Hacı Qalıb indi də 20 sot torpağa göz dikib - RƏSMİ

Hacı Qalıb indi də 20 sot torpağa göz dikib -

Seymur Quliyev 10 ilə yaxındır ki, dövlət qurumlarına ayaq döyür. Tələbi də özəl torpağının eks-deputat Qalib Salahzadənin işğalından azad edilməsidir.

2020-ci il dekabrın 1-də onu Bakı Şəhər İcra Hakimiyyətində qəbul ediblər. Bu haqda “Yeni Müsavat”a danışan Seymur Quliyev bildirib ki, qəbulda da bunları deyib: “ İstəyim odur ki, 10 il əvvəl Abşeron yarımadasının Bilgəh yaşayış məntəqəsində yerləşən 20 sot özəl torpağım da Qalib Salahzadənin işğalından azad olunsun. Mənim torpağım işğal olunub. Ermənilər Qarabağda bizim rayonlarda evləri yerlə bir etdikləri kimi, Qalib Salahzadə də Bilgəhdə mənim evlərimi yerlə bir edib. Ermənilər orada camaatımızın mal-mülkünü, uşaqlarının oyuncaqlarını talayıb apardıqları kimi, mənim də Bilgəhdəki evlərim dağıdılmazdan əvvəl talan olunub. Bu işğala son qoyulmalıdır”.

Seymur Quliyevin Bilgəh qəsəbəsində yerləşən 2 və 3 mərtəbəli evləri Qalib Salahzadə tərəfindən dağıdılıb, özəl mülkiyyəti zəbt olunub. Deyir ki, torpağı zəbt ediləndən sonra Qalib Salahzadə böyük saxtakarlıqlara əl atıb, dövlət qurumlarına saxta sənədlər təqdim etməklə özəl mülkiyyətində olan torpağı qanunsuz olaraq gəlini Xatirə Allahşükür qızının adına rəmiləşdirib. Əraziyə gedən yolu da qanunsuz olaraq darvaza qoymaqla bağlayıb: “Ermənilər Kəlbəcərdə Söyüdlü kəndinə darvaza qoymuşdular, bax həmin darvazadan birini də Qalib Salahzadə mənə məxsus, işğal etdiyi özəl mülkiyyətimə gedən yolda qoyub. Hazırda həmin ərazidən pullu dayanacaq kimi istifadə edilir. Azərbaycan dövləti vətəndaş olaraq mənim də özəl torpağımı işğaldan azad edib mənə qaytarsın. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi 2 dəfə bu gün Qalib Salahzadənin işğalı altında olan torpağın mənə, Azərbaycan vətəndaşı Seymur Quliyevə məxsus olmasını təsdiq edən qərar verib. Bundan başqa, Baş Prokurorluq torpaq sahəsinin mənə, Azərbaycan vətəndaşı Seymur Quliyevin sahibliyinə qaytarılması üçün göstəriş verib. Amma həmin göstəriş də icra edilməyib”.

Seymur Quliyev deyir ki, özəl əmlakını işğal edən Hacı Qalib Salahzadə Azərbaycan qanunlarını saymır, konstitusiyanın tələblərinə məhəl qoymur. Seymur Quliyev deyib ki, dekabrın 1-də Bakı Şəhər İcra Hakimiyyətində olarkən ona bildirilib ki, məsələ çox yaxın zamanda həllini tapacaq: “Dedilər ki, Eldar Əzizov məsələni nəzarətdə saxlayır”.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında Baş Prokurorluq eks-deputat Hacı Qalib Salahzadənin qanunsuz olaraq bağladığı yolun açılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin başçısına məktub ünvanlayıb. Məktubda Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Aslan Salahzadə küçəsi döngə 21, ev 2, ev 1 ünvanlarına və dəniz çimərliyinə gedən yolun açılmasının təmin edilməsi istənilib. O dövrdə məktubun yazılmasına səbəb Bilgəh qəsəbə sakinləri Seymur Quliyev, Nurid Əliyev və 35 vətəndaşın imzası ilə Baş Prokurorluğa ünvanladıqları müraciət olub. Müraciət müəllifləri qeyd edib ki, sabiq deputat Qalib Salahzadə yolu kəsərək dəmir darvaza qoydurub və şlaqbaum quraşdırıb. Yola maneələr qoyub. Vətəndaşlar xahiş ediblər ki, həmin maneələrin götürülməsi üçün əməli tədbirlər görülsün. Qalib Salahzadənin barəsində Daxili İşlər Nazirliyi (DİN) İstintaq İdarəsinin Ağır Cinayətlərin İstintaqı İdarəsində araşdırma aparılıb. Hacı Qalib Salahzadə vətəndaş Seymur Quliyevin 3 və 2 mərtəbəli evlərinin, həyətdəki ağacların, su quyusunun dağıdılması işi üzrə dindirilib. Seymur Quliyevin iş üzrə zərərçəkən kimi tanınması da 2 il əvvəl olub. Seymur Quliyev deyir ki, Qalib Salahzadədən saxta sənədlə bağ torpaq sahəsi satmaqda iştirakçılıq işi üzrə də ifadə alınıb: “Fakt üzrə Cinayət Məcəlləsinin 186-cı - əmlakı qəsdən məhv etmə və ya zədələmə və 188-ci - torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma maddələri ilə cinayət işi araşdırıldı. İş üzrə Cinayət Məcəlləsinin 259-cu - qanunsuz ağac kəsmə və 320-ci - rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə maddələri ilə də araşdırma aparılıb”.

Seymur Quliyev deyir ki, Qalib Salahzadə Milli Məclisin deputatı olduğu dövrdə vətəndaş olaraq onun mülkünü zəbt etməklə qanunları saymadığını ortaya qoyub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
82 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...