Səfər Mehdiyev "Broker Əbülfəz"lə necə "dostlaşdı"?

Səfər Mehdiyev "Broker Əbülfəz"lə necə "dostlaşdı"?

Son bir neçə aydır ki, əksər mətbu qurumlarda “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun ümumi büdcəmizə vurduğu zərbələrlə, gömrük sahəsində yaratmış olduğu inhisarçılıqla, qanuni fəaliyyət göstərməyə çalışan sahibkarların “dərisinə soyması”, ölkəmizə sayı-hesabı bilinməyən çəkidə palma yağlarını gətirməsi və s. haqda silsilə tənqidi açıqlamalar dərc olunmaqdadır. Məsələnin düşündürücü tərəfi odur ki, bu şəxsin atdığı belə bir addımlarla bağlı bugünə kimi aidiyyəti dövlət qurumları lazımınca məlumatlandırılsalar da, nədənsə adı çəkilən şəxsə qarşı hələ də bir kimsə “qaşın üstə qara var” demir, yaxud da deməyi bacarmır. Belə bir yanaşmanın varlığı onu sübut edir ki, deməli Əbülfəz Məlikovun arxasında duran “gözərünməz güclər” hal-hazırda adı çəkilən bu şəxsin kölgə iqtisadiyyatımıza “bəxş etdiyi töhfələri” razılıqla qarşılamaqdadırlar.
Onu da unutmaq olmaz ki, cənab Prezident gömrük sahəsində baş verən hər cür əyintilərə, ümumilikdə kölgə iqtisadiyyatını əmələ gətirən bir çox amillərə qarşı davamlı mübarizə tədbirləri aparmasına baxmayaraq, bu gün də “Broker Əbülfəz” təxəllüslü monopolist ənənəvi qaydalarla işləmək iradəsini ortaya qoymaqdadır. İntertv.az-ın əldə etdiyi məlumatlara görə, bu şəxs Abşeron və Ələt Beynəlxalq Dəniz Limanının “Loqistika Mərkəzi”ni yenə də öz nəzarətində saxlamaqda davam edir. Belə bir halın varlığı da, yüzlərlə brokerin zərbə altına düşməsi ilə nəticələnir. Məsələn, Əbülfəz Məlikov “Broker MMC”-də çalışan bəzi şəxslərin adlarına ilk əvvəl VÖEN açılmasına nail olur, sonra hansısa şirkətin gətirdiyi məhsullar brokerlərin adlarına yazılır, daha sonra isə onun nəzarəti altında gömrükdə rəsmiləşdirilir. Belə bir haqq-hesabların qarşılığında o, hər brokerə cüzi məbləğdə faiz ödəsə də, onların adlarına rəsmləşdirililib idxal olunan məhsullara görə heç bir vergi ödəmirmiş. Müəyyən çevrələrdə dolaşan söz-söhbətlərə görə, bu şəxs sabiq vergi naziri Fazil Məmmədovun dövründə vergi əməkdaşları ilə asanlıqla “dil tapıb” “ödənişləri” qeyri-rəsmi şəkildə həyata keçirməyi də bacarırmış.
Əldə etdiyimiz müəyyən məlumatlara görə, bu gün “Broker Əbülfəz” hər kəsin nəzər-diqqətində “odda yanmaz, suda batmaz” təsiri bağışlayır və əksəriyyət də o qənaətdədir ki, bu şəxsə bir kimsənin gücü çata bilməz. Çünki o, gah gömrük sahəsində, gah “Meyvəli” bazarında, gah da logistika mərkəzlərində müəyyən işlər qurur, “minbir əməliyyat”lar həyata keçirir. Əbülfəz Məlikovun tez-tez yerdəyişmələr etməsi də, məhz maraq doğuran məsələlərdən olur. Buna da səbəb, onun personanın diqqətini yayındırmaq və büdcədən gizlədilən milyonların izini itirmək məqsədi güdməsi olur.

Onu da qeyd edək ki, bu şəxs əslən Şamaxı rayonundandır və ticarətə siqaret satışı ilə girişir və Azərbaycana ilk dəfə olaraq “qara yollar”la siqaretlərin gətirilməsi işini də düzüb qoşa bilir. Bu sahədə hədsiz iş bacarığı olan Əbülfəz Məlikov, çox keçmir ki, ilk əvvəl Azərbaycandan olan böyük iş adamları ilə, hətta İrandan Azərbaycana ayaq açan biznesmenlərlə də iş qura bilir. Bu şəxsin adı indiyə kimi mediada şübhəli və kriminal əməllərdə də hallanıb. O, öz həyat bioqrafiyasını nə qədər gizli saxlamağa çalışsa da, həyatının xronologiyası haqda məlumatlar zaman-zaman mediaya çatdırılıb və bu yöndə müəyyən məlumatlar da dərc olunub. Dərc olunan məlumatlarda qeyd olunub ki, Əbülfəz Məlikov böyük biznesə müəmmalı bioqrafiyası olan iranlı şəriki Əhəd ağa vasitəsi ilə girişir. Yəni, Əhəd ağa vaxtilə Bakı Dəmir Yolu Vağzalında xırda ticarətlə məşğul olan bu şəxsin qüdrətli monopolistə çevrilməsində əsas rol oynayır. Bir sözlə, “Broker” MMC rəhbərinin, məhz bu şəxsin himayəsi ilə qısa müddət ərzində xırdavat satandan milyarderə çevrildiyi söylənilir. Bütün bunlardan əlavə, ayrı-ayrı KİV-də dərc olunan məqalələrdə hər iki şəxsin adı İran kəşfiyyatı ilə işbirliyində hallandırılıb və bu yöndə bəzi məlumatlar da dərc olunub. Əbülfəz Məlikovun “Royalbank” vasitəsi ilə İranda çirkli pulların yuyulmasında fəal iştirak etməsi haqda, müəyyən çevrələrdə bəzi məlumatlar da dolaşmaqdadır. Ehtimal etmək olar ki, o, ilkin kapitalını çirkli pulların yuyulması vasitəsilə əldə edib.

