Suriya lideri: "Rusiya Bəşər Əsədi ekstradisiya etməkdən imtina edir"
Suriya prezidenti Əhməd əl-Şara bildirib ki, Rusiya keçmiş prezident Bəşər Əsədi Ərəb Respublikasının yeni hakimiyyət orqanlarına təhvil verməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.
Bundan əvvəl xarici KİV Moskvanın Suriyanın yeni hakimiyyət orqanları ilə ilk təmaslarından sonra, yanvar ayında Dəməşqin Rusiyadan Bəşər Əsədi ekstradisiya etməsini istəməsi barədə yazıb. "Al Arabiya" mənbələrə istinadən yazıb ki, bu məsələ fevral ayında Əhməd Əl-Şaraa ilə Vladimir Putin arasında telefon danışığı zamanı da qaldırılıb.
Bəşər Əsəd 2000-ci ildən, ailəsi isə 1971-ci ildən ölkəyə rəhbərlik edir. 8 dekabr 2024-cü ildə noyabrın 27-də Suriyada genişmiqyaslı hücuma başlayan müxalif qrupların koalisiyası hakimiyyəti ələ keçirdiklərini elan edib. Ertəsi gün məlum olub ki, Bəşər Əsəd və ailəsi Rusiya prezidenti Vladimir Putinin qərarı ilə siyasi sığınacaq alıb. Kreml vurğulayıb ki, Əsəd istefa qərarını özü verib.
"Bloomberg" xəbər verir ki, müxalif qüvvələr Dəməşqə yaxınlaşarkən Rusiya Bəşər Əsəd və onun ailəsinə dərhal tərk etməyə razılaşacağı təqdirdə təhlükəsiz təxliyə təklif edib. Daha sonra o, Rusiya aviabazası vasitəsilə çıxarılıb.
42 dəfə oxundu