Suraxanıda kompensasiya ilə razılaşmayan sakinlər mənzillərindən zorla çıxarıldılar - FOTOLAR
Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsindəki 24 saylı yataqxanada yaşayan ailələr məcburi şəkildə evlərindən çıxarılıblar.
Adının çəkilməsini istəməyən yataqxana sakini bu barədə musavat.com-a danışıb. O, bildirib ki, kompensasiya ilə razılaşmayan 23 ailə icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşlarının iştirakı ilə binadan çıxarılıb.
Ötən reportajımızda təqdim etdiyimiz 5 uşaq anası olan qadını da körpələri ilə birlikdə küçəyə atıblar. Onlar nə kompensasiya, nə də mənzillə təmin edilməyiblər: "Günorta saatlarında Suraxanı Rayon İcra Hakimiyyətinin birinci müavini Etibar Yolçuyev, MİS rəisi və digər icra orqanlarının nümayəndələri əraziyə gələrək camaatı məcburi şəkildə mənzillərindən çıxardılar. Bina sakinlərindən bir neçə nəfər Suraxanı Rayonu Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşları tərəfindən bölməyə aparıldı. Onların arasında 5 azyaşlı uşağın anası, Göyçay rayon sakini Günay Əhmədova və Nahidə adlı qadın da var".
Qeyd edək ki, 1960-cı illərdə inşa olunan bina qəzalı duruma düşdüyündən icra hakimiyyəti tərəfindən sakinlərin köçürülməsi planlaşdırılırdı. Yataqxana tipli yaşayış binasında ümumilikdə 74 ailə məskunlaşmışdı. Suraxanı Rayon İcra Hakimiyyəti oradan 51 ailəni köçürüb.
Yerdə qalan 23 ailə isə onlara veriləcək olan 35 min manat kompensasiyanın azlığından narazı idilər. Sakinlər iddia edirdilər ki, icra nümayəndələri ayrı-ayrı mənzillərdə yaşayan qohum ailələrə bir mənzilin kompensasiyasını ödəyir. Onların narazılığının əsas səbəbi bununla bağlıdır.
Hadisə zamanı iki nəfər qadının saxlanılması ilə bağlı Suraxanı Rayonu Polis İdarəsinin 30-cu polis bölməsi ilə əlaqə saxladıq. Məsul növbətçi, polis kapitanı Əli Seyidov saxlanılanlarla bağlı məlumatı təsdiqlədi: "Söküntü zamanı iş icraçılarına qanunsuz müdaxilə etdiklərinə və rayon icra başçısının müavini Etibar Yolçuyevi təhqir etdiklərinə görə hər iki qadın - Günay Əhmədova və Nahidə Bayramova bölməyə gətiriliblər. Barələrində müvafiq tədbir görüləcək".
Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışdıq. Lakin zənglərimizə cavab verən olmadı. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
548 dəfə oxundu