Metropoliten şikayətçilərə və mediaya cavab vermir

Metropoliten şikayətçilərə və mediaya cavab vermir

Qurum medianın da sorğusunu cavabsız qoyur, qanunvericilik isə imkan verir ki...

Ötən sayımızda növbəti dəfə “Bakı Metropoliteni” QSC-nin bir qrup əməkdaşının metro rəhbərliyinə qarşı sərt ittihamlarını dərc etdik. Bu dəfə də uzun müddətdir metropolitendə çalışan işçilər metroda baş verən qanunsuzluqlardan danışıb, sərt ittihamlar səsləndirdilər. Onlar bildirdilər ki, metro rəhbərliyi təhlükəsizlik qaydalarını kobud surətdə pozur, maşinistlərin istirahət hüququnu əllərindən alır və metroda avadanlıqların sazlığı yoxlanılmır. Maşinistlərin sözlərinə görə, onlara qanundankənar təlimatlar verilir ki, bu da son nəticədə metroda ciddi qəzalarla nəticələnə bilər.

Bütün bu ittihamlara cavab almaq üçün yazı dərc olunmazdan öncə “Bakı Metropoliteni” QSC-yə müraciət etdik. Lakin sorğumuza hələ də cavab verilməyib.

Qeyd edək ki, həmin şikayətçilər redaksiyamıza ötən ay da gəlib, metropoliten rəhbərliyinə qarşı sərt ittihamlar səsləndirmişdilər. Bildirmişdilər ki, hazırda metroda vəziyyət o qədər acınacaqlıdır ki, hər an ciddi qəza baş verə bilər. Buna səbəb kimi ilk növbədə texniki qaydaların pozulmasını göstərmişdilər, daha sonra isə bildirmişdilər ki, rəhbərlik maşinistlərin sayını azaldıb ki, bu da başqa bir problemdir. Onların sözlərinə görə, maşinistlərin sayının az olması səbəbindən işçilər gecə 3-4 radələrində işə gəlməli olurlar. Yuxulu halda qatarı idarə etdikləri üçün tez-tez stansiyaları keçib, sərnişinlər üçün çətin vəziyyət yaradırlar. Təkcə mart ayında maşinistlər yuxusuzluq səbəbindən bir neçə dəfə stansiyada saxlamadan keçiblər...

Metropoliten şikayətçilərə və mediaya cavab vermir


Artıq bir aydan çox zaman keçsə də, həmin zaman göndərdiyimiz sorğuya da metropoliten tərəfindən cavab verilməyib. Ekspertlər bildirirlər ki, bu cür halda jurnalistin qurumu məhkəməyə vermək hüququ var.

İnzibati Xətalar Məcəlləsinin 382-ci maddəsində bununla bağlı detallı şəkildə hər bir şey qeyd olunub. Maddənin birinci hissəsində göstərilir ki, qanunla müəyyən edilmiş müddətdə jurnalist sorğusuna cavab verməməyə görə 200 manatdan 300 manata qədər cərimə tətbiq edilir. Maddənin ikinci hissəsində isə verilir ki, qanunla qorunan informasiyalar istisna olmaqla, jurnalistə informasiyanın verilməsinə məhdudiyyətlər qoymağa və ya informasiya verilməsindən imtina etməyə görə isə 300 manatdan 500 manata qədər cərimə nəzərdə tutulur.

Hüquqşünas Əsabəli Mustafayev bildirib ki, informasiya sorğusuna, suala cavab verilmədiyi halda jurnalist məhkəməyə müraciət edə bilər. Çünki məmur jurnalistin sorğusuna cavab verməlidir:

“Verməyibsə, İnzibati İqtisad Məhkəməsinə müraciət edib, məhkəmə qərarı ilə cavabvermə öhdəliyini onun boynuna qoydurmaq olar. Məhkəmə qərarını icra etmədiyi halda, artıq onun barəsində cinayət işi qaldırtmaq olar. Yəni hüquqi baxımdan istiqamət budur”.

Metropoliten şikayətçilərə və mediaya cavab vermir


Media eksperti Zeynal Məmmədli “Yeni Müsavat”a bildirib ki, metropolitenin bu cür davranışı təkcə mediaya deyil, bütün ictimaiyyətə, sərnişinlərə sayğısızlıqdır:

“Burada media hüququnun pozulması məsələsi də var. Əgər tələb əsaslandırılıbsa, təcili formada, əsaslandırılmayıbsa, 1 həftə ərzində onlar məlumat verməyə borcludurlar. Bu, mediaya sayğısızlıqdır və onlar anlamalıdırlar ki, hərəkətləri bütöv auditoriyaya və Azərbaycan vətəndaşlarına sayğısızlıqdır. Sadəcə olaraq, media bunu ictimaiyyətə açıqlamalıdır. Təbii ki, heç bir təhqirdən söhbət gedə bilməz. Sadəcə olaraq, olay olduğu kimi işıqlandırılmalıdır ki, belə bir məsələ var və buna şikayət olunduğu qurum cavab vermir. Metropolitenin mətbuat xidməti var və toxunulan məsələ hər kəs üçün önəmlidir. Çünki hər kəs metrodan istifadə edə bilər. Həssas yanaşmaq onların boynunun borcudur. Həmin qurumun nümayəndələri mediaya bu cür münasibət bəsləməklə, həm də o metro qatarına minən hər bir vətəndaşa sayğısızlıq edirlər. Əllərində hansı əsaslı səbəb var ki, onlar, ümumiyyətlə, reaksiya vermirlər? Ən azından bunu açıqlamalıdırlar ki, cavab verməmələrinin səbəbi nədir? Cavabı nə zaman verəcəklər? Heç olmasa cavab verməli idilər ki, dolğun cavab üçün komissiya yaradılıb və onlar bu ittihamlara cavab verəcəklər. Əgər onlar bunun araşdırıldığını, cavabın veriləcəyini demirlərsə, bu, çox ciddi məsələdir. Ümumiyyətlə, söhbət təkcə metropolitendən getmir. İstənilən dövlət qurumuna, ictimaiyyətə daxil olan özəl quruma da bu, aiddir. Onlar bu mənada bilməlidirlər ki, media sorğu verirsə, buna cavab yoxdursa, bu, vətəndaşlara, mediaya sayğısızlıqdır. Eyni zamanda bu cür davranış medianın peşəkar borcunu yerinə yetirmək şansının əlindən alınmasıdır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
360 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...