Abşeron rayonunda evdən və marketdən oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Abşeron rayonunda evdən və marketdən oğurluq etmək istəyən şəxslər saxlanılıblar

Bu gün dünyada idman ölkəsi kimi tanınan Azərbaycanda bu sahəyə, o cümlədən idmançılara, eləcə də veteran idmançılara yüksək diqqət və qayğı göstərilir. Bu yaxınlarda 85 illik yubileyini qeyd edəcək veteran idmançı, güləş ustası, çoxsaylı turnirlərin qalibi olmuş Rafiq Rəhimov ölkəmizdə idmanın inkişafı, bu sahəyə, o cümlədən idman veteranlarına göstərilən yüksək diqqət və qayğı ilə bağlı AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

– Rafiq müəllim, ilk növbədə 85 illik yubileyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, möhkəm cansağlığı arzu edirik.

- Təbriklərinizə görə dərin minnətdarlığımı bildirməkdən şərəf duyuram. Əminəm ki, veteran idmançılarla hazırlanan müsahibələr gənc nəslin formalaşmasında, onların idmana marağının artmasında mühüm amil olaraq sağlam həyat tərzi sürmələri, gələcəkdə idman sahəsində nailiyyətlər əldə etməkləri üçün gözəl zəmin yaradır.

– İstərdik idmana gəlişiniz barədə məlumat verəsiniz. İdmana gəlişiniz necə baş verdi və peşəkar səviyyədə güləşlə məşğul olmağı nə zaman qərara aldınız?

- Mən 1934-cü ildə Bakıda anadan olmuşam. Orta məktəbdə oxuduğum müddətdə Azərbaycanda yeniyetmələr arasında məşhur idman növü olan güləşə maraq göstərməyə başladım. On dörd yaşımdan “Dinamo” Könüllü İdman Cəmiyyətində güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Maxaradzenin rəhbərliyi ilə fəaliyyət göstərən klassik (Yunan-Roma) güləş üzrə idman bölməsinə yazıldım. Güləş ilə məşğul olduğum yeniyetməlik dövründə Bakı və “Dinamo” Könüllü İdman Cəmiyyəti üzrə 18 yaşlılar arasında çempion adına layiq görüldüm, respublika səviyyəsində keçirilən müxtəlif yarışlarda mükafatçılar sırasında yer aldım.

– Bilirik ki, orduda xidmət etdiyiniz illərdə də idmanla məşğul olmusunuz. Bu da bizim üçün maraqlı olardı.

- Bakı şəhəri diviziyasına hərbi xidmətə çağırıldıqdan sonra Ordu İdman Klubu (OİK) sıralarında idmançı kimi fəaliyyətimi davam etdirdim. Bu klubun heyətində respublika birinciliyində ikinci və üçüncü yerləri tutdum, Azərbaycan çempionu adını qazandım. Çempion titulunu qazandıqdan sonra Azərbaycan yığma komandasına dəvət edildim və həmin vaxtdan komandanın üzvü kimi yarışlarda iştirak etdim. Bununla yanaşı, Zaqafqaziya Hərbi Dairəsi üzrə Tbilisidə keçirilən və Azərbaycanın OİK yığmasının iştirak etdiyi yarışda ən yüngül çəki dərəcəsində üçüncü yer tutaraq İdman ustası normativini yerinə yetirdim.

– Bəzən idmançılar müəyyən uğur qazanandan sonra əvvəlki kimi həvəsli olmurlar. Bəs, sizdə necə oldu, hərbi xidmətdən qayıtdıqdan sonra güləşə marağınız azalmadımı?

- Xeyr, əksinə daha da artdı. 1957-ci ildə həqiqi hərbi xidmət müddəti başa çatdıqdan sonra doğma “Dinamo” klubunda fəaliyyətimi davam etdirdim. İdman ustalığıma qiymət verən klub rəhbərliyi məni Kazanda SSRİ Ordu İdman klubları arasında keçirilən yarışlarda iştirak üçün yığma komandaya dəvət etdi. Qeyd etmək lazımdır ki, bu yarış əhəmiyyətinə görə SSRİ birinciliyi ilə eyni səviyyədə hesab olunurdu. Yarış zamanı altı güləşçini təmiz qələbə (tuşe) ilə məğlub etdiyimə görə üçüncü yeri tutaraq Sovet İttifaqının yığma komandasına dəvət aldım. Həmin vaxtdan müxtəlif səviyyələrdə keçirilən yarışlarda SSRİ yığmasının üzvü kimi iştirak edirdim.

Sevinc və fəxr hissi ilə deyə bilərəm ki, güləşçi olduğum müddətdə Olimpiya Oyunlarının gümüş mükafatçısı Rəşid Məmmədbəyov, dünya və Avropa çempionu Aydın İbrahimov, SSRİ çempionları Musa Babayev, Muxtar Dadaşov, İmrahimpaşa Dadaşov, Rəhim İsmaylov kimi adlı-sanlı idmançılarla birlikdə güləş ilə məşğul olmuşam.

