Hüseyn Abdullayevdən xəbər var

Hüseyn Abdullayevdən xəbər var

1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan sabiq deputat Hüseyn Abdullayev vəkili ilə görüşüb.

Gundeminfo.az xəbər verir ki, bu barədə Trend-ə vəkil Ruhid Əkbərov məlumat verib. Müvəkkili ilə mütəmadi olaraq görüşdüyünü deyən vəkil bildirib ki, H.Abdullayevin saxlanma şəraiti və səhhətindən narazılığı yoxdur: "Saxlanma şəraiti, səhhəti ilə bağlı heç bir şikayəti yoxdur. Qanunvericiliyə uyğun olaraq bütün hüquqları qorunur”.

Vəkilin sözlərinə görə, hazırda istintaq davam edir.

O qeyd edib ki, H.Abdullayevə qarşı irəli sürülən ittihamlarla bağlı yaxın günlərdə ictimaiyyətə açıqlama verəcək.

Qeyd edək ki, Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun birgə məlumatına görə, "Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb, cəmiyyətin fəaliyyətinə faktiki rəhbərlik etmiş Abdullayev Hüseyn Abbas oğlu iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, Azərbaycan ərazisindən kənarda istintaqdan gizləndiyi üçün barəsində məhkəmə qərarı əsasında həbs qətimkan tədbiri seçilməklə "İnterpol” xətti ilə beynəlxalq axtarış elan olunub.

3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevə ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılıb.

Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycanın hüquq-mühafizə orqanlarına təhvil verilib.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
755 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...