Bakıda dələduzluq edən DİL KURSLARI: pulları alıb qeybə çəkildilər - ŞİKAYƏT
Bakının Yasamal rayonu Zahid Xəlilov küçəsi 26A ünvanında fəaliyyət göstərən “Galaxy Education and Consulting Group” MMC adlı kursun direktoru Yasin Zahidovun tələbələri aldatdığı ilə bağlı Publika.az-a şikayət daxil olub. Şikayətçi qeyd edir ki, sözügedən təhsil mərkəzinə ingilis dili biliklərini təkminləşdirmək üçün müraciət edib. Müqavilə əsasında qeydiyyata alındıqdan sonra kursun aylıq ödənişini ( 100 AZN) ödəyib.
Müqavilənin etibarlılıq müddəti 12.06.2017 – 31.08.2017 olaraq qeyd olunsa da, sonuncu ayın tədrisi bitmədən kurs fəaliyyətini dayandırıb. Kursa yazılanlara heç bir xəbərdarlıq edimədən rəhbərlik qeybə çəkilib. Kursun rəhbərliyi nəinki telefonlarını söndürüb, eləcə də yerləşdiyi binanı da boşaldıb. Kursun tələbələrinə isə avqust ayı üçün ödədikləri məbləğ geri qaytarılmayıb.
Kurs rəhbərliyi ilə əlaqə yaratmağa çalışsaq da, onlardan bir xəbər, soraq ala bilmədik.
Mövzu ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov ilə əlaqə saxladıq. Publika.az-a açıqlama verən ekspert qeyd etdi ki, bu gün ölkədə fəaliyyət göstərən saysız-hesabsız təhsil mərkəzlərinin olmasına baxmayaraq, Azərbaycanda təhsilin səviyyəsində heç bir inkişaf yoxdur:
“Təəssüflər olsun ki, ölkədə dövlət tərəfindən özəl şirkətlərə, müəssislərə yaradılan şəraitdən sui-istifadə olunur. Bunun böyük qismi abituriyent hazırlığını həyata keçirən təhsil mərkəzlərinin payına düşür. Eyni zamanda, xaricdə təhsil xidmətləri təklif edən, müxtəlıif xarici dil tədris edilən qurumlar vətəndaşların haqlarını pozur. Diqqət etsəz, bu tip qurumların tanınması sosial şəbəkələr üzərindən yayılır. Müxtəlif növ video çarxlar, yüksək bal toplamış abituriyentləri pul müqabilində öz təhsil mərkəzlərinin tələbəsi olaraq tanıtmaq və s. Gənclər isə buna tez aldanır və heç bir araşdırma aparmadan onlara müraciət edir. Hər bir müəssisə ilk növbədə Vergilər Nazirliyindən fiziki şəxs olaraq qeydiyyatdan keçir və onun şəxsi informasiyaları orada qeyd olunur. Bundan sonra belə bir hal baş verərsə, bu, birbaşa dələduzluq, vəzifə səlahiyyətlərindən sui-istifadə və dövlət sənədlərinin saxtakarlaşdırılması kimi qiymətləndirilməlidir.. Vətəndaşlar birbaşa polisə müraciət edərək əllərində olan müqavilənin nüsxəsini təqdim edərək öz hüquqlarını bərpa edə və dəyən maddi ziyanı tam olaraq tələb edə bilər”.
Valideynlər təhsil mərkəzlərinin qiymət ortalamasına diqqət edərək övladlarını müvafiq təhsil mərkəzlərinə qoyurlar. Burda əsas məqam təhsil mərkəzində çalışan müəllimlərin pedaqoji səviyyəsidir:
“Bəzən bu kimi təhsil mərkəzlərində tədris prosesini qeyri-ixtisas sahibləri aparır. Bu hal qəbul olunandır. Əgər hər hansı bir şəxs tədris etdiyi sahə üzrə oxumasa da, o sahənin tədrisi prosesini yüksək səviyyədə həyata kemçirirsə, qəbul olunandır. Lakin, bəzən bir qrupa yüksək bal toplayan tələbələri yığıb, yüksək pedaqoji təhsili olan bir müəllimi o qrupa təyin edirlər. Digər qruplar isə təhsilini hələ davam etdirən və ya yetərli qədər pedaqoji stajı olmayan şəxslərə tapşırılır. Müqavilə şərtləri ilə çalışan həmin müəllimlər birbaşa tələbələrin gələcəyini əlindən almış olurlar. Ümumiyyətlə bu gün Azərbaycanda təhsil xidməti sahəsində 750-dən çox qurum (həm fiziki, həm hüquqi) qeydiyyatdan keçib. 4500 orta ümumtəhsil mərkəzi, 54 ali təhsil müəssisəsi, 54 orta ixtisas təhsil müəssisəsi fəaliyyət göstərir. Təsəvvür edin, ölkədə adam başına düşə biləcək təhsil qurumu var, və heç kim təhsilin inteqrasiyasında maraqlı deyillər. Lakin görünən odur ki, dələduzluqla məşğul olan müəssisələr hələ də öz bizneslərini qura bilirlər. Eyni şəxslər saxta sənədlərlə və adlarla insanları aldatmağa davam edir”.
Ekspert deyir ki, belə saxtakarlıqla məşğul olan qurumlar “tək pəncərə” prinsipi ilə sadəcə vergi ödəyicisi olaraq qeydiyyatdan keçirlər. Yoxlama aparılarsa, bir çoxunun lisenziyasız fəaliyyət göstərdiyi ortaya çıxacaq:
“Mən dəfələrlə aydiyyəti qurumlara layihələrlə təklif etmişəm ki, təhsil sahəsində xidmət göstərən qurumlara, hətta repititorluq edə biləcək şəxslərə lisenziyalar verilməlidir. Bu onların xidmət səviyyəsinin keyfiyyətini göstərən amildir. Bu nüans unudulduğu üçün hər hansı bir şəxs istənilən ərazidə (binanın zirzəmisində, şəhər kənarında səliqəsiz mühitdə və.s) icarəyə yer götürüb təhsil xidmətləri göstərə bilər. Təhsilinin olub-olmadığı isə buna mane olmur. Heç bir dövlət qurumunun bu müəssisələrdə yoxlama aparma səlahiyyəti yoxdur. Dövlət qurumları sadəcə onların əmək müqavilələrini, məkanın təhlükəsizliyini və s. yoxlaya bilər. Təhsilin səviyyəsinin yoxlanılması səlahiyyətləri isə yoxdur”.
Ekspert bu tip müəssisələrin oyununa gəlməmək üçün valideynlərə, tələbələrə, abituriyentlərə bir sıra tövsiyələr verib.
O bildirib ki, onlar müraciət etdikləri müəssisələrin nümayəndələrə sual verməkdən çəkinməsinlər:
“Birbaşa onların pedaqoji təhsilini soruşa, bundan əvvəl hansı müəssisələrdə çalışdıqlarını, müəllimlərin, eləcə də rəhbərlik kimi təqdim olunan şəxslərin kimliyini araşdıra bilərlər. Onların buna tamamilə haqları çatır. Lakin bizim insanlarımız da özlərini incitmək istəmədikləri üçün, bu kimi problemlərin qarşısını almaq üçün heç bir tədbir görmür. Sonda isə həm maddi, həm də mənəvi zərər görürlər. Qeyd etdiyim ki, onlar müqavilə ilə polisə müraciət edib öz haqlarını bərpa edə bilərlər”.
Şikayətlə bağlı Təhsil Nazirliyinə göndərdiyimiz sorğuya cavab verilmədi.
1076 dəfə oxundu