"Azərlotoreya" orta məktəblərə soxulur - qumarı təhsilə daşıyırlar

GUNDEMİNFO.AZ xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında təhsil eksperti Nabatəli Qulamoğlu deyib.
Ekspert bildirib ki, orta ümumtəhsil məktəblərində valideyn kollektivi məktəblərin yaxınlığında lotereyaların satışına etiraz etməlidir: “Məktəblərdə valideyn kollektivi toplaşmalı, bu cür lotereya satılan köşkləri məktəblərin ətrafından rədd etməlidir. Məsələn, bizim həyətimizdə uşaqlar üçün oyun maşınları var idi. Gördük ki, balaca uşaqlar ordan əl çəkmirlər, hətta çoxu məktəbdən yayınır, qaçıb ora gedirlər. Hay-küy qaldırıb, oranı bağlatdırdıq. Gedib elə bir yerdə açsınlar ki, məktəblilərə yaxın olmasın. Məktəb tərbiyə anklavıdır. İnsanlar hamısı məktəbdən nümunə götürür. Nümunə götürülən yerdə gedib lotereya satarlar, qumar oynayarlar? Belə şey olarmı? Lotereya qumardır, bunun başqa adı yoxdur ki. Başqa ölkələrdə deyə bilmərəm, xüsusən Azərbaycanda lotereya qumardır. Çünki başqa ölkələrdə bunun mexanizmini yaradırlar. Təəssüflənməkdən başqa deyəcək sözüm yoxdur. Elm və Təhsil Nazirliyi də bununla bağlı mütləq addım atmalıdır. Təhsil siyasətini aparan kimdir? Nazirlikdir də. Nazirlik təhsil siyasətini aparır ki, birinci növbədə vətəndaş yetişdirsin. Əgər Nazirlik qumarbaz vətəndaş yetişdirəcəksə, onda nə Təhsil Nazirliyidir? Təhsil naziri təcili məktub hazırlamalı, ölkənin hüquq-mühafizə orqanlarına bu barədə məlumat verməli, təcili tədbir görülməsini tələb etməlidir”.
N.Qulamoğlu şəhərin mərkəzi yerlərində kitab satışının icazə verilməməsinə də münasibət bildirib: “Müsahibəmin ilk cümləsi burda öz təsdiqini tapır. Məsələ burasındadır ki, lotereya satışını həyata keçirənlər Bakı Şəhər İcra Hakimiyyətinə böyük pullar verirlər. Kitabdan axı o qədər qazanc da yoxdur, kimə pul versinlər? Məsələ yalnız korrupsiyadadır. Başqa bir yolu yoxdur. Ölkənin bütün tərbiyə sistemini pozan, məhv edən korrupsiyadır”.
492 dəfə oxundu