"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi

"Real TV"nin peyk yayımı lisenziyasına xitam verildi

Milli Televiziya və Radio Şurasının iclası keçirilib.

"Report" xəbər verir ki, iclasda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin peyk yayımı lisenziyasına xitam verilməsi haqqında müraciətinə baxılıb.

Hazırda “Real Təhlil İnformasiya Mərkəzi” MMC-nin ümum-ölkə televiziya yayımı üçün Milli Televiziya və Radio Şurası tərəfindən verilən 23 aprel 2019-cu il tarixli 197 qeydiyyat nömrəli lisenziyaya malik olduğunu, bu lisenziyanın da bütün yerüstü, kabel, peyk, İPTV operatorlarında yayımlanmaq hüququ verdiyini nəzərə alaraq, Şura “Real Təhlil İnformasiya Mərkəzi” MMC-yə peyk yayımı üçün verdiyi 5 mart 2018-ci il tarixdə 186 qeydiyyat nömrəli lisenziyanın ləğv olunması haqqında qərar çıxarıb.

İclasda həmçinin 7-10 may tarixlərində ümum-ölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.

7 may 2020-ci il tarixdə “Xəzər” televiziya kanalının efirində yayımlanan “Qəlb oğrusu” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Xəzər” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 08:00-dan saat 09:00-dək) dayandırılması haqqında qərar qəbul edib.

9 may 2020-ci il tarixdə “ARB” televiziya kanalının efirində yayımlanan “Bakıda küləklər əsir” bədii filmində tütün məmulatından istifadə səhnəsinin aşkar şəkildə yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 40.2.2.-1-ci maddəsinin tələbləri pozulub. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “ARB” televiziya kanalının efirində 18 may 2020-ci il tarixdə proqramların yayımının 1 saatlıq müddətədək (saat 16:00-dan saat 17:00-dək) dayandırılması haqqında qərar qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
484 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...