Azərbaycanda avtomobillər bahalaşacaq

Bu sözləri Axar.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov hazırkı avtomobil bazarındakı qiymət dəyişiklikləri və gözlənilən tendensiyalar barədə danışarkən bildirib.
Ekspertin sözlərinə görə, hazırda ölkədə avtomobil qiymətlərində ciddi dəyişiklik yoxdur, mövcud endirimlər isə yalnız bayram kampaniyaları ilə əlaqəlidir:
“Mart ayında bayramların çox olması səbəbilə Azərbaycandakı rəsmi dilerlər, distribütorlar, satış mərkəzləri və avtomobil salonları endirim kampaniyaları təşkil edirlər. Bu kampaniyalar martın 5-dən başlayır və ayın sonuna qədər davam edir. Ancaq bu, bazardakı ümumi qiymət azalması demək deyil”.
E.Cəfərov yaxın aylarda qiymətlərin daha da artacağını istisna etməyib:
“Düşünmürəm ki, yaxın gələcəkdə avtomobil qiymətində ciddi eniş olsun. Əksinə, Novruz bayramından sonra – aprel və may aylarında minik avtomobillərinə tələbat artacaq. Bu dövrdə yeni avtomobillərin, eləcə də elektrikli modellərin qiymətində təxminən 3-5 faiz civarında artım müşahidə edilə bilər”.
Qeyd edək ki, son aylarda qlobal avtomobil bazarında da qiymət artımı müşahidə olunur. Bunun əsas səbəblərindən biri istehsal xərclərinin və logistika məsələlərinin artmasıdır.
140 dəfə oxundu