İŞ ADAMI “AZƏRİQAZ”dan PREZİDENTƏ ŞİKAYƏT ETDİ – Hakimə qarşı da ittihamlar irəli sürüb

İŞ ADAMI “AZƏRİQAZ”dan PREZİDENTƏ ŞİKAYƏT ETDİ –

“Ayrı-ayrı orqanlar tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir.” Bu fikirlər “SİNDİ” Firmasın direktoru Nəcəf Hüseynov tərəfindən ölkə Prezidenti İlham Əliyevə ünvanlanmış, surəti ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova , Ali Məhkəmənin sədri Ramiz Rzayevə və Azəriqaz” İB-nin Baş direktoru Əkbər Hacıyevə göndərilmiş məktubdan götürülüb

Bir nüsxəsi “AzPolitika.info”ya daxil olan məktubda bildirilir:

Hörmətli Prezident!
Azərbaycan Respublikasında sahibkarlığın inkişafı məqsədi ilə son illər xüsusi dövlət proqramları və sahibkarlıq fəaliyyətinə mane olan bürokratik əngəllərin və yoxlamaların aradan qaldırılmasına yönəlmiş qərarlar qəbul edilmiş və digər tədbirlər həyata keçirilmişdir.

Eyni zamanda sahibkarlığın inkişafı ilə bağlı görülən işlərə baxmayaraq, bu sahədə bir sıra problemlər hələ də tam aradan qaldırılmamışdır. Bu gün sahibkarlığın dövlət tənzimlənməsini həyata keçirən bir sıra orqanların işi qənaətbəxş sayıla bilməz. Belə ki, ayrı-ayrı orqanlar tərəfindən sahibkarların fəaliyyətinə yerli-yersiz müdaxilələr edilir, müxtəlif yoxlamalar aparmaqla onların işinə maneçilik törədilir. Məhkəmələr tərəfindən iqtisadi mübahisələrin həllində süründürməçilik və qeyri-obyektiv qərarların qəbul olunması hallarına rast gəlinir. Bütün bunlar sahibkarlıq fəaliyyəti ilə məşğul olan adamların haqlı narazılığına səbəb olur.

Möhtərəm Prezident, 2018-ci ilin aprel ayında qaz sayğacında yaranmış problemlə əlaqədar “Azəriqaz” İB-nə müraciət etdik. Həmin təşkilatın nümayəndələri tərəfindən sayğaca baxış keçirildi və 16.04.2018-ci il tarixdə 5355093 saylı Akt tərtib edildi. Həmin Akt əsasında sayğacın kipləşdiyi (diqqətinizə çatdırıram ki, sayğac smart tiplidir və smart karta, yəni qaz kartına yüklənilmiş pul müqabilində qaz buraxır) müəyyən edildi və sayğac yenisi ilə əvəz olundu. Sayğacın dəyişdirilməsi ilə əlaqədar cavabdeh təşkilatla aramızda 16.04.2018-ci il tarixdə AKX-2/1107 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə bağladıq. Həmin müqavilədə sayğacın markası (G-6 markalı) və plombun nömrəsi (05504852) öz əksini tapmışdır.

Daha sonra 29.06.2018-ci il tarixdə sayğaca təkrar baxış keçirildi və sayğac kipləşdiyi üçün həmin tarixdə tərtib edilmiş 5454353 saylı Akt əsasında yenidən dəyişdirildi. Qeyd olunan hər ikisi sayğacın dəyəri firmamız tərəfindən ödənilmişdir. Qeyd olunan sayğaclar quraşdırılarkən sözügedən təşkilatın nümayəndələri tərəfindən baxış keçirilmiş və G-6 markalı sayğacın kifayət etdiyi təsdiq edilərək həmin markalı sayğac quraşdırılmışdır. Hansıki, aramızda bağlanmış 16.04.2018-ci il tarixdə AKX-2/1107 saylı Qaz paylayıcısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilədə də bu öz əksini tapmışdır.

