Polkovnikin və oğullarının mülkləri siyahıya alınacaq- vəzifəli şəxslərin adı keçən dələduzluq işi

Polkovnikin və oğullarının mülkləri siyahıya alınacaq-

Həbsdə olan polkovnikin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Sahib Şükürovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hakim təqsirləndirilən şəxsin əmlaklarının siyahıya alınması ilə bağlı Əmlak Məsələləri üzrə Dövlət Komitəsinə sorğu göndərilməsi ilə bağlı qərar çıxarıb. Həmçinin onun iki oğlunun adına olan əmlakların da müəyyənləşdirilməsini istəyib. Hakim daha sonra həmin əmlakların üzərinə həbs qoyularaq müsadirə ediləcəyini və zərərçəkmişə vurulan ziyanın ödəniləcəyini bildirib.


Qeyd edək ki, bu işdə adı keçən Natiq Məmmədov hələ də axtarışdadır.

Cinayət işində adı keçən Əli Kərimbəylinin də məhkəməyə çağırılaraq dindirilməsi tələb edilir.

Çünki, məhkəmədə Sahib Şükürovdan İlqar Əliyevi aldatması epizodu soruşulanda o Əli Kərimbəylinin adını çəkmişdi. Məlum olub ki, S.Şükürov İlqar Əliyevdən 49 min manat alaraq onu Nazirlər Kabinetində işə düzəldəcəyini deyib.

S.Şükürov bunu təsdiqləyir: "Vaxtı ilə mənim əsgərim olan Xəqani məndən xahiş elədi ki, İlqar Əliyevi işə düzəldək. Mən də Natiq Məmmədovdan xahiş etdim. Mənim əlaqələrim, köhnə dostlarım var idi. Natiq Məmmədov Heydər Əliyev Fondunda işləyirdi. Natiqi də yerlim Qədir Sultanov vasitəsi ilə tanımışdım. Natiqlə görüşdüm. Dedi ki, maraqlanıb deyərəm. O da məni Əli adlı bir şəxslə görüşdürdü. Prezident Administrasiyasının arxasında görüşdük. Həmin görüşə Natiq də gəldi. Əli dedi ki, iş 50 minə düzələr. Mən də İlqargildən 33 min dollar aldım. 30 min dolları Əliyə verdim".

Xatırladaq ki, S.Şükürov iki epizod üzrə təqsirləndirilir. Digər epizod isə Xanımbacı İsmayılovanın aldadılmasıdır. S.Şükürov Xanımbacı İsmayılovanın qızını həbsdən çıxaracağı adı ilə 800 minə yaxın pulunu alıb.

Sahib Şükürov bu əməlini də etiraf edir. O, bu işi də əsgəri olan Xəqanidən eşitdiyini deyib: "Məndən kömək istədilər. İş düzələcəyi halda mənə hörmət edəcəkdilər".

S.Şükürov bu işi həll etmək üçün Naxçıvan Gömrük Komitəsinin sabiq sədri, 73 yaşlı Telman Əliyevlə görüşüb.

Bildirək ki, ki, Xanımbacı İsmayılovanın qızı Həcər Quliyeva və nəvəsi Sahin Quliyev hazırda həbsdədir. Onlar "Bizim market" mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həbs ediliblər.

Həcər Quliyeva iş adamının baldızıdır. İş adamı hüquq-mühafizə orqanlarına müraciət edərək Həcər Quliyeva və oğlu Sahib Quliyevin onun milyonlarla dəyəri olan əmlakını ələ keçirdiklərini bildirmişdi. Xatırladaq ki, məhkəmənin hökmü ilə Sahib Qiliyev 11 il, Həcər Quliyeva isə 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, S.Şükürov 1958-ci ildə Səbirabad rayonunda anadan olub, Bakı şəhərində qeydiyyatdadır. Sabiq hərbi qulluqçu, ehtiyatda olan polkovnik olan S.Şükürov əvvəllər də eyni maddə ilə həbs edildiyi və bir neçə illik azadlıqdan məhrum olunduğu bilinir.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham edilir. Sahib Şükürov hər iki işin həlli üçün yüksək vəzifəli şəxslərlə danışıqlar aparıldığını, bəzilərinə pul verildiyini deyir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
784 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...