abadlaşdırılması Avtomobil Yolları Dövlət Agentliyinə həvalə edilib. Bu, palçıqlı yollardan əziyyət çəkən insanlar üçün ümidverici, hətta sevindirici xəbər sayıla bilər. Amma S.Əliyev massivində yaşayanlar deyirlər ki, hələlik onların yolsuzluq dərdinə əncam çəkiləcəyini göstərən heç bir əlamət yoxdur...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
418 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...