Nəsimi İcra Hakimiyyətində insanlar kim və niyə süründürür - ŞİKAYƏTÇİLƏR DANIŞIR

Almaz Maniyevanın mənzilinə çıxarış məsələsi düyünə düşdü. Bakının Nəsimi rayonu, Nizami küçəsi, 118 saylı binada 2011-ci ildə Bakı Şəhər İcra hakimiyyəti tərəfindən Dövlət Neft Şirkətinin qərarı əsasında rekonstruksiya işləri aparılıb. Təmir işləri nəticəsində binanın 124 mənzilində yaşayış sahələri dəyişdirilib. Lakin sakinlər həmin vaxtdan mənzillərinin çıxarışını yeniləyərək dəyişiklikləri qeyd edə bilmirlər.
Bu şikayətlə virtualaz.org-a həmin ünvanda, 25 saylı mənzildə yaşayan Almaz Maniyeva müraciət edib. Onun sözlərinə görə, görülən işlər Bakı Şəhər İcra hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin razılaşdırdığı eskiz layihəsi və ''Baki Dövlət Layihə'' İnstitutunun işlədiyi layihə sənədlərinə uyğun olaraq aparılıb. Lakin şikayətçi deyir ki, icra hakimiyyətində onu get-gələ salır, süründürürlər.

“Çıxarışların yenilənməsinə zərurət yaranıb və buna görə də, Nəsimi RİH başçısı A. Əsgərova Nizami küçəsi, 118 ünvanında yerləşən mənzillərin yenidən ölçülərək dəyişiklər edilməsi barədə qəbul komissiyası aktının sərəncam ilə təsdiqləməsi üçün muraciət etmişəm. Lakin icra başçısı və onun işçiləri indiyədək öz vəzifə borclarını yerinə yetirmirlər və əsassız maneə törədirlər. Amma Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən onlarla sakinə həmin sərəncam verilib. 1 saylı Baki İnzibati-İqdisad Məhkəməsi mənim mənzilimə aid sərəncamın məcburi qaydada verilməsinə, iddiamın təmin olunmasına dair (09.10.2018-ci il tarixli 2-1inz(81)-28592018 N-li) qərar çıxarıb. Dövlət tərəfindən vətəndaşa verilən mülk sahəsini məmur niyə sənədləşdirmir, nə məqsəd güdür?”, - deyə A. Maniyeva bildirir.
Problemi aydınlaşdırmaq üçün Nəsimi Rayon İcra Hakimiyyətinə müraciət etsək də şikayətlə bağlı cavab ala bilmədik. İcra Hakimiyyətindən məsələnin araşdırılacağını deyiblər.
305 dəfə oxundu