– Rafiq müəllim, necə fikirləşirsiniz, məğlubiyyətə uğramaq mümkünsüz olduğu təqdirdə xalça üzərinə çıxmaq çətindirmi?

- Sovetlər İttifaqı dövründə dünya, Avropa və ya Olimpiya Oyunlarına vəsiqə qazanmaq olduqca çətin idi. O zaman Azərbaycan çempionu, ümumittifaq turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı olmaq olduqca şərəfli və hörmətli sayılırdı. Lovğalıq etmədən deyə bilərəm ki, əldə etdiyim nailiyyətlər və cavan yaşında İdman ustası olmağım valideynlərim, məhəllə uşaqları və azarkeşlər arasında məsuliyyətimi daha da artırır, hər zaman qələbə qazanmağa vadar edirdi. Yalnız xəstələnməyim və ya ciddi zədə nəticəsində baş verən ağrılar xalça üzərində məğlubiyyətə səbəb ola bilərdi. Lakin bütün idmançılar bilirlər ki, hər bir çətinlik olduğu təqdirdə də görüş layiqincə və ləyaqətli sona çatdırılmalıdır.

– İdmanın xalçadan kənar da sizə köməyi olubmu?

- Bəli, çox köməyi olub. Məsələn, orta və ali təhsil aldığım müddətdə güləşlə məşğul olmağım mənə üstünlük verirdi. Məktəbin müdiriyyəti və institut rəhbərliyi keçirilən bütün kütləvi-istirahət tədbirləri zamanı nizam-intizamın təmin edilməsi, gecənin müsbət ovqata köklənməsi, eləcə də “çətin” tələbələrin fəallaşmasına yol verilməməsi üçün mənim imkanlarımdan istifadə edirdi. Kədərləndirici hal o idi ki, tədbirlərin çoxu mənim üçün giriş qapısı önündə və ya dəhlizdə keçirdi. Müsbət tərəfi də ondan ibarət idi ki, rəhbərliklə yaranan xoş ünsiyyət və işgüzar münasibətlər tələbə yoldaşlarımın bəzi problemlərinin aradan qaldırılmasına yardım edirdi.

Gücün tətbiqinə gəldikdə isə deyə bilərəm ki, uşaqlıqda davakar olduğuma baxmayaraq, idman məndə qarşı tərəfə hörmətlə yanaşmaq hissləri formalaşdırdığı üçün əsassız və səbəbsiz toqquşmalardan çəkindirirdi. Yalnız haqsızlığı görüb müdaxilə etmişəm, özümün və dost-tanışların müdafiəsi məqsədilə bəzi hallarda gərginliyi zəiflətmək üçün güləşin müxtəlif mübarizə üsullarından məcburi istıfadəyə yol vermişəm.

– Bəs məşqçi kimi fəaliyyət göstərmək arzunuz olubmu?

- Xalq Təsərrüfatı İnstitutunun bədən tərbiyəsi kafedrasında klassik güləş üzrə məşqçi kimi fəaliyyət göstərərək güləşə marağı olan tələbələri respublika miqyaslı yarışlara hazırlayırdım. Tələbələrim arasında bədən tərbiyəsindən əla qiymət alan və 79 kiloqram çəki dərəcəsində böyük nailiyyətlər qazanan, sonradan isə institutun rektoru vəzifəsində çalışmış Ə.Həsənov da olub. Daha sonra “Ehtiyat Əmək Qüvvələri” Könüllü İdman Cəmiyyətinə məşqçi kimi dəvət edildim. Cəmiyyətdə çalışdığım dövrdə bir çox güləşçini, o cümlədən ən yüngül çəki dərəcəsində SSRİ çempionu olan K.Ağayevin yarışlara hazırlıq mərhələsində yaxından iştirak etmişdim.

Bundan əlavə, 1960-cı ildən sonra Respublika dərəcəli hakim adını aldıqdan sonra idman hakimi kimi də fəaliyyət göstərmişəm. Azərbaycan birinciliyi uğrunda respublikamızın müxtəlif şəhərlərində yunan-Roma və sərbəst güləş üzrə yarışlarda iştirak etdikdə hər zaman baş hakim, və ya baş katib təyin olunmuşam. Yarışlarda hakimliyi yüksək səviyyədə yerinə yetirdiyimə görə müxtəlif mükafatlarla təltif edilmişəm.

- Bildiyimə görə, müəyyən dərəcədə sizi həmkar da saymaq olar?