Lakin “Azəriqaz” İB-nin STİQ və NŞ-nin nümayəndələri tərəfindən həmin tarixdə, yəni 29.06.2018-ci il tarixdə baxış keçirildi və 0169117 saylı Akt tərtib edildi. Həmin Aktda isə eyni təşkilatın digər nümayəndələri tərəfindən G-6 markalı sayğacın sərfiyyata uyğun olmadığı və dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. Həmin Akta əsasən itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyası tərəfindən Qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi 15.2 m3/saat, mövcud sayğacın maksimal ölçmə həddi 10 m3/saat, orta günlük iş rejimi 12 saat, hesabat müddəti isə 180 gün qəbul edilmişdir. Cərimə isə aşağıdakı qaydada hesablanmışdır: (15.2 m3/saat-10 m3/saat)=5.2 m3/saat x 12 x 180 gün=11232 m3 x 0.20azn= 2246.40 manat.

Cənab Prezident, diqqətinizə çatdırıram ki, firmamızın istifadəsində olan qaz sayğacı smart tiplidir (əvvəlcədən ödənişli) və smart karta (qaz kartına) yüklənilmiş pul müqabilində qaz buraxır. Smart karta yüklənilmiş məbləğdən artıq qaz istifadə edilməsi və ya avadanlıqların sayının çox olması səbəbindən sayğacın yüklənmiş məbləğdən artıq qaz buraxması qeyri-mümkündür. Çünki Smart tipli sayğaclarda mexaniki hesablayıcı mexanizmlər (mexaniki və elektron göstəricilər) mövcuddur. Həmçinin, smart tipli sayğaclar mexaniki ölçmə mexanizmindən və smartkart ölçmə qurğusundan ibarətdir ki, bu da həmin sayğacın yüklənmiş məbləğdən artıq və ya əksik qaz buraxmasına imkan vermir.

Bu səbəbdən də dəfələrlə yazılmış cərimənin qanunsuz olduğu və ləğv edilməsi barədə “Azəriqaz” İB-nə müraciət etsək də, nəzərə alınmadı, əksinə smart kart bloka salındı və əgər cəriməni ödəməsək qaz xəttinin də kəsiləcəyini bildirdilər. Diqqətinizə çatdırırıq ki, Firmamız tərəfindən heç bir kommunal ödənişlər (Qaz. işıq, su, telefon və s.) gecikdirilmir, vaxtında ödənilir və heç bir şirkətlə problemimiz yoxdur. Lakin buna baxmayaraq “Azəriqaz” İB tərəfindən heç bir tədbir görülmədi.

Məcbur qalıb “Azəriqaz” İB-nin əməkdaşları tərəfindən qanunsuz olaraq yazılmış cərimənin ləğv edilməsi və hüquqlarımızın bərpa edilməsi üçün aidiyyatı üzrə 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinə müraciət etdim. Qanunvericiliyin tələbinə uyğun olaraq iddia tələbimiz mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin edilməsi barədə, yəni verilən qazın dayandırılmasının (qaz xəttinin kəsilməsi) “AZƏRİQAZ” İB-yə qadağan edilməsi və firmamıza məxsus bloklanmış smart kartın fəaliyyətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etdik.

Ərizədə həmçinin məhkəmənin diqqətinə çatdırımışdıq ki, hazırda qaz sayğacının smart kartı bloklanmış vəziyyətdədir və karta hər hansı bir ödəniş edilməsi, yəni pul yükləmək hazırda qeyri-mümkündür. Bu səbəbdən də şadlıq sarayı öz fəliyyətini həyata keçirə bilmir. Qaz kartı blok olunduğundan mürəciət edən vətəndaşlara xidmət göstərilməsi imkansızdır. “Azəriqaz” İB-nin bu qanunsuz hərəkətləri nəticəsində şadlıq evinin imicinə ziyan dəymişdir. Bu da firmamızın üçüncü şəxslər qarşısında öz öhdəliklərini yerinə yetirməyə maneçilik törədir. Həmçinin bildirmişdik ki, yazılan cərimə məbləği qazdan istifadəyə görə yaranmamışdır. Qanunsuz yazılmış cərimədir. Bu səbəbdən də verilən qazın dayandırılması (qaz xəttinin kəsilməsi), smart kartın bloklanması üçün heç bir əsas yoxdur.

Lakin məhkəmə (sədrlik edən hakim Etibar Mustafayev) yuxarıda qeyd etdiyim kimi süründürməçilik və qeyri-obyektiv qərar qəbul edərək hüquqlarımızı pozmuşdur. Belə ki, hansısa bir orqanın qanunsuz hərəkətlərindən və hüquqlarımızın pozulmasından məhkəməyə şikayət etsək də, bu gün 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi Etibar Mustafayev tərəfindən hüqularımız ikinci dəfə pozuldu. Halbuki, məhkəməyə hüquqlarımızın bərpası üçün müraciət etmişdik.

