Sahil Qasımov ayrılan vəsaitləri mənimsəyib - Avropa Azərbaycanlıları Konqresində böyük maliyyə fırıldağı
Bir qrup jurnalist və bloggerin apardığı araşdırma zamanı AAK Prezidenti Sahil Qasımovun korrupsiya sxemi aşkara çıxarılıb.
Avropa Azərbaycanlıları Konqresinin (AAK) Prezidenti Sahil Qasımovun katalon separatçıları ilə görüşü və onun Azərbayacan KİV-lərində verdiyi bəyanatlar bu qurumun maliyyə mənbələrini də şübhə altında qoyub.
Bir qrup jurnalist və bloggerin apardığı araşdırma zamanı AAK Prezidenti Sahil Qasımovun korrupsiya sxemi aşkara çıxarılıb. Araşdırma qrupu yazır ki, onların məqsədi AAK-ın maliyyələşdirilməsinə kimin nə qədər vəsait ödəməsini öyrənmək olsa da, bununla bağlı suala cavab tapmaq çətin olub:
“KİV haqqında” və digər müvafiq qanunlara istinad edərək sorğu göndərdiyimiz Belçika, Hollandiya, Ukrayna bankları və otellərı bizə belə məlumatları təqdim etmədilər. Onlar müştərilərin şəxsi məlumatlarının qorunması və şəxsi həyatın toxunulmazlığına dair qanunlara istinad etdilər. Belə olduğu halda araşdırma üçün təcrübəsi olan həmkarlarımızın köməyindən və şəxsi əlaqələrimizdən də istifadə etməli olduq. Onların əlaqələri və təcrübələri bizi maraqlandıran maliyyə sənədlərinin bir qismini əldə etməyimizə imkan verdi”.
Jurnalistlər bildirir ki, onları araşdırmanı aparmağa cari ilin 20 avqust tarixində veteninfo.com saytında yayımlanan ‘’Sahil Qasımovdan daha bir saxtakarlıq’’ başlıqlı məqalə olub:
“Bu məqalədəki sənədlər göstərdi ki, AAK-ın Brüsseldəki baş ofisinin kommunal xidmətlərinin və digər xərclərinin Sahil Qasımovun özü və təşkilatın digər idarə heyəti üzvləri tərəfindən ödənilməsinə dair onun dediyi sözlər yalan imiş. Sahil Qasımovun belə bir məktubu var ki, o, həmin məktubda AAK-ın Birinci vitse-prezidenti Füzuli Məmmədova müraciət edərək AAK-ın cari xərclərinin ödənilməsi üçün pul ayırmasını xahiş edir.
Həmin xərclərə aşağdakılar daxildir:
AAK-ın ofisinin illik icarə haqqı - 30 000 avro,
İnternet və digər kommunikasiya xərclərinə - 2000 avro,
ofisin illik sığortasına - 500 avro,
ofisin illik xidmət xərclərinə - 1 000 avro,
ofisin iki əməkdaşının (katib və texnik) əmək haqqına - 24 000 avro,
printer və digər ofis texnikasının xərclərinə - 2 000 avro.
Xahiş edilən məbləğin 20 min avrosunun Füzuli Məmmədov tərəfindən ödənilməsinə dair qəbz də var”.
Bundan sonra araşdırma qrupunun diqqətini son 18 ayda AAK-ı kimin maliyyələşdirməsi çəkib.
Əldə olunan sənədlər sübut edir ki, Füzuli Məmmədovun güya 1 Mart 2017-ci ildən sonra AAK-ı maliyyələşdirmədiyinə dair Sahil Qasımovun dedikləri yalandır:
“Füzuli Məmmədov öz bank kartından və Prezidenti olduğu Ümumdünya Azərbaycan Mədəniyyət Fondundan (ÜAMF) yalnız Avropa Azərbaycanlıları Konqresinin 2017-ci ilin fevralında baş tutan V Qurultayının keçirilməsini yox, həm də AAK-ın sonrakı fəaliyyətini maliyyələşdirib. Təkcə AAK-ın V Qurultayının keçirilməsinə Füzuli Məmmədov ÜAMF vasitəsilə 100 min avro ayırıb.
Bu vəsaitlərdən başqa, ‘’Bank Russkiy Standart’’ SC-dən aldığımız çıxarışa (xərc əməliyyatlarının müfəssəl siyahısı) əsasən 28.02.2017-ci ildən 03.03.2017-ci ilədək olan dövrdə Füzuli Məmmədovun 5451******2249 saylı əsas bank kartından V Qurultay iştirakçılarının və qonaqların ehtiyaclarına Hollandiyanın Amsterdam şəhərində 32,922.73 ABŞ dolları xərclənib”.
Jurnalistlər qeyd edir ki, bundan sonra da Füzuli Məmmədov və onun fondu - ÜAMF mütəmadi olaraq AAK-a maliyyə dəstəyi verib:
“Sahil Qasımov öyünür ki, Avropa Azərbaycanlıları Konqresi 2017-ci ilin noyabrında Brüsseldə ‘’Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq konfrans təşkil edib. Bununla belə, nəyə görəsə xatırlamır ki, bu forum da Füzuli Məmmədov və ÜAMF tərəfindən maliyyələşdirilib. Bu forumun keçirilməsinə cənab Məmmədov öz bank hesabından, nağd qaydada və ÜAMF vasitəsilə təxminən 70 min avro xərcləyib. Hətta Füzuli Məmmədov öz bank kartını Sahil Qasımova həvalə edib və o da kartdan - öz mülahizəsinə görə - çox səxavətlə istifadə edib. Nəticədə Belçikanın Brüssel şəhərində bu forumun keçirilməsi ilə bağlı iştirakçıların ehtiyaclarına Füzuli Məmmədovun 5451******2249 saylı kartından 23.11.2017-ci il tarixindən 28.11.2017-ci il tarixinədək 38,853.41 dollar xərclənib.
Bütün bank sənədləri bu diaspor təşkilatının, həmçinin onun qurultay və forumlarının maliyyələşdirilməsinə dair məlum olmayan qaranlıq məqamlara işıq salır.
1027 dəfə oxundu