- Bəli, ötən əsrin 60-cı illərinin ortalarında idman jurnalistikası ilə də məşğul olmuşam. Mənim güləş və bu idman növü üzrə keçirilən yarışlar haqqında məqalələrim respublikanın mərkəzi mətbu orqanlarının səhifələrində dərc edilib. Bir sıra qəzetlərdə idmana həsr olunan xüsusi guşələrdə güləşlə bağlı şərhlərim də yer alırdı.

– Hazırda idman, xüsusən də güləşin inkişafı ilə bağlı görülən işlər barədə nə deyə bilərsiniz?

- Hazırda idman hərəkatının genişləndirilməsi sahəsində əldə edilən nailiyyətlər və həyata keçirilən mühüm tədbirlər, habelə bu sahənin inkişafı üçün yaradılmış imkanlar bədən tərbiyəsi və idmanı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevirib. Ölkə rəhbərliyi tərəfindən həyata keçirilən mühüm islahatların müsbət nəticəsi olaraq respublika ərazisində nəhəng infrastruktur yaradılıb, beynəlxalq standartlara cavab verən idman kompleksləri, stadionlar və arenalar inşa edilib. Ölkəmizin bu sahədə əldə etdiyi nailiyyətlərin sürətlə artması dövlətimizin idmana diqqət və qayğısının təzahürüdür. Baxın, birinci Avropa və IV İslam Həmrəyliyi oyunları, eləcə də müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatları kimi irimiqyaslı və mötəbər yarışlara yüksək səviyyədə ev sahibliyi etməsi Azərbaycanın dünyanın idman mərkəzlərindən birinə çevrildiyini göstərir.

Xüsusi qeyd etmək istəyirəm ki, bu gün ölkə rəhbərliyinin idmanın inkişafına dair uğurlu siyasətinin yüksək səviyyədə həyata keçirməsində, bu sahədə qarşıda qoyulan vəzifələrin icrasında, o cümlədən güləş üzrə nailiyyətlərin əldə edilməsində Gənclər və İdman Nazirliyinin, şəxsən nazir Azad Rəhimovun əməyi böyükdür.

Dövlətin veteran idmançılara göstərdiyi diqqət də ictimaiyyət, o cümlədən mənimlə ünsiyyətdə olan idmançı dostlar və sadə azərbaycanlılar tərəfindən müsbət qarşılanır. İdman sahəsində göstərdiyim xidmətə yüksək qiymət olaraq, 2014-cü ildə mənə “Fəxri idmançı” adı verilib. 2018-ci ildə isə bədən tərbiyəsi və idmanın inkişafında göstərdiyim xidmətlərə görə Gənclər və İdman Nazirliyi tərəfindən Fəxri diplom ilə təltif edilmişəm.

– Övladlarınız və nəvələriniz arasında davamçılarınız, güləşə marağı olan varmı?

- Təəssüf ki, üç oğlumdan heç biri peşəkar səviyyədə idmanla məşğul olmayıb. Böyük oğlum diplomatdır, Xarici İşlər, digəri Ədliyyə, kiçiyi isə Vergilər nazirliklərinə fəaliyyət göstərirlər. Müxtəlif dövrlərdə həvəskar olaraq üzgüçülük, boks və tennisə maraqları var idi. İki oğlum hətta vaxtı ilə basketbol üzrə Bakının yeniyetmələrdən ibarət yığmasının üzvləri olub. Lakin idmançı olmasalar da, zənnimcə, hər biri seçdikləri sahə üzrə yaxşı mütəxəssislərdir. Onlar peşəkar fəaliyyətlərində müəyyən nailiyyətlər əldə edə biliblər. Onu deyə bilərəm ki, hazırda oğlan nəvələrim futbol, basketbol və şahmata böyük maraq göstərirlər.

– Bu gün yeniyetmələrə və gənclərə nə tövsiyə edərdiniz?

- Bu gün Azərbaycanda bütün sahələrdə olduğu kimi, idmanda da təcrübəli və perspektivli kadrlar var. İdmançılarımızın son nailiyyətləri valehedicidir. Mən onlara yalnız müvəffəqiyyət və yeni qələbələr arzu edə bilərəm. Hər zaman mavi ekran qarşısında idmançılarımızın iştirak etdikləri yarışları izləyərək qələbə anını həyəcanla gözləyirəm. Azərbaycanın dövlət bayrağı yüksəklərə ucaldıqda hər birimiz kimi mən də sonsuz qürur hissi keçirirəm. Həmin anlarda ulu öndər Heydər Əliyevin məşhur “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamını xatırlayıram.

– Rafiq müəllim, maraqlı və səmimi söhbətə görə təşəkkür edirəm.

- Çox sağ olun. Sizə və agentliyinizin bütün əməkdaşlarına uğurlar arzulayıram.

Abşeron rayonunda evdən və marketdən oğurluq etmək istəyən şəxslər saxlanılıblar
Abşeron rayonunda evdən və marketdən oğurluq etmək istəyən şəxslər saxlanılıblar



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...