Köçərli Həsənovun Nəqliyyat və Xüsusi Texnika İdarəsinə təyin etdiyi yeni kadrlar, köhnə hərbçilər işə necə başlayıblar?

Köçərli Həsənovun Nəqliyyat və Xüsusi Texnika İdarəsinə təyin etdiyi yeni kadrlar,
Ötən il, 24.05.2021-ci ildə Qorxmaz Hüseynovun “Azərsu” ASC-nin sədri vəzifəsindən azad edilməsindən cəmi iyirmi gün sonra onun sevimli kadrları olmuş Tikilməkdə Olan Obyektlərin Müdiriyyətinin rəisi Elman Məmmədov və onun cinayət ortağı kimi tanınan, kommersiya departamentinin rəisi Xanvər Abbasov dövlət büdcəsindən ayrılan vəsaitin nağdlaşdırılması və mənimsənilməsi ittihamı ilə saxlanıldı. Ümumilikdə keçmiş rəhbərliyin 500 milyon manata yaxın dövlət vəsaitini mənimsədiyi haqqında iddialar var idi.

Məlum əməliyyatdan sonra “Azərsu” ASC-də digər bir sıra vəzifəli şəxslərin də işini itirəcəyi, həbs olunacağı gözlənilsə də, bu baş vermədi. Amma məlumatlara görə ASC-nin strukturuna daxil olan bir çox qurumlarda ciddi yoxlamalar aparılıb. Nəticələri hələ açıqlanmasa da yaxın vaxtlarda yeni həbs dalğasının baş verəcəyi gözlənilir. Onların Su-Tikinti idarəsinin rəis müavini Nurəli Cəbrayılov və Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynovun olacağı haqqında xəbərlər dolaşmaqdadı. Niyə məhz onlar? Xürrəm Hüseynovdan başlayaq.

Məlum olduğu kimi “Azərsu” respublikamızda fəaliyyətdə olan ən böyük səhmdar cəmiyyətlərdən biridir. Əhalini içməli su ilə təchiz edən bu qurumun respublika üzrə regional idarələri ilə yanaşı tabeliyində onlarla istismar və təchizat idarələri var. Onlardan biri də səhmdar cəmiyyətin Nəqliyyat və Xüsusi Texnika İdarəsidir. 2011-ci ildə Qorxmaz Hüseynov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edildikdən az sonra sözügedən idarəyə yaxın qohumu Xürrəm Hüseynovu rəis gətirib. Qohumunun artıq “Azərsu” sədrliyindən uzaqlaşdırılmasına baxmayaraq Xürrəm Hüseynov hələ də sözügedən idarənin rəisidir. Ancaq adı rəis kimi qalıb. Rəis səlahiyyətlərini isə Köçərli Həsənovun idarəyə müavin təyin olunmuş qohumuna verilib. İndi gəlin görək Qorxmaz və Xürrəm Hüseynovlardan sonra, sözügedən idarədə nələr baş verir.

Qeyd edək ki, ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində üç nəqliyyat parkı, yəni qarajı var. Bundan başqa, Səhmdar Cəmiyyətin rayonlarda fəaliyyət göstərən Regional İdarələrin balansında olan xüsusi texnikalar da Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyindədir. Rayonlarla bərabər ASC Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində minlərlə avtomobil və xüsusi texnikalar var. Bu nəqliyyat parklarının hər biri son illər Qorxmaz və Xürrəm Hüseynov qohumlarının ən çox talan etdiyi yerlərdən olub. Qeyd etdiyimiz kimi, Qorxmaz Hüseyinov artıq yoxdu. Xürrəm Hüseynovun adı rəis kimi getsə də, səalahiyyətləri alınıb.

Artıq bu idarələrə “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin səlahiyyətlərini icra edən Köçərli Həsənov nəzarət edir. Məlumatlı mənbənin sözlərinə görə Köçərli Həsənov cəmiyyətin Nəqliyyat və Xüsusi Texnika İdarəsinin rəisi Xürrəm Hüseynova müavin təyin etdiyi Elçin adlı şəxs keçmiş hərbçi olub. Çoxdan ehtiyyata buraxılıb. Köçərli Həsənovun “Azərsu”da səlahiyyətləri genişləndikdən sonra nəzarət etmək üçün qohumunu ən gəlirli yerlərdən birinə rəis müavini qoyub. Xürrəm Hüseynovun yoxlamaları bitdikdən sonra məhz onun rəis olacağı gözlənilir. Köçərli Həsənov idarənin tabeliyindəki, Xətai rayonu ərazisində, “Nargilə”də yerləşən 2 nömrəli qarajına da ehtiyyatda olan Elçin adlı keçmiş bir hərbçini, həmyerlisini rəis təyin edib. Qurumun Ceyranbatan qəsəbəsində yerləşən qarajına da Natıq adlı bir nəfər rəis qoyulub. Bu keçmiş hərbçilər də qarajları həm hərbi üsullarla idarə edir, sürücülərə gündə üç dəfə “razvod” keçirirlər. Həm də yaxşı pul silməyə başlayıblar.

