"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?- Zərərçəkmişlər: "Bizə deyir pul verin..."

"Yeni Yasamal" MTK işində "Şərurlu İsfəndiyar" necə peyda oldu?-

“Yeni Yasamal” Mənzil Tikinti Koorporativinin sakinləri, zərəçəkmiş vətəndaşlar prezidenti İlham Əliyevə və I vitse-prezidenti Mehriban xanım Əliyevaya müraciət ünvanlayıblar.

Müraciətlərini AFN-ə göndərən sakinlər bildirirlər ki, “Yeni Yasamal” MTK tərəfindən onlara vurulan zərərin ödənilməsi ilə bağlı heç bir irəliləyiş yoxdur: "Artıq 2 ilə yaxındır ki, proses olduğu kimi qalır. Biz dəymiş maddi zərərin ödənilməsi, hər birimizin mənzillə təminatı üçün hazırda həbsdə olan MTK rəhbərliyinin işi ilə məşğul olan Respublika Prokurorluğu və məsələ ilə əlaqəli digər dövlət qurumlarına dəfələrlə müraciətlər etmişik.

Bir müddət öncə bizlərə Nazirlər Kabineti tərəfindən müvafiq torpaq sahəsinin ayrılması və qısa müddətdə “Yeni Yasamal” MTK tərəfindən yeni binada mənzillərin tikilib veriləcəyi ilə bağlı istintaq orqanı tərəfindən inandırıcı vədlər olundu.

Təbii ki, biz də şəxsən Sizin nəzarətinizdə olan məsələnin elə Sizin təyin etdiyiniz müvafiq qurumlara rəhbər məmurlar və onların vəzifə səlahiyyətlərinə uyğun, həm də bizim kimi illərdir ki, maddi və mənəvi zərərə məruz qalan, hər cür əzaba dözərək öz imkanları hesabına mənzil sahibi olmaq istəyən vətəndaşların xeyrinə həll olunacağına inandıq.
Amma təəssüf ki, bir neçə ay bundan öncə bu inamımızın da üstündən xətt çəkdilər. Belə ki, bizim üçün yeni mənzillərin tikilməsi ilə bağlı “Yeni Yasamal” MTK-ya ayrılması nəzərdə tutulan torpaq sahəsinin, dolayısıyla mənzil təminatımızın “Şərur İnşaat” MTK-ya veriləcəyi ilə bağlı sözlər eşitdik. O MTK ki, özünün kifayət qədər qanunsuz əməlləri var. Öz müştərilərini istismar edən, bizdən də sayca artıq vətəndaşa ziyan vuran bir şirkətə necə etibar edə bilərik?

Amma biz yenə də sadəlövhlük göstərərək şirkət rəhbəri İsfəndiyar Axundovun dəvəti ilə onun ofisinə yollandıq. Təbii ki, o da bizi mənzillərlə təmin edə biləcəyini, lakin bunun üçün bizdən müvafiq bazar qiymətinə uyğun vəsait alacağını dedi. Təbii ki, nə bizim zərər çəkdiyimizdən, nə də məhz bizim təminatımız üçün ayrılacaq olan torpaq sahəsindən bəhs etmədi.

Cənab Prezident, əziz Mehriban xanım!

Biz mənzillə təminatımızı müxtəlif qanunsuz hərəkətləri ilə KİV-in gündəminə çevrilən “Şərurlu İsfəndiyar”dan yox, bizə zərər vuran “Yeni Yasamal” MTK-dan tələb edirik. Biz nə hər hansı yeni şirkətə pul ödəyə, nə də inana bilərik. Odur ki “Şərurlu İsfəndiyar“ın və onun havadarlarının bu təklifi ilə heç cür razılaşa bilmərik.

Ümid edirik ki, tapdanmış hüquqlarımızın bərpasını təmin edəcək və əlavə heç bir vəsait ödəmədən mənzillərlə təminatımıza dair qərar verəcək, məsələyə laqeyd yanaşan, Sizin “Mən hər bir vətəndaşın Prezidentiyəm” şüarınıza məhəl qoymayan, biz vətəndaşları sizdən incik salmaq istəyən məmurların, güc strukturu əməkdaşlarının “gücünün” vətəndaşların xeyrinə istifadəsində öz əzmkarlığınızı nümayiş etdirəcəksiniz".

Zərərçəkmişlərdən bəziləri AFN-in əməkdaşı ilə söhbətdə bildirib ki, İ.Axundovla görüşüblər və iş adamının onları da, dövlət rəhbərliyini də aldatdığına əmindirlər: "Bizə deