Sədr 7800 manatlıq dələduzluq ittihamından danışdı: “Toydan sonra qardaşım dedi ki...”

Sədr 7800 manatlıq dələduzluq ittihamından danışdı:

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə ona qarşı irəli sürülən 7800 manat dələduzluq və rüşvət ittihamına aydınlıq gətirib.

Sədr aznews.az-a açıqlamasında ona qarşı irəli sürülən ittihamı əsassız hesab edir və bütün bunların başında qardaşının sabiq həyat yoldaşı Həcər Kəngərlinin dayandığını deyir:

"3 ildir ki, bu mübarizədəyəm. Biri var mübarizən yadlarla olsun, biri də var evinin içi ilə. Adam bilmir hansı addımı atsın, hansı qərarda dayansın. 3 ildir ki, bütün rahatlığım əlimdən alınıb. Bütün bunların arxasında qardaşımın keçmiş həyat yoldaşı Həcər Kəngərli dayanır. Hamı kimi biz də toy edib evimizə gəlin gətirdik, daha demədik ki, evimizə düşmən çəpəri olsun. Toydan sonra qardaşım mənə dedi ki, "bəs, Kamalə, Həcər evdə darıxır. Bəlkə ona da yanında bir iş verəsən, başı qatılsın”. Mən də onu qırmadım. Dedim gəlsin baxaram. Doğrudan da işinin öhdəsindən yaxşı gəlirdi. Savadlı bir kadr idi. Bir müddətdən sonra Həcərlə qardaşım arasında problem yarandı. Ailə məsələsidir deyə, biz qarışmadıq. Nəsə, 2015-ci ildə onunla qardaşımın yolları ayrıldı. Ondan sonra Həcər burdan da işdən ayrıldı. Amma gedərkən eyni zamanda məni də hədələdi. Dedi ki, "qardaşının mənə 5 min borcu var. Ya onu, ya da mənə evindən pay verəcəksən”.

Birliyin Qlobal Fondun ''Zərərin azaldılması proqramı'' layihəsində Həcərlə birlikdə 9 əməkdaş vardı. Həmin layihə 2015-ci ilin avqustunda rəsmi olaraq bağlanır. Amma əməkdaşlar yanvar ayından avqust ayına qədər könüllü olaraq həmin layihənin işlərini davam etdirirlər. O arada layihənin əməkdaşlarının maaşları gecikirdi. Hətta o aralarda 8 aya yaxın maaş ala bilmədilər. Amma mən borc alıb onların hamısının əmək haqqını verirdim. Həcər bilirdi ki, mən həmin pulu işçilərə Ədliyyə Nazirliyi və Daxili İşlər Nazirliyində işləyən dostumdan alıb verirəm. Həcər bunu mənim əlehimə istifadə etməyə başladı. Guya bu pullar rüşvətdir”.

