Bakıda “AA” seriyalı avtomobil piyadanı vurdu – Maşın “MARS – FK LTD” şirkətinə məxsusdur

Bu gün saat 11:25 radələrində Bakıda daha bir piyada vurulub. Avtosfer.az xəbər verir ki, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 15/17 ünvanının qarşısında “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil yolu keçən piyadanı vurub.
Hadisə piyada keçidinin üstündə baş verib. Yolu keçməkdə olan 20 yaşlı qız həmin avtomobil tərəfindən yolun əks tərəfində, keçidin üstündə vurulub. Zərbənin təsirindən 10 metr irəli düşən piyada başından ağır xəsarət alıb, hadisə yerində olan vətəndaşların köməyilə sürücü yaralını avtomobilə qoyaraq, xəstəxanaya aparıb.
Şahidlər bildirir ki, 20 nömrəli məktəb tərəfdən yüksək sürətlə gələn “Jeep”in sürücüsü keçiddə yolu keçən piyadaya yol verən avtomobillərin dayandığını gördükdə, avtomaşını dayandıra bilməyib. Qarşıdakı avtomaşınla düzgün ara məsafəsi saxlamayan sürücü toqquşmadan yayınmaq üçün qarşı yola çıxıb. Bu zaman keçiddə olan qızı vurub.
***
Unikal.org-a daxil olan məlumata görə, “Jeep” markalı, 90 AA 707 dövlət nömrə nişanlı, avtomobil “MARS – FK LTD” şirkətinə məxsusdur. Bu şirkət nar istehsalı ilə məşğuldur. Şirkətin ümumi sahəsi 407 hektardan ibarət ilk nar bağı 2009-cu ildə Kürdəmir rayonunun Karrar kəndində salınıb. Şirkətin baş ofisi Bakı şəhər Yasamal rayonunda yerləşdiyindən hadisə elə sözügedən ərazidə baş verib.
435 dəfə oxundu