Bəzi mənbələrdən İntertv.az-a sızdırılan məlumatlara görə Əbülfəz Məlikov yenidən “dirilib” və gömrük əməliyyatlarında əvvəlki kimi olmasa belə, bu gün müəyyən addımlarını atmaqda davam edir. Məsələn, əgər bu şəxs son vaxtlara kimi şəxsi biznesini idarə etməklə məşğul olurdusa, bu gün yenidən brokerlik fəaliyyəti ilə məşğul olmağa başlayıb. Yəni, bu şəxs bəzi mal və məhsulların, ələlxüsus ərzaq və dərman preparatlarının, sement və digər tikinti materiallarının ölkəyə keçirilməsində xüsusi rol oynamaqdadır. Bu şəxs bir vaxtlar ölkəmizə gətirilən bir sıra ərzaq məhsullarının, avtomobil ehtiyat hissələrinin, tikinti materiallarının, hətta təkərlərin monopoliyasını böyük həcmdə “Broker” MMC, bəzi hallarda isə “Trans Broker” MMC şirkəti vasitəsilə həyata keçirirdisə, bu gün əvvəlki addımlarını ata bilməsə də, əvvəlki işlərinin müəyyən qismini həyata keçirə bilir. Adı çəkilən bu şəxslə bağlı səslənən iddialardan biri də, Əbülfəz Məlikovun pambıq tarlalarında çoxsaylı zəhərlənmələrə səbəb olmuş saxta gübrələri ölkəyə gətirilməklə milyonlar əldə etməsidir. Bundan əlavə, bu şəxsin kifayət qədər gəlirli biznes sahəsi hesab olunan dekorativ ağac və gül kollarını ölkəyə gətirməklə, böyük payçılardan birinə çevrilməsi haqda da, müəyyən çevrələrdə söz-söhbətlər dolaşmaqdadır.

Bir media qurumu olaraq tərəfimizdən apardığımız araşdırmalar zamanı onu da müəyyən edə bildik ki, sən demə illər öncədən başlayaraq Əbülfəz Məlikovu DGK-də yüksək çinli vəzifə sahibləri ilə bağlayan sıx tellər olub. Belə bir bağlılığın nəticəsi olaraq, bu gün də ölkəmizdə aksiz siqaret biznesinin bu şəxsə həvalə olunduğu söylənilir. Hal-hazırda “qara bazar”da aksız markası olmayan siqaretlərin kütləvi satışı həyata keçirilir. Belə bir halın varlığı da, səslənən iddiaların əsaslı olduğunu sübut etmiş olur.

Bu gün ortaya çoxsaylı suallar çıxır. Görəsən Əbülfəz Məlikovun ölkəmizdə yenidən monopoliya yaratmasına kimlər “yaşıl işıq” yandırır? Məsələn, İntertv.az olaraq əldə etdiyimiz müəyyən məlumatlara görə, bir neçə gün bundan əvvəl ayrı-ayrı sahibkarların Gürcüstan Respublikası ərazisindən ölkəmizə idxal etdikləri mallar sərhəddə saxlatdırılır və onlar olmazın olaylarla da üz-üzə qalırlar. Yəni, bu məsələdə Məlikovun böyük rolunun olduğu bildirilir və o, sahbkarları əvvəlki şərtlər əsasında işləməyə məcbur etdirmək istəyir. Müəyyən məlumatlara görə, bu şəxs və ona bağlı olanlar “Əbülfəz Karqo” adlı şirkət təsis ediblər və buna bəzi məmurlar şərait də yaradıblar. Belə bir addımları atmaqda onların məqsədi, sanki 15 il bundan əvvəlki vəziyyəti bərpa etmək, ölkəni yenidən pis vəziyyətə salmaqdır. Elə ki, rəhbərlik dəyişdirildi və 2016-cı ilin yanvar ayından gömrük sahəsində yaradılmış monopoliyalara son qoyuldu və həmin vaxtlardan sonrakı dövrlərdə Səfər Mehdiyev etdiyi çıxışlarının birində “artıq büdcəmizə 1 milyard xeyir verə bilmişik” dedi. Bu belə olmalı olduğu halda, 15 il ölkəmizi monopoliyada saxlamaqla büdcəmizi viran edən Əbülfəz Məlikov, bu gün yenidən öz çirkin məqsədlərini həyata keçirmək istəyindədir.İntertv.az/



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
393 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...