Kərəm Həsənovun qohumları nələr etmədi daha ... VİDEO

Kərəm Həsənovun qohumları nələr etmədi daha ...
Azərbaycanın XX əsrin sonlarında yaşadıqları bütöv bir nəslin yaddaşında yaralı iz buraxdı. Qarabağdan, İrəvandan qaçqın düşən uşaqlar böyüdü, təhsil aldı, ailə qurdu, hətta özlərinin də uşaqları oldu… Aralarında bəlkə də hansısa cinayət törədəni oldu, məişət zəminində kiminsə kimisə bıçaqlaması da baş verdi, inkar etmirik. Amma bu, gözlənilən kimi bir dalğa olmadı, tendensiyaya çevrilmədi. Və cəmiyyət onlardan hər hansı zərbə almadı. Əvəzində isə son illər cəmiyyətin gündəmini varlı məmur balaları zəbt etdilər.
Narkotik aludəçiliyindən tutmuş, avtoxuliqanlığa, özbaşınalığa, qudurğanlığa qədər… hər cür əməli onların “ifasında” eşitdik. İçib, nəşələnib, yoldan keçəni yaralayanlar, bir-biriləri ilə atışanlar özlərinə qeyri-qanuni hər şeyi, amma hər şeyi icazə verənlər, içkili vəziyyətdə maşın sürənlər, polis döyənlər… onların sırasından çıxdı. Hətta Milli Məclisdə məmur uşaqlarına psixoloji yardım göstərilməsi ilə bağlı qanun layihəsinin müzakirəsi də oldu. Çifayda… Elə ay olmur ki, hansısa məmur balasının, məmur qohumunun “ÇP”si medianın gündəminə gəlməsin… Son belə bir olay Prezidentin köməkçisi − Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənovun oğlu Ceyhun Həsənovla bağlı baş verib. Belə ki, cumhuriyyet.az bildirir ki, məmur oğlunun maraqlı videosu yayılıb. xəbər verir ki, mağazalardan birində alış-veriş edən Ceyhun Həsənovun dostları tərəfindən təriflənməsini əks etdirən videogörüntü sosial şəbəkə istifadəçilərinin marağına səbəb olub.

Əlbəttə bu videonu sadəcə dost zarafatı kimi də qəbul etmək olar. Amma kadrlarda “prezidentin köməkçisi” ifadəsinin ironik səslənişi bu zarafatların digər məqamları haqda da ehtimal yaradır. Yəni Kərəm Həsənovun indiki postu bu qədərmi uca sayılır. Axı bu ölkədə ən yüksək vəzifə prezidentdir və ölkə ictimaiyyəti üçün prezidentin öz övladının örnəyi var. Gənc Heydər Əliyevin həm Azərbaycandakı təhsil, həm hərbi xidmət dövrü övladın xarakterinin onun atasının vəzifəsi ilə bağlı olmadığını təsdiqlədi. Yeri gəlmişkən, bu Həsənovlar ailəsində böyüyən uşaqlarla bağlı ilk qalmaqal deyil. Bununla bağlı cumhuriyyet.az xatırladır ki, bir neçə il öncə ölkə mətbuatı Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qardaşı oğlu, Dövlət Miqrasiya Xidmətinin daxili nəzarət şöbəsinin rəisi Emin Həsənovun dəbdəbəli həyat tərzi keçirtməsi barədə yazılar və onunla bağlı fotolar dərc etmişdi. O zaman mediada yayılan məlumata görə, Emin Həsənov barədə yazılar və fotolar dərc olunandan sonra Kərəm Həsənov qardaşı oğluna görə MTN-nin bir qrup dəstəsi tərəfindən şantaj olunub. Sonradan isə həmin dəstə ilə Həsənovlar məcbur olub barışıblar ki, qardaşoğlu barədə mətbuata materiallar ötürülməsin. Bununla da yekunlaşmır. Prezident köməkçisi Kərəm Həsənovun Kamal Nurməmmədoğlu Həsənov adlı əmisioğlunun qoçuluğu haqda da mətbuatda kifayət qədər materilallar var. Bu məsələlərlə bağlı cumhuriyyet.az olaraq media üzərindən apardığımız araşdırmalar zamanı Kərəm Həsənovun İlqar Həsənov adlı digər əmisioğlu haqda “Cəlilabadda bir qızın evinə basqın edib. Məmurun qohumu evə zorla daxil olub ki, həmin qızdan xoşu gəlir, onun olmalıdır. Kənd camaatı haray-həşirə gəlib, qızı müdafiə ediblər. Amma K.Həsənovun əmisi oğlu İ.Həsənova bata bilməyiblər. Deyilənə görə, komitə sədrinin qohumu qızın yaşadığı ünvana polisləri cəlb edib. Ona görə də gərginlik yaşanıb. Polislərin və İ.Həsənovun fotosu da sosial şəbəkəyə yerləşdirilmişdi”. Yayılan iddialarla bağlı heç bir açıqlama verilməyib. Bu da istər-istəməz Kərəm Həsənovun adının ona aid olmayan hadisədə hallandırılmasıdır.
Yeri gəlmişkən məmur övladları və qohumları ilə bağlı Baş nazirin sabiq müavini Abid Şərifov bildirmişdi ki müxtəlif qalmaqalların, cinayət işlərinin iştirakçısı olan övladlar ailədə yaxşı tərbiyə almayıblar: “Bəzən misal çəkirlər ki, övladlarımızın tərbiyəsini zəmanə dəyişir və sairə. Bu boş söhbətdir. Necə olur ki, eyni zəmanədə yaşayan Əlinin balası ağıllı, qanacaqlı, mərifətli, Vəlinin balası isə narkoman olur? Həmin narkoman isə belində silah gəzdirərək, avtomobili saatda 200 km/saat sürətlə idarə edir? Əgər zəmanə edirsə, niyə biri yaxşı, biri pis olur? Deməli, hər şey ailədə verilən tərbiyədən, münasibətdən asılıdır. Tərbiyə də 5 dəqiqəliklə olmur. Gərək övladı anadan olan gündən böyüyənədək tərbiyə edəsən. Kimsə mənim övladımın, yaxın qohumlarımın haradasa tərbiyəsizlik, yekəbaşlıq etməsi ilə bağlı bir kəlimə eşidə bilər? Xeyr, bu qeyri-mümkündür. Heç kəs mənim övladımın xuliqanlıq etdiyini görə və ya deyə bilməz. Amma digərləri ilə bağlı o qədər var… Gərək övladını vaxtında düzgün tərbiyə edəsən. Övladı yaxşı tərbiyə etməkdən isə vacib nəsə ola bilməz. Kimin tərbiyəsi varsa, gec-tez onun çörəyi, imkanı olacaq. Bu mənim şəxsi fikirlərimdir”. //cumhuriyyet.net//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...