Əhəd Abıyevin bəyanatına fermerdən sərt bəyanat və qarşı tərəfin cavabı

Fermerlərin Əhəd Abıyevlə bağlı yuxarı isntansiyalara və mətbuata müraciətindən sonra Daşkəsən Rayon İcra Hakimiyyəti bəyanat yayıb. Bəyanatda fermerlər Akif Rzayevlə Bəhram İsmayılovun dediklərinin yalan olduğu iddia edilir və onların ünvanına dövlət əleyihinə iş aparmaqdan tutmuş, ağır cinayətlərə görə həbs olunmağa qədər müxtəlif ittihamlar səsləndirilir.
Bəyanatın mətni Yenisabah.az-da da dərc edildiyinə görə fermerlər redaksiyamıza müraciət edərək baş verənlərə aydınlıq gətirmək istədiklərini deyiblər.
Akif Rzayev əməkdaşımızla söhbətində bildirib ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin bəyanatında əks olunan fikirlər tamamilə böhtandır. “Mən Azərbaycanın ilk fermerlərindənəm. 1992-ci ildən fermer təsərrüfatı ilə məşğul oluram. Yeni Azərbaycan Partiyasının üzvüyəm. Heç vaxt da həbsdə də olmamışam. Bunlar hamısı Əhəd Abıyevin uydurmasıdır. Çünki onun özü bizim icarəmizdə olan torpaqları başqalarına satmaqla cinayətə yol verir”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, Əhəd Abıyev öz əməllərilə dəfələrlə onların təsərrüfatına ziyan vurub. “Deyir guya mən 300 hektar torpaq zəbt etmişəm və həmin torpaqlaı kimlərəsə satmışam. Əhəd Abıyevin icazəsi olmadan Daşkəsəndə bir qarış torpağı nəinki zəbt etmək, heç pulla da almaq olmaz. Mən kiməm ki, dövlətin torpağını zəbt edim və hələ onu kimlərəsə də satım.
Əksinə, Əhəd Abıyev bizim icarəmizdə olan torpaqları başqalarına satıb. Bu problemlə əlaqədar dəfələrlə aramızda söhbət olub. Bizim torpaqlarla bağlı bütün sənədlərimiz qaydasındadır. Ona görə də çəkinmədən yuxarı instansiyalara müraciət edir, mətbuatı dəvət edirik ki, gəlib məsələni yerində araşdırsınlar. Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib, qanunsuz əməlləri ifşa olunur, ona görə də keçib şər-böhtana, şantaja.
Sizə bir məqamı deyim. Nə qədər ziyalı adam göndərmişdi üstümə, barışıq üçün. Amma sonradan onların da sözünü eşitmədi. Hətta Prezidentin köməkçisi hörmətli Zeynal Nağdəliyev də gəlib bizi barışdırdı, amma Əhəd Abıyev yenə də öz bildiyini elədi”, - deyə Akif Rzayev bildirib.
Onun sözlərinə görə, oğlu barəsində deyilənlər də yalandır: “Yazıblar ki, oğlum Şahin Rzayev guya qanunsuz işlərlə məşğuldur. Mənim oğlum polis əməkdaşıdır. Bu yazılardan sonra onun fəaliyyəti araşdırılıb, amma heç bir qanunsuz iş tapılmadı.
Mən bu məsələni belə qoymayacağam. Bütün hüquq-mühafizə orqanlarına müraciət etmişəm. Sizdən xahiş edirəm ki, həqiqəti bilmək istəyirsinizsə, buyurun gəlin Daşkəsənə görün burada nələr baş verir”.
