"Qarabağ"ın oyununa baha qiymətə bilet satmağa çalışan 7 nəfər saxlanıldı

  "Qarabağ"ın oyununa baha qiymətə bilet satmağa çalışan 7 nəfər saxlanıldı

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Qarabağ" – "Viktoriya" oyunu ərəfəsində qanunsuz bilet satışını həyata keçirən şəxslərə qarşı daxil olan məlumatlar əsasında polis əməkdaşları tərəfindən tədbirlər görülüb.

Bu barədə GUNDEMİNFO.AZ-a DİN Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlərlə müxtəlif vasitə və üsullarla əldə etdikləri biletləri dəyərindən dəfələrlə baha qiymətə satmağa çalışan 7 nəfər saxlanılıb. Onların üzərindən 300-dən artıq müxtəlif şəxslərin adına qeydiyyatdan keçirilən bilet aşkarlanaraq götürülüb.

Həmin şəxslərin əməlində İnzibati Xətalar Məcəlləsinin 443-cü maddəsinə müvafiq olaraq, kütləvi idman tədbirlərinə və idman yarışlarına giriş biletlərinin saxtalaşdırılması və ya müəyyən edilmiş tariflərdən yüksək qiymətə satılmasının tərkib əlamətləri olduğuna görə hər biri barəsində protokol tərtib olunaraq, 700 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq edilib.

"Qeyd olunanları nəzərə alaraq, diqqətə çatdırırıq ki, bu istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir", - DİN-in açıqlamasında bildirilib.

Qeyd edək ki, "Qarabağ" – "Viktoriya" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
214 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...