Qarajda çalışan sürücülərin dediyinə görə rəhbərlik dəyişdirildikdən sonra işləmək xeyli çətinləşib. Yəni, Köçərli Həsənovun adamları gəldikdən sonra avtomobillərə lazım olan ehtiyyat hissələri verilmir. Soruşduqda isə pul yoxdur, ayrılmayıb, özünüz alın deyirlər. Etiraz etdikdə isə, qarajın qapısını göstərirlər ki, “orda gözləyən çoxdu.” Gözləyənlər dedikdə, iş üçün idarəyə müraciət edənləri nəzərdə tuturlar. İşə qəbul isə 2-3 min manat arasındadı.

Aktualinfo.org sürücülərə ehtiyyat hissələri verilməməsi ətrafında kiçik bir araşdırma aparmışdır. Məlum olduğu kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hər il avtomobillərə lazım olan ehtiyyat hissələrinin alınması üçün külli miqdarda vəsait ayırır. O cümlədən də qurumun Nəqliyyat və Xüsusi Texnika İdarəsinin tabeliyində olan xüsusi texnikalara və avtomobillərə. Belə olan halda sürücülərə ehtiyyat hissələri nə üçün verilmir və ayrılan vəsaitlər hara xərclənir. Əvvəlcə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin son bir ildə, yəni Köçərli Həsənovun “Azərsu” Açıq Səhmdar Cəmiyyəti sədrinin səlahiyyətlərini icra etməyə başladığı dövrdə avtomobillərə lazım olan ehtiyyat hissələrinin alınmasna ayırdığı vəsaitlərə diqqət yetirək.

“Azərsu” ASC 22.11.2022-ci il tarixdə daxili vəsaiti hesabına Nəqliyyat və Xüsusi Texnika idarəsinin balansında olan traktor, ekskovator və avadanlıqların ehtiyyat hissələrinin satın alınması məqsədi ilə Bəhram Məcid oğlu Əliyev ilə 2630269.84 manatlıq satınalma müqaviləsi bağlayıb.

Səhmdar Cəmiyyət Nəqliyyat və Xüsusi Texnika İdarəsinin balansında olan nəqliyyat vasitələrinin, qurğuların yüksək təzyiqli yanacaq nasoslarının və yanacaq püskürücülərinin təmiri işlərinin satın alınması məqsədi ilə 297 921 manat məbləğində daha bir satınalma müqaviləsini 29.07.2022-ci il tarixdə “DİESEL SERVİS” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

“Azərsu” ASC-nin daxili vəsaiti hesabına nəqliyyat vasitələri və xüsusi texnika üçün akkumulyator batareyalarının satın alınması üzrə 140 228.84 manat məbləğində bir satınalma müqaviləsini də 01.07.2022-ci il tarixdə “AZ BATTERY” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Səhmdar Cəmiyyət nəqliyyat vasitələri və xüsusi texnikalar üçün avtoşinlərin satın alınması məqsədi ilə 285 151.72 manat məbləğində daha bir satınalma müqaviləsini isə 28.10.2021-ci il tarixdə “ŞURATAZ LTD” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlayıb.

Dövlət satınalmalarının vahid internet portalına yerləşdirilmiş məlumatlardan da görsəndiyi kimi “Azərsu” Açıq Səhmdar Cəmiyyəti son bir il ərzində nəqliyyat vasitələri və xüsusi texnikalar üçün ehtiyyat hissələrinin alınmasına 3353569 manat dövlət vəsaiti ayırıb. Biz buraya xidməti avtomobillərə ayrılan xərcləri aid etmirik. Bunlar rəsmən ictimaiyyətə açıqlanmış məlumatlardır. Bəs necə olur ki, bu qədər vəsait ayrıldığı halda sürücülərə ehtiyyat hissələri verilmir. Hara gedir bu pullar?

İdarədən çalışan sürücülərdən aldığımız məlumatlara görə ehtiyyat hissələrinin əvəzlənməsi zamanı yeyintiyə yol verilir, çox vaxt köhnələr təmir edilərək yeni kimi sənədləşdirilir. Məsələn ağır tonnajlı bir xüsusi texnikanın hər hansı bir hissəsi sıradan çıxırsa, bu yenisi ilə əvəzlənmir. Həmin ehtiyyat hissəsinin köhnəsi tapılır. Bəzi xırda detalları alınaraq sazlanır və yeni kimi sənədləşdirilir. Sürücülərdən birinin dediyinə görə, idarə etdiyi texnikanın 4000 manat dəyəri olan bir hissəsi sıradan çıxmışdı. İdarədən axtarıb həmin ehtiyyat hissəsinin köhnəsini tapdılar, cəmi 500 manat xərc çəkib işlək hala gətirdilər. Amma 4000 manata rəsmiləşdiridilər.

Göründüyü kimi Qorxmaz Hüseynov “Azərsu” dan uzaqlaşdırılsa da cəmiyyətin talan edilməsi, böyük pulların silinməsi bu gün də davam edir. Keçmiş sədrin qohumları gedib, yeni sədrin qohumları gəlib. Amma dövlətə faydası nədi. Gedən talayıb gedir, gələn də ondan betər talayırsa…




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
580 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...