3 saylı Uşaq Evini məşhurlaşdıran 3 qalmaqal - Məhbubə Hüseynova niyə töhmət almışdı?
1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulovun işdən çıxarılması 3 saylı Uşaq Evi ilə bağlı qalmaqalın daha da böyüməsinə səbəb olub.
Qaynarinfo xatırladır ki, 3 saylı Uşaq Evində qalan Məhəmməd Hacıyev müəssisədəki təminatdan şikayət edib. Bundan sonra o, 1 saylı Psixiatriya Xəstəxanasına yerləşdirilib. Xəstəxananın baş həkimi Ağahəsən Rəsulov isə Məhəmməd Hacıyevin ruhi xəstə olmadığını deyib. Bu açıqlamadan bir gün sonra isə işdən çıxarılıb.
Ağahəsən Rəsulovun işdən çıxarılması sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub. Bu hadisə Məhbubə Hüseynovanın hansısa qüvvələr tərəfindən himayə olunduğu barədə mülahizələrə səbəb olub.
Qeyd edək ki, bu hadisə 3 saylı Uşaq Evi ilə bağlı birinci qalmaqal deyil.
Ötən il mediada sözügedən müəssisə və onun direktoru Məhbubə Hüseynova barəsində daha dəhşətli faktlar tirajlanıb. Faktları həmin vaxt 3 saylı Uşaq Evində tərbiyəçi köməkçisi işləyən Gülcan Nağıyeva ictimailəşdirib.
O bildirib ki, uşaqlar müəllimləri tərəfindən incidilir, döyülür, onlara etinasız və qeyri-rəftari münasibət sərgilənir.
Həmçinin müəssisəyə dövlət tərəfindən təmin olunan ərzaq uşaqlara verilmir. Hətta Qurban bayramında Uşaq Evinə imkanlı şəxslər tərəfindən gətirilən qurbanlılqar Məhbubə Hüseynovanın sürücüsü tərəfindən evinə daşınır.
Gülcan Nağıyeva iddiaları ilə bağlı görüntülər təqdim edib.
Həmin görüntülərdən birində 6 yaşlı bir uşağın qızdırma içində bədəninin bütün nahiyəsində yara tökdüyü əks olunur. Görüntüləri lentə alan Gülcan Nağıyevanın bildirdiyinə görə, gecə növbəsində çalışdığı üçün uşağın nə vaxt səpdiyindən xəbəri olmayıb. Növbəti gün işə gələndə uşağın ağır durumda olduğunu görüb və tibb bacısına yaxınlaşmaq istəyib. Amma Uşaq Evində nə həkim, nə də tibb bacısı tapa bilib.
Gülcan Nağıyeva daha sonra Məhbubə Hüseynovanı ittiham edib: "Məhbubə Hüseynova dəfələrlə tənbeh olunub, hətta bir dəfə 1500 manat məbləğində cərimələnib. Amma özünə gəlmir. 72 yaşı var, hələ də öz maraqlarına xidmət edir”.
3 saylı Uşaq Evi ilə bağlı daha bir qalmaqa 2021-ci ildə baş verib. Həmin ilin oktyabrında Respublika Gigiyena və Epidemiologiya Mərkəzi sözgedən müəssisədə araşdırma aparıb. Uşaq Evində bəzi nöqsanlar müəyyən olunub. Aşkar olunmuş nöqsanlara görə müəssisə rəhbəri Məhbubə Hüseynovaya intizam tənbeh tədbiri olaraq, töhmət verilib və müəssisənin fəaliyyəti ciddi nəzarətə götürülüb.
468 dəfə oxundu