"Yeməyə çörək tapmırdım, mağazaya min manata yaxın borcum vardı..." böyrəyini satanların məhkəməsi

"Yeməyə çörək tapmırdım, mağazaya min manata yaxın borcum vardı..."

Bakı Ağır Cinayətlər Məhkəməsində son dövrlərin ən qalmaqallı məhkəmə işlərindən biri - “qara transplantologiya” ilə məşğul olmaqda təqsirləndirilən, böyrək çatışmazlığından əziyyət çəkənlərlə böyrəyini satmaq istəyənlər arasında vasitəçilik edən 62 yaşlı Ağdam rayon sakini Vahib Xudadatovun cinayət işi üzrə növbəti proses keçirilib. Bu cinayət işində bir müddət əvvəl adı orqan transplantasiyasında hallandırılan və həbs olunan, Tbilisidəki “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının və müxtəlif klinikalar tərəfindən Azərbaycana dəvət edilən Tehrandakı “Xomeyni” xəstəxanasının həkimi Mohsen Tahirinin də adı keçir.

Virtualaz.org-un xəbərinə görə, prosesdə zərərçəkmiş qismində Səid Ağayev dindirilib. O bildirib ki, 2015-ci ilin ortalarından banka 3 min manata yaxın kredit borcu olub. Bank əməkdaşları tez-tez zəng vurub onu narahat edib. Maddi vəziyyəti ağır olduğundan krediti qaytarmaq üçün pul axtarıb. Həmin ərəfədə əmisi oğlu Elman Ağayevlə görüşərkən sonuncu ona öz böyrəyini Sahib (Vahib Xudadatovu nəzərdə tutub. Zərərçəkmişlərin əksəriyyəti onu Sahib kimi tanıyıb-red.) adlı şəxsin vasitəsilə satdığını deyib: “Elmana dedim ki, böyrək istəyən olsa mənə xəbər elə. Bir-iki həftə sonra Elman məni Sahiblə tanış etdi. Sonra bir neçə dəfə telefonla əlaqə saxladıq. On gündən sonra Sahib məni xəstəxanaya apardı, qan analizləri verdim. Böyrəyimi 12 min manata satmağa razılaşdım. Mənə böyrəyimin Pirəli adlı şəxsə köçürüləcəyini dedi”.

"Yeməyə çörək tapmırdım, mağazaya min manata yaxın borcum vardı..."


Zərərçəkmişin ifadəsinə görə, 2015-ci oktyabrında Sahib və Pirəli ilə birgə Tehrana yola düşüb. Tehranda onları Sahibin tanışı olan taksi sürücüsü qarşılayıb və otelə aparıb: “Mohsen Tahiri adlı həkimin yanına getdik, bir neçə analiz verdik, sonra Bakıya qayıtdıq. Sahib mənə əlavə olaraq 200 manat pul verdi. Hər gün zəng vurub harada olmağımla maraqlanırdı. Bir neçə dəfə görüşdük də. Sahib tərəfindən tərtib edilən bütün sənədlərə oxumadan imza atdım. Pulun əməliyyatdan sonra veriləcəyini dedi”.

S.Ağayevin söylədiklərindən belə məlum olub ki, əməliyyat üçün Gürcüstana getməyə hazırlaşıblar. Sahibin dediyi vaxtda hava limanına gəlib. Lakin elə orada da böyrəyini verəcəyi şəxsə yaxınlaşaraq Tbilisiyə getməyəcəyini deyib: “Sahib həmin gün maşınla Tbilisiyə yola düşmüşdü. Hava limanına gəldim, amma əməliyyatdan qorxduğum üçün getmək istəmədim, geri qayıtdım. Bir-iki saatdan sonra Sahib zəng vurub mənə hədə-qorxu gəldi, nalayiq söyüşlər söydü, təcili Tbilisiyə getməyimi tələb etdi. Bir-iki dəfə danışandan sonra qorxumdan telefonu da söndürdüm”.

Digər zərərçəkmiş Şakir Nağıyev ifadəsində 2011-ci ildən paytaxtda kirayədə yaşadığını, fəhləliklə məşğul olduğunu, 2015-ci ildə qəzaya düşdüyünü, kirayə pulunu ödəyə bilmədiyini, işini itirdiyini, bu səbəbdən də məcbur olub rayona qayıtdığını söyləyib: “Həmin vaxtlarda həmkəndlim Elmanla çayxanada görüşdüm. İlk dəfə Sahibi onun yanında görmüşəm. Ümumi söhbət əsnasında Sahib əmisi nəvəsi Pirəliyə böyrək lazım olduğunu dedi. Böyrəyimi satmaq istəyib-istəmədiyimi soruşdu. Mən də bir böyrəyimi 17 min dollara satmağa razılaşdım: “Sahibi taksi sürücüsü kimi tanımışam. Pul söhbətləri Elmanla olub. Pirəlinin anası 12 min dollar verdi, qalan pulun Sahibdə olduğunu, əməliyyatdan sonra verəcəyini dedi. İranda müayinədən keçəndən sonra Tbilisidə “Lanseti” klinikasında əməliyyat olundum. Həkim Tahiri böyrəyimin birini Pirəliyə köçürdü. Pulum ödənilib. Heç bir şikayətim və tələbim yoxdur".

