İcra başçısı nağıl qəhrəmanlarının heykəllərini məhv etdirdi - “Gediş-gəlişə mane olurdu”
Bakının Xətai rayonunda, Qaçaq Nəbi küçəsində yerləşən "Urfa" restoranının qarşısında quraşdırılmış rus xalq nağılları qəhrəmanlarının heykəlləri Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun göstərişi ilə məhv edilib. BakuPost xəbər verir ki, başçı Küpəgirən qarı, Ölməz Kaşey, habelə müxtəlif dəniz quldurlarının heykəllərinin oradan götürülməsini istəyib.
İcra başçısı bu göstərişinin səbəbini də açıqlayıb. İH-nin rəsmi saytında yerləşdirilən məlumatda qeyd olunur ki, bu heykəllər sakinlərin gediş-gəlişinə mane olurmuş.
"Razim Məmmədov rayon sakinləri ilə səyyar görüş keçirib, onları narahat edən məsələləri müzakirə edib. Və sakinlər ona nizamsız küçə ticarəti və gediş-gəlişə mane olan obyektlər barədə danışıblar. Sakinlərin narazılığına səbəb olan daha bir ünvan Qaçaq Nəbi küçəsində "Urfa” türk restoranının qarşısında qanunsuz olaraq yerləşdirilmiş rus nağıl qəhrəmanlarının, o cümlədən də mənfi obrazların (Baba Yaqa-Küpəgirən qarı, Kaşşey bessmertniy-Ölməz Kaşşey və s.) hekəlləri olub. Türk restoranı ilə rus nağıl qəhrəmanlarının nə əlaqəsi?! Yaxud yenə də həmin küçədə "Rolls Roz” restoranının qanunsuz reklam yerləşdirməsi azmış kimi, üstəlik səkini zəbt edib, dəmir dirək və zəncirdən istifadə edərək yaratdığı süni maneələrlə insanların gediş-gəlişinə ciddi maneə yaradılıb”, - deyə açıqlamada qeyd olunur.
537 dəfə oxundu