Naxçıvanda fəaliyyət göstərən APF ilə bağlı sirlər ortaya çıxır – Mehdiyevin və Müslümovun yaxın adamı…

Naxçıvanda fəaliyyət göstərən APF ilə bağlı sirlər ortaya çıxır –
Bir neçə ay bundan əvvəl Naxçıvanda “APF” adlı yeni şirkətlər qrupu fəaliyyətə başlayıb.

TNS xəbər verir ki, bu şirkətlər qrupu əvvəllər Naxçıvanın sabiq rəhbəri Vasif Talıbovun yaxınlarına aid olan bir sıra müəssisələri alıb.

Şirkət hazırda üç istiqamət üzrə fəaliyyət göstərir: inşaat, kənd təsərrüfatı və qida sektorları.

APF qida sektorunda çörək, süd və süd məhsulları istehsal edir. Bu müəssisə 2005-ci ildə “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti kimi fəaliyyətə başlayıb. Müəssisə artıq “APF Qida Məhsulları” Məhdud Məsuliyyətli Cəmiyyəti adı ilə fəaliyyətini davam etdirir. Müəssisədə müxtəlif istehsal sahələri fəaliyyət göstərir.

Şirkətlər qrupunun daha bir müəssisəsi “APF Agro”dur. Babək rayonunun Nehrəm kəndinə 12 km məsafədə yerləşən münbit torpaqlarda salınan üzüm və alma bağları artıq APF-yə məxsusdur.

Yuxarıda qeyd etdiyimiz kimi, “APF” şirkətlər qrupu tikinti sektorunda da fəaliyyət göstərəcək. Qrupa daxil olan “APF inşaat” Naxçıvan şəhərində çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikintisi üzrə yeni layihələrin həyata keçirilməsini planlaşdırır. Naxçıvan şəhərinin Heydər Əliyev prospektində 21 yaşayış binasından ibarət “Nakhchivan Residence”in inşasına tezliklə start veriləcək. Artıq təsdiq edilən layihə çərçivəsində 2, 3 və 4 otaqdan ibarət 5-11 mərtəbəli binalarda 1100 mənzil inşa ediləcək.

Maraqlıdır ki, şirkətlər qrupu cəmi bir neçə ay bundan əvvəl yaradılmasına baxmayaraq, böyük imkanlara malikdir, milyonluq obyektlər alıb, on milyonluq layihələr icra edəcək.

Bəs şirkətin sahibi və ya sahibləri kimdir?
Naxçıvanda fəaliyyət göstərən APF ilə bağlı sirlər ortaya çıxır –

Mövzu ilə bağlı əvvəlki yazımızda “APF” şirkətlər qrupunun adının üç şəxsin adının baş hərflərindən götürüldüyünü bildirmişdik: Anar, Pərviz, Fuad.

Şirkətlər qrupuna rəsmi müraciət etsək də, bu barədə heç bir məlumat verilməmişdi. APF-nin sahiblərinin kimliyini Azərbaycan mediasından gizli saxlayırlar. Şirkətin saytında onun fəaliyyəti barədə ətraflı məlumat verilsə də, sahibkarlar və rəhbərlik haqqında heç bir informasiya yoxdur.

TNS şikətin sahiblərindən biri olan Fuad Əlizadə barədə maraqlı məlumatlar əldə edib.

FUAD

Fuad Əlizadə 26 mart 1980-ci ildə Naxçıvan şəhərində anadan olub.

O, 2001-2005-ci illərdə Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti Aparatının İctimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsində referent, böyük məsləhətçi vəzifələrində çalışıb.



2005-ci ildə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Aparatının Beynəlxalq əlaqələr və strateji araşdırmalar şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunub.

2005-2013-cü illərdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi şəxslərlə iş departamentinin audit sektorunun müdiri olub.

2013-cü ilin noybar ayından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəis müavini, 2014-cü ilin mart ayından isə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifələrində çalışıb.

Məlumatlara görə, Fuad Əlizadənin bu sahədə belə sürətlə irəliləməsinin səbəbi sabiq nazir Səlim Müslümovun qohumu olmasıdır. Əlizadə Müslümovun bacısının kürəkənidir.

Səlim Müslümov vəzifəsindən azad edildikdən sonra Fuad Əlizadə də işdən çıxarıldı. Hətta mediada onun Səlim Müslümovun pulyığıanı olduğu, bu cinayət işi ilə bağlı aidiyəti orqanlara çağırıldığı barədə məlumatlar da yayılmışdı.

Maraqlıdır ki, Fuad Əlizadənin Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi vəzifəsindən uzaqlaşdırılmasından 6 ay keçməmiş, o, Dövlət Gömrük Komitəsində yüksək vəzifəyə təyin olunub. Gömrük Komitəsinin sabiq sədri Səfər Mehdiyev vəzifəyə gəldikdən qısa müddət sonra Fuad Əlizadəni komitənin Maliyyə və Təchizat İdarəsinə rəis təyin edib. Görünür, cənab Mehdiyev Əlizadənin bu sahədəki bacarıqlarına bələd imiş.

Şahin Bağırov Dövlət Gömrük Komitəsinin sədri təyin edildikdən sonra Fuad Əlizadə tutuduğu vəzifədən azad edilib. Və bundan sonra hələ ki, ona heç bir vəzifə verilməyib. Ona görə ki, onun yaxın qohumu Səlim Müslümov ev dustaqlığında, digər himayədarı Səfər Mehdiyev isə hələ ki evdədir.

Həmin bu Fuad Əlizadə necə olubsa, birdən-birə milyonlara sahib olub və Naxçıvanda iri bir şirkət yaradıb. Və bu şirkət yenə necə olubsa, Səfər Mehdiyevə məxsus olan üzüm və alma bağlarını da alıb.

Məlumatlı mənbə APF-nin faktiki sahiblərinin üzdə olan adamlar olduğunu, əslində isə şirkətin real sahiblarının başqa şəxslər olduğunu bildirir. Fuad Əlizadənin Səfər Mehdiyevin yaxını olması, onun üzüm və alma bağlarını “alması” yeni şirkətin sabiq komitə sədri ilə əlaqəsinin olma ehtimalını qüvvətləndirir.

O da maraqlıdır ki, kifayət qədər ziddiyyətli adamların qurduğu bu şirkətə Naxçıvanda yaşıl işıq yandırılıb və hər cür şərait yaradılıb.

Bu şirkətin digər sahibləri, onların arxasındakı qüvvələrlə bağlı redaksiyamıza maraqlı məlumatlar və sənədlər göndərilib.

Mövzunu davam etdirəcəyik.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...