Prosesdə zərərçəkmiş Rüstəm Ramazanov da dindirilib. O, Salyanda internatda böyüdüyünü, maddi vəziyyətinin ağır olduğunu, fəhləlik etsə də dolana bilmədiyini deyib: “Direktorun qorxunc əməllərini görüb internatdan çıxdım. Maddi vəziyyətimiz çox pis idi. Yeməyə çörək tapmırdım. Qardaşım da həbsdə yatırdı. Nisyə aldığım ərzağa görə mağazalara min manata qədər borcum yığılmışdı. Digər tərəfdən, evim olmadığından qaynanamgildə yaşayırdım. O da hər gün evdən çıxmağımı tələb edirdi. Çıxılmaz vəziyyətə düşmüşdüm. Ona görə internetdə elan verib böyrəyimi satmaq istədim. Düşünürdüm ki, bəlkə böyrəyimi satıb ev alaram, borclarımı bağlayaram”.

"Yeməyə çörək tapmırdım, mağazaya min manata yaxın borcum vardı..."


R.Ramazanovun ifadəsinə görə, internetdə elan yerləşdirdikdən bir ay sonra Sahib adlı şəxs ona zəng vurub, görüşmək istədiyini deyib: “Salyandan Bakıya gəlib Sahiblə görüşdüm. Sahib böyrəyimi neçəyə satmaq istədiyimi soruşdu. Dedim ki, 40 min manata satmaq istəyirəm. Bu qiymətin heç kim tərəfindən verilməyəcəyini bildirdi və 12 min təklif etdi, razılaşdım. Sonra məni notariat kontoruna aparıb hansısa sənədlərə imza atdırdı. Sahibə dedim ki, evdə yeməyə heç nə yoxdu. Mənə 100 manat beh verdi. Həmin pula ərzaq aldım. Sonra İrana gedib müayinələrdən keçdim, analizlər verdim. Düşənbə şəhərində əməliyyat olundum. Qayıdandan sonra Sahib pulumu verdi. Şikayətim və tələbim yoxdur".

Məhkəmə prosesi aprelin 26-da davam edəcək.

İttihama görə, Vahib Xudadatov böyrək çatışmazlığından əziyyət çəkən və orqan köçürülməsinə ehtiyacı olan xəstələrlə imkansızlıqdan böyrəyini satanlar arasında vasitəçilik edib. Buna görə hər iki tərəfdən pul alıb. Böyrəyini satanlar sosial şəbəkələrdə, xüsusən də “Facebook”da ortaq tanışlar vasitəsilə tapılıb, xəstələrlə, onların ailə üzvləri ilə görüşdürülüb. Böyrəyini satmaq istəyənlər əvvəlcə paytaxtdakı müxtəlif xəstəxanalarda qan analizi veriblər, sonra hər iki tərəf İranın Tehran şəhərinə - “Xomeyni xəstəxanası”nda çalışan cərrah-transplantoloq Mohsen Tahirinin yanına aparılıb, orada təkrar müayinə olunublar. Müayinədən sonra böyrək köçürülməsi əməliyyatı üçün Gürcüstandakı “Lanseti” klinikasına gediblər. Əməliyyatı Tbilisidə Mohsen Tahiri həyata keçirib. “Lanseti” klinikasının rəhbəri Fərman Ceyranlının həbsindən sonra klinikanın fəaliyyəti dayandırılıb. Bundan sonra əməliyyatlar Tacikistan Respublikasında Səhiyyə və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “İnsan orqanları və toxumaları transplantasiyası Milli Mərkəzi”ndə aparılıb. Əməliyyatları Mohsen Tahiri həyata keçirib. İranlı həkim mütəmadi olaraq özü də Bakıya gəlib, paytaxtdakı klinikalardan birində xəstələri müayinə edib. Böyrək köçürülən xəstənin yaxınları donorla məbləği razılaşdırdıqdan sonra əməliyyat aparılan “Lanseti” klinikasının baş həkimi Fərman Ceyranlıya 8 min, iranlı həkimə isə 10 min dollar pul ödəyiblər. Xəstələrlə donorlar arasında vasitəçilik edən Vahib Xudadatova isə bu xidmətinə görə 500 manatdan 2 min manata qədər pul verilib. Bununla yanaşı, donorlarla böyrəyi alanlar arasında notarial qaydada müqavilə imzalanıb. Həmin müqavilədə göstərilib ki, guya bu adamlar yaxın qohumdurlar, biri böyrəyini digərinə verir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...