Zamanı dəyişən adam - Həsən Bəy Zərdabi

Həsən Bəy bir axın yaradırdı. Bir sel gücü yaradırdı. Oxumaq üçün çalışırdı. İnsanların daha çox oxuması üçün çalışırdı.
Qazandi!
Həsən Bəy İstanbuldan hürufat gətizdirmiş və nəhayət, xeyli zəhmətdən, əzab-əziyyətdən sonra 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində "Əkinçi" qəzetinin nəşrinə nail oldu.
Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyuldu. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türkdilli qəzet idi.
1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən "Əkinçi" ayda iki dəfə 300-400 tirajla nəşr olundu. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü gördü.
"Əkinçi" qəzetində Nəcəf bəy Vəzirovun, Əsgər ağa Goraninin Moskvadan, Məhəmmədtağı Əlizadə Şirvaninin Şamaxıdan, Heydərinin Dərbənddən göndərdikləri məktublar, Seyid Əzim Şirvaninin şeirləri və Mirzə Fətəli Axundovun "Vəkili-naməlumi millət" imzası ilə məqalələri dərc olundu.
28 may 1907-ci ildə iflic olaraq danışa bilməyən Həsən Bəy xəstə olduğu dönəmlərdə belə "Kaspi" qəzetində yazırdı.
Nələr etmədi ki, Həsən Bəy? Uzatmadan xatırlayaq:
O, 1907-ci ildə köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunsa da, 1937-ci ildə həmin ərazi dağıdıldı, mərhumun sümükləri ailəsinin yanında qaldı. 1957-ci ildə Həsən Bəy Zərdabinin vəfatının 50 illiyi qeyd olunarkən onun sümükləri Fəxri Xiyabana daşındı...
Həsən Bəy Zərdabi nə istəyirdi? Hacı Zeynalabdin Tağıyevlə birlikdə qızlar məktəbi açmaq üçün çarın arvadına ahalı hədiyyələr aparırdı. Bakı kəndlərində qapı-qapı düşüb qızların məktəbə gəlmələrinə icazə almaq üçün insanlara yalvarırdı. Başqa nə istəyirdi Qəzeti bağlanmışdı. Gedib Zərdab kəndində insanlara torpaqşünaslıqdan nəsihətlər verirdi. Müəllimlərin ilk Bakı Qurultayında ən aktiv təşkilatçı olurdu. Bir insanın həyatına sığdıra biləcəyi bundan daha böyük həyat səlnaməsi ola bilərmi?
145 ildir nə dəyişdi?
- Dünya dəyişdi.
- Media münasibətləri dəyişdi.
- Qəzet mediası forma və xarakterini dəyişdi.
Dəyişməyən bir adam qaldı tarixdə Həsən Bəy Zərdabi! Çünki o tarixi dəyişmişdi. Tarix onu dəyişə bilmədi bu 145 ildə. Ruhun şad olsun BƏY! İndi böyük bir vətən - Azərbaycan TÜRK dilində yazır oxuyur, danışır, artıq dövlətimiz var. Və sənin açdığın yolun izində olan milyonlarla türk var.
Razi ABASBƏYLİ
141 dəfə oxundu