Eldar Quliyevin adı qalmaqalda hallanır...

Universitet mənsubu (mətbuat katibi) həmçinin məqalədə Eldar Quliyevin stadion tikdirməyə pul tapdığı halda Silahlı Qüvvələrə yardım etməyə vəsait tapmadığı barədə qeydə də münasibət bildirib. Onun sözlərinə görə, həm Ağsaqqallar Şurası, həm də AKU artıq SQ Yardım Fonduna pul köçürüblər. Nəyə görə bu məlumatların açıq informasiya mənbələrində olmamasına gəlincə, bildirdi ki, belə məlumatların internetdə yerləşdirilməsini təmin etməyi vacib saymayıblar.
Səbəbini biz bilirik. Məsələ burasındadır ki, Eldar Quliyev kimi oliqarxların malik olduqları kapitalın gerçək miqyası barədə cəmiyyətin təsəvvürü ilə onların rəsmi gəlirləri arasında “yerlə göy qədər” fərq var. Ona görə də Eldar kimilərə SQYF-na ianə edən sadə Azərbaycan vətəndaşları kimi adlarının və köçürdükləri pulun məbləğinin üzdə görünməsi sərf eləmir. Daha doğrusu, onlara adlarının rəhbərlik etdikləri qurumların ictimaiyyətin gözündən uzaq kabinetlərdə tərtib olunan daxili cədvəllərində gizlədilməsi sərf eləyir. Niyə hamı görsün və soruşsun ki, niyə bu qədər az?
“Uşaq və gənclərimizin sağlam həyat tərzinə cəlb olunması işinə xidmət etmək” üçün inşa olunan həmin stadionda bir saat oynamaq üçün idman həvəskarlarından 30-60 manat tələb olunması barədə yazılanlara isə AKU-nun (“AKU” abrevuaturası nədənsə bu məqamda adamın yadına ruscadan dilimizə tərcümədə “işğalçı” mənasını verən, “okkupant” yazılıb “akupant” oxunan sözü salır – red.) sözçüsü münasibət bildirməmişdir.
Eldar Quliyev həmişə, elə Milli Məclisə seçkilər keçirildiyi vaxlarda da seçicilərinin, ondan fərqli olaraq qapı-qapı gəzən rəqib namizədlərin qarşısına çıxmaqdan çəkinir, vəkillərini, nümayəndələrini qabağa verirdi. Özünə yaxın mətbuatda söz yayırdı ki, guya seçicilər sırasından kişi xeylağları işdə-gücdə olurlar, çarşablı Maştağa qadınları isə ona qapı açmağa utanarlar. Guya başqa namizədlərin bu nüansı nəzərə almağa kişilikləri çatmır. Halbuki, hörmətli cənab deputat təmsil etdiyi ərazidə kişilərin nəyə görə şənbə-bazar istirahət hüquqlarından yararlanmayıb bir qarın çörəkdən ötrü az qala gecə-gündüz işləməyə məcbur olmalarının səbəbini axtarmalıydı.
Mövzuya qayıdacağıq.
Nyus.Az
272 dəfə oxundu