Naxçıvanda çörəyin qiyməti 50 faiz bahalaşdı

Naxçıvanda çörəyin qiyməti 50 faiz bahalaşdı
Naxçıvanda çörəyin qiyməti növbəti dəfə bahalaşıb. Çəkisi 280 qram olan çörək qısa müddət ərzində 30 qəpikdən 45 qəpiyə qalxıb. Bu haqda “Gündəlik Naxçıvan”a yerli sakinlər məlumat verib. Onların sözlərinə görə, həmin çörək son bir həftədə öncə 40, sonra 45 qəpikdən satılmağa başlayıb. Sakinlər ehtimal edir ki, bu gedişlə qiymət tezliklə 50-60 qəpiyi ötəcək.

Gundeminfo.az xəbər verir ki, bu barədə "Gundəlik Naxçıvan xəbər verib ki, təhlükəsizliyi baxımından adının çəkilməsini istəməyən satıcılardan biri deyir ki, bahalaşma əhali arasında ciddi narazılıq yaradıb:

"Çörək alanlar bahalığa görə bizi günahlandırır, narazılıqlarını bizə bildirirlər. Bizdə isə günah yoxdur. Baha verirlər, biz də üstünə qəpik-quruş qoyub, satırıq. Nə edirlərsə, monopoliyada olan çörək sexləri edir. Fürsətdən istifadə edib, ikiqat bahalandırırlar. Monopoliyaya görə, Naxçıvanda çörəyin qiyməti həmişə Bakıdan baha olub.
Çünki orada fərqli çörək sexləri var, az da olsa rəqabət var. 550 qramlıq çörək hazırda Bakıda 65-70 qəpikdir. Çəki ilə götürsək bizdə- Naxçıvanda isə o çəkidə çörəyin qiyməti 90 qəpiyə gəlir. Bu ciddi fərqdir. İmkansız ailələrin vəziyyətini daha da ağırlaşdırır".

Naxçıvan şəhər sakini Əli Cəfərov deyir ki, 5 nəfərdən ibarət olan ailəsində yalnız o işləyir. Şikayətçinin sözlərinə görə, çörəyin qiymətinin bu qədər artması onun kimi kasıb ailələrin büdcəsinə ciddi ziyan vurur:

“Onsuz da vəziyyətimiz ağırdır. Ötən illə müqayisədə ərzaq mallarının qiymətlərində xeyli artım var. Kasıbın ümidi çörəyə qalıb. Məktəblər də açılır. İki övladım məktəbə getməlidir. Onların da xərci var. Məcbur qalıb bankdan kredit də götürmüşəm. Onu da qaytarmaq lazımdır. İndi nə edəcəyimi bilmirəm. Heç olmasa kasıbların gözünün dikəcəyi olan çörəyin qiymətini qaldırmasınlar. Bu gedişlə yavan çörəyi də alıb, doyunca yeyə bilməyəcəyik".
Naxçıvan MR İqtisadiyyat Nazirliyindən məsələ ilə bağlı "Gündəlik Naxçıvan"ın suallarını cavablandırmaq istəmədilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
421 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...