Keçmiş məhkum boşandığı arvadını təqib etdi

Keçmiş məhkum boşandığı arvadını təqib etdi

Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını xüsusi amansızlıqla qətlə yetirməkdə ittiham olunan 42 yaşlı Vüsal Məmmədovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Abbas Orucov ifadə verib. İfadəsində mərhum Fəridə Məmmədovanın əri tərəfindən fiziki təzyiqlərə məruz qalması ilə bağlı onlara müraciət etdiyini göstərib. Sonuncunun müraciətləri əsasında V.Məmmədov dəfələrlə inzibati və cinayət məsuliyyətinə cəlb edilib. Amma yenə də əməlindən əl çəkməyib. Tərəflərin suallarını cavablandıran şahid bildirib ki, V.Məmmədov izahatında arvadını əxlaqsızlığa görə döydüyünü desə də, qonum-qonşular mərhum F.Məmmədova haqqında hər zaman müsbət fikir söyləyiblər. Daha sonra prosesdə sənədlərin tədqiqi mərhələsi başlayıb. Məlum olub ki, əvvəllər müxtəlif əməllərə görə dəfələrlə məhkum edilən V.Məmmədov arvadını döydüyü üçün məhkəmə həm qısamüddətli, həm də uzunmüddətli uzaqlaşdırma orderi çıxarıb. Ər-arvad 10 yanvar 2019-cu ildə rəsmi qaydada boşanıblar. Ancaq Vüsal yenə də qadını təqib edərək, öldürəcəyi ilə hədələyib və may ayında cinayəti reallaşdırıb. Məhkəmə prosesi noyabrın 7-də davam edəcək. Qətl hadisəsi bu ilin mayında Sabunçu rayonu, Bakıxanov qəsəbəsində baş verib. 42 yaşlı Vüsal Məmmədov Muxtar Fətəliyev küçəsində yerləşən yaşayış binasının girişində iki azyaşlı oğlunun gözü qarşısında 41 yaşlı həyat yoldaşı Məmmədova Fəridə İsmayıl qızını amansızlıqla qətlə yetirib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda cinayət işi başlanılıb, hadisə yerindən qaçan 1977-ci il təvəllüdlü Məmmədov Vüsal Nizami oğlu tutularaq istintaqa cəlb edilib. Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
512 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...