“Biz heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq”

“Biz heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq”

“Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi ilə bağlı bu yaxınlarda Fərman imzalanıb. İndi əməli işlər aparılır ki, Fərmanın icra edilməsinə başlansın. Bu da bir ciddi islahat olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 15 illiyinə həsr olunmuş mərasimdə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, icbari-tibbi sığorta Azərbaycanda pilot layihə kimi icra edilib və nəticələr həddindən artıq müsbətdir:

Biz bəlkə də heç gözləmirdik ki, bu qədər müsbət nəticələr olacaq. Bu, həm əhali, həm həkimlər tərəfindən, həm də bütün digər sahələrdə yüksək qiymətləndirilir. Biz qabağa baxmalıyıq. Dünya dəyişir, bir daha demək istəyirəm, biz ön sıralarda olmalıyıq və olacağıq da. Çünki üfüqlər açıqdır, siyasətimiz tam aydındır və gələcəyə nikbinliklə baxmaq üçün bütün əsaslar var.

Biz bu gün, eyni zamanda, Heydər Əliyev Fondunun 15 illiyini qeyd edirik. On beş il bundan əvvəl Fond yaradıldı və bu illər ərzində bir çox sahələrdə - mədəniyyət, incəsənət, təhsil və digər sahələrdə çox böyük işlər gördü. Təhsil sahəsində deyə bilərəm ki, Fondun təşəbbüsü ilə başlanan “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı ölkə miqyasında geniş vüsət aldı və ondan sonra dövlət xətti ilə 3 min 200-dən çox məktəb tikildi, təmir edildi. Fond səhiyyə sahəsində çox böyük işlər görür və bir çox hallarda bu işlər haqqında heç məlumat da verilmir. Yəni, ictimaiyyət bəlkə də məlumatlı deyil ki, nə qədər böyük işlər görülür, nə qədər insana kömək göstərilir, nə qədər insanı - uşağı, xəstəni Fondun xətti ilə aparılan müalicə normal həyata qaytarıb. Fondun çoxşaxəli fəaliyyəti Azərbaycanı dünyada tanıdır. Fondun dünya miqyasında çox böyük hörməti var. Azərbaycan reallıqlarının dünyaya çatdırılması istiqamətində - bizim musiqimizi, xalçaçılıq sənətini, muğam sənətini, digər mədəniyyət incilərimizi dünyaya çatdırmaq, təqdim etmək üçün Fond çox böyük işlər görür. Kitablar çap olunur, disklər hazırlanır, sərgilər, elmi-praktik konfranslar, simpoziumlar keçirilir. Mən Fondun əməkdaşlarını əldə edilmiş uğurlar münasibətilə təbrik edirəm və eyni zamanda, bildirmək istəyirəm ki, Fond Ulu Öndərin siyasi irsini təbliğ etmək üçün də böyük işlər görür.

Biz Ulu Öndərin doğum gününü yaxşı nəticələrlə, böyük planlarla qarşılayırıq. Əminəm ki, bütün planlar reallaşacaq. Necə ki, bu günə qədər reallaşıb, bundan sonra da reallaşacaq. Çünki buna bizim iradəmiz də çatır, gücümüz də var, xalq da bizim siyasətimizi dəstəkləyir. Biz bundan sonra yalnız və yalnız uğurlar və qələbələr yolu ilə gedəcəyik”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
217 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...