Şahzadələr su və işıq puluna görə etiraz aksiyası keçirdi, həbslər başladı

İranda yoxsul əhalinin yumurtanın kəskin bahalaşmasına etiraz olaraq küçələrə çıxıb təhlükəsizlik qüvvələri ilə toqquşduğu bir vaxtda digər qatı müsəlman ölkəsi Səudiyyə Ərəbistanında da sosial tələblərlə aksiya olub. Virtualaz.org Reuters-ə istinadən xəbər verir ki, Ər-Riyaddakı kral sarayında hakim Səudlar ailəsinin bir qrup üzvü toplaşaraq kral Salmanın şahzadələrin işıq və su pulunun dövlət büdcəsi hesabına ödənilməsinin dayandırılması barədə fərmanına etiraz edib.
Toplaşanlar habelə bundan əvvəl vəliəhd şahzadə Məhəmməd bin-Salmanın əmri ilə həbs olunan çoxsaylı hakim ailə üzvlərinin azad olunmasını istəyib. Kral sarayını qoruyan qvardiyaçılar bunt qaldırmış şahzadələrə sarayı tərk etmək əmri verib. Lakin onlar bu əmrə tabe olmayıblar və həbslər başlayıb. Azı 11 şahzadənin həbs olunduğu bildirilir, onların məhkəmə önünə çıxarılacaqları gözlənilir.
Səudiyyə Ərəbistanı büdcə xərclərini azaltmaq üçün hakim ailənin üzvlərinə tətbiq olunan güzəştləri, o cümlədən kommunal xərclərin dövlət büdcəsindən ödənilməsini dayandırıb. Kral Salman əvvəllər dəfələrlə bildirib ki, hamı qanun qarşısında bərabərdir.
Səudiyyə vəliəhdinin əmri ilə həyata keçirilən antikorrupsiya həbslərində yüzlərlə şahzadə, biznesmen və məmur həbs olunub. Onları işgəncə yolu ilə topladıqları sərvətdən imtina etməyə məcbur edirlər. Sərvətindən imtina etməyə razılaşanlar azadlığa çıxıb, qalanlar isə hələ də Ər-Riyaddakı Ritz Carlton otelində saxlanılır. Səudiyyə Ərəbistanında hakim səudlar ailəsinin şahzadə titulu daşıyan minlərlə üzvü var.
404 dəfə oxundu