Hakim öz formal mülahizələrinə əsaslanaraq, ərizənin rədd edilməsi barədə qərardad qəbul etmişdir. Məhkəmə bilməli idi ki, müəssisəmizdə onlarla insan çalışır. Qanunsuz qərardad qəbul edərək “AZƏRİQAZ” İB-yə çatdırdı ki, gedin “SİNDİ” firmasınan qaz xəttini kəsin və orda çalışan onlarla insan işsiz qalsın, evlərinə çörəkpulu apara bilməsin.

Halbu ki, biz məhkəmədən xahiş etmişdik ki, iddia tələbimiz baxılıb qurtaranadək qaz xəttinin kəsilməsi qadağan edilsin və bloklanmış smart kartın bərpa edilməsi barədə köməklik göstərsin.
Lakin hakim Etibar Mustafayev nəinki ərizəmizi təmin etmədi, hətta cavabdehin belə iştirakını təmin etmədən 04.10.2018-ci il tarixdə ikinci dəfə iclas keçirdi və qərarı oktyabrın 8-də elan edəcəyini bildirdi. Maraqlıdır, görəsən nə səbəbə 4 gün sonra qərarı elan etmək qərarına gəldi?

AR MPM-nin 215-ci maddəsinə əsasən, müstəsna hallarda xüsusilə mürəkkəb işlər üzrə qətnamə qəbul edildikdə, hakim qətnaməni və yaxud onun nəticə hissəsini məhkəmə baxışı qurtardıqdan sonra 3 gündən gec olmayaraq elan edə bilər. Axı bizim iddia tələbimiz xüsusilə mürəkkəb bir tələb deyilidi. Hakimin qərarın elan edilməsini 4 gün sonraya təxirə salmaqda marağı nə idi? Həm də cavabdehin iştirakını təmin etmədən.

Göründüyü kimi, Cənab Prezident, bu gün bəzi məhkəmələrin hakimləri tərəfindən sahibkarlara sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə əngəl törədilir və orda çalışan işçilərin işsiz qalmasına səbəb olan qanunsuz qərarlar qəbul edilir. 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin hakimi Etibar Mustafayev də qeyri-obyektiv qərarlar qəbul edərək sahibkarları incidən hakimlər sırasındadır.

Göründüyü kimi, bu gün bəzi məhkəmələrin hakimləri tərəfindən sahibkarlara sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinə əngəl törədilir və orda çalışan işçilərin işsiz qalmasına səbəb olan qanunsuz qərarlar qəbul edilir.

Cənab Prezident, Siz öz çıxışlarınızda qeyd edirsiniz ki, Mən xalqın birinci xidmətçisiyəm, dövlət məmuru da xalqın xidmətçisidir.

Lakin bu gün məhkəmə sistemində çalışan E.Mustafayev kimi hakimlər Sizin, sahibkarlığın inkişafında, əlavə iş yerlərinin açılmasında gördüyünüz işlərə məhəl qoymur. Nəticədə isə qanunsuz qərarlar qəbul etməklə sahibkarlara ziyan vurulur və onların öz fəaliyyətini davam etdirilməsinə süni maneələr yaradılır.

Biz inanırıq ki, Siz bu problemin həllində öz köməyinizi əsirgəməyəcəksiniz.

Qedy olunanları nəzərə alaraq Sizdən “Azəriqaz” İB tərəfindən hüquqlarımızın pozulması ilə nəticələn hərəkətlərə son qoyulması (bloklanmış smart kartın bərpa edilməsi və qanunsuz yazılmış cərimənin ləğv edilməsi barədə) və 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (hakim E.Mustafayev barəsində) ölçü götürülməsi barədə göstəriş verməyinizi xahiş edirik.

Əvvəlcədən öz minnətdarlığımızı bildiririk.

Hörmətlə, “SİNDİ” Firmasının direktoru Hüseynov Nəcəf.”

P.S. Məktubda qeyd olunanlarla bağlı, “Azəriqaz” İB-nin, eləcə də hakim Etibar Mustafayevin mövqeyini işıqlandırmağa hazırıq.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
53 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...