Fermer Bəhram İsmayılov da bildirib ki, Əhəd Abıyevin bəyanatı həqiqəti əks etdirmir. “Bu torpaqların sənədi var. Hələ biz onu demirik ki, hər dəfə yaylağa gələndə Əhəd Abıyevin pul yığanlarını “görməliyik”. Amma indi bizi qanunsuzluqda ittiham edir, müxtəlif cinayətləri üzərimizə yükləmək istəyir. Biz baş verənlərlə bağlı lazımi orqanlara şikayət etmişik. Gəlib araşdırıblar. O da görür ki, artıq ifşa olunur, ona görə belə edir”, - deyə həmsöhbətimiz bildirib. Yenisabah
Bu gün Gundeminfo.az-a Daşkəsən Rayon İcra Hakimiyyətindən cavab açıqlaması daxil olub. Açıqlamanı olduğu kimi dərc edirik:
- Bildiririk ki, 25.07.2020-ci il tarixdə “Yenisabah.az” saytında dərc edilmiş “İcra başçısı ilə fermerlər arasına qarşıdurma: “Əhəd Abıyev görür ki, vəziyyət qəlizləşib...” başlıqlı Daşkəsən rayon İcra Hakimiyyətinin bəyənatına cavab yazısına münasibət olaraq nəzərinizə çatdırırıq ki, Qərb bölgəsində yaylaq torpaqlarının alverçisi kimi tanınan, özünü guya fermer, çoban adlandıran Rzayev Akif Tağı oğlu mətbuata açıqlamasında riyakarcasına heç vaxt həbsdə olmadığını deyir.
Başlıca fakt odur ki, Akif Rzayev özünün həbsdə olmasını gizlədərək müxtəlif vasitələrlə oğlu Şahin Rzayevi Daşkəsən rayon Polis şöbəsində polis serjantı işinə düzəltmişdir. Özündən əlavə onun oğluları Seymur Rzayev 5 il, Ceyhun Rzayev isə 6 il həbsdə olmuşdur. Akif Rzayev yaxşı bilir ki, saxtakarlığının üstü artıq açılmışdır və aidiyyəti üzrə Daxili İşlər Naziri cənab Vilayət Eyvazovun göstərişi əsasında bu ciddi məsələ ilə bağlı araşdırma aparılır.
Bildiririk ki, Rzayev Akif Tağı oğlu 30.12.1969-cu ildə törətdiyi ağır cinayətə, yaxın qohumu olan azyaşlı qızı zorladığına görə 1970-ci ildə Azərbaycan SSR Cinayət Məcəlləsinin 129.1.2., 146.1., 109.1., 109.3. və 38-ci maddələri ilə təqsirli bilinərək keçmiş Qasım İsmayılov rayon məhkəməsinin (indiki Goranboy rayonu) hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmiş və cəzasını ciddi rejimli həbsxanada çəkmişdir. Fırıldaqçılıq və dələduzluq etdiyinə görə o, sonralar yenidən məhkəmələrin hökmləri ilə 4 il həbs edilmiş və ümumilikdə 16 il həbsxanada yatmışdır.
Akif Rzayev açıqlamasında guya Azərbaycan Respublikası Prezidentinin ərazi-təşkilati məsələlər üzrə köməkçisi - şöbə müdiri hörmətli Zeynal Nağdəliyevin Daşkəsən rayonuna gələrək onunla Əhəd Abıyevi barışdırması ilə bağlı dedikləri özünün uydurmasıdır, tam yalandır, belə bir görüş və danışıq heç vaxt olmamışdır.
Bir daha da diqqətinizə çatdırırıq ki, Akif Rzayev kənar rayonlardan olan şəxslərin, fermerlərin sürülərini özünün adına çıxıb onlardan pul almaqla Xoşbulaq kəndinin ərazilərinə gətirərək süni sıxlıq, gərginlik yaratdığı və qeyri-qanuni hərəkətlər etdiyi üçün çoxsaylı kənd sakinləri ilə onun arasında dəfələrlə kriminal münaqişələr yaranmışdır və bununla bağlı 100-dən artıq Xoşbulaq kənd sakininin hörmətli cənab Prezidentə, Baş prokurora, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə, o cümlədən Daşkəsən rayon İcra hakimiyyətinə şəxsiyyət vəsiqələri və imzaları ilə təsdiq etdikləri müraciətləri vardır. Hazırda bu ciddi məsələ Respublika Baş Prokurorluğunda nəzarətə götürülərək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılır.
Birmənalı olaraq bildiririk ki, Akif Rzayevin 25.07.2020-ci il tarixli “Yenisabah.az” saytında dərc edilmiş təkrar eyni məzmunlu müraciəti ictimai fikri çaşdırmaq üçün yalan və şayiədir. Qərb bölgəsində tanınmış kriminal şəxs olan Akif Rzayevin həmin müraciətində qeyd edilən əsassız fikirləri qərəzli, şər və böhtan xarakterli məlumatdır.
Nəzərə alıb təkzib verməyinizi xahiş edirik
509 dəfə oxundu