Kəmalə Ağazadə qeyd edib ki, gəlinləri layihənin iki əməkdaşını dilə tutub öz tərəfinə çəkib: "Deyib ki, "Kəmalə bizim adımızdan 1 milyona yaxın pul mənimsəyib”. Ancaq hər bir əməkdaşın VÖEN-i və bank hesabı var. Bu baxımdan kiminsə yerinə imza atıb onun əmək haqqını mənimsəmək mümkin deyil. Bundan əlavə həmin layihə ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatından da, Qlobal Fond "Zərərin Azaldılması Proqramı” da yoxlama aparıb. Niyə yoxlama zamanı bu faktlar aşkarlanmayıb? Niyə əməkdaşların biri belə yeyinti ilə bağlı həmin yoxlamaya heç nə deməyib? Həcər 3 il ərzində barəmdə yazmadığı şər-böhtan qalmadı, daha haralara yazmadı, kimlərin qapısını döymədi... Qalaq-qalaq şikayət ərizələri yazıb ayrı-ayrı dövlət qurumlarına göndərib. Dəfələrlə Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə şikayət ərizəsi yazıb. Sonra 2016-cı ildə Binəqədi RPİ-nin 7-ci Polis bölməsinə guya mən və ailə üzvlərim onun anasını və bacısına hədə-qorxu gəlməyimiz barədə şikayət göndərmişdi. Hamısı da əsassız. 2016-cı ilin aprel ayının 26-da təşkilatın işçisi Xətamət Binyətovanı Məlahət Abbasovanın evində yazılan səsyazmalarla hədələyib. Buna görə Xətamət Binyətova DİN-ə və Azərbaycan Uşaqları İctimai Birliyinə şikayət ərizəsi göndərib və DİN İAQMBİ-də araşdırma aparıldıqdan sonra H.Kəngərliyə təhdidlərinə son qoyması barədə xəbərdarlıq edildi. Təşkilatın əməkdaşları Vasif Akifli və Fariz Əsgərovu da hədələyib və onlar da DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə şikayət ərizəsi ilə müraciət ediblər. Şikayətlər yoxlanıldıqdan sonra Həcər Kəngərli və Məlahət Abbasova qurumun 14 iyul 2016-cı il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin "C" bəndinə müvafiq olaraq tutduqları vəzifələrdən kənarlaşdırılıb. Rüşvətxor, dələduz olsaydım, Həcərin istədiyini verərdim. Amma bilirdim ki, bunun arxasında bir qisas var və bu qisası Həcər qardaşımdan deyil, məndən alır. Onun bu çirkin oyunlarına alət olmadım. Çalışdığım müəssisənin nüfuzuna xələlə gətirməmək üçün 2016-cı ilin martında İnsan Alveri Qurbanları üçün Sığınacağın direktoru vəzifəsindən azad olundum. Oradan ayrılsam da bu gün qurumun bütün tədbirlərində yaxından iştirak edirəm. Həcərin şantaj əməlləri bununla bitmir. O, sığınacaqda qalmış Nuranə Məmmədova adlı bir qadını da şantaj edib. Qadının uşaqlarının aliment sənədlərini əlindən alıb ki, mənə qarşı istədiyi şikayət ərizəsini yazdırsın. Qadın sonradan həmin ərizəni Həcərin şantajı əsasında yazdığını etiraf etdi”.

Birlik sədri bu qədər şantaj-böhtana baxmayaraq, Həcər Kəngərliyə qarşı qarşılıqlı iddia qaldırmamasının səbəbini də açıqladı: "Bu, mənim ailə məsələm idi. İstəmirsən ki, ailə məsələn cəmiyyətə çıxsın. Yəni belə olan zaman məsələ bir az da dərinləşir. Fikirləşdim ki, ailə üzvü olub, necə olmasa, zamanla sakitləşər. Onun mənə etdiyi haqsızlıqlardan usandım. Həcər anlamadı ki, sədri olduğum birlik elə-belə bu yerə çatmayıb, böyük zəhmət qoymuşam. Burada 36 uşaq var və onların 24-ü rəsmən mənim qəyyumluğumdadır. Mən heç yerdən maliyyə almıram. Amma uşaqlara görə dövlət vəsait verməlidir, mənsə o puldan imtina etdim. Hazırda əməkdaşlarım Beynəlxalq Miqrasiya Xidmətinin "Məişət zorakılığı və İnsan Alveri Qurbanlarının Reinteqrasiyası" adlı layihədən maaş alır. O da başa çatdıqdan sonra hərə bir tərəfə dağılacaq. Burada bir mən qalacam, bir də nəzarətçi. Nə yaxşı ki, Azərbaycanda yaxşı və imkanlı şəxslər var. Biz onların gücü ilə ayaqdayıq”.

Qeyd edək ki, "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə dələduzluqda və rüşvət almaqda ittiham olunur. Birlik sədri Cinayət Məcəlləsinin 308.1 178.3.2 (dələduzluq külli miqdarda törədildikdə) maddələri ilə ittiham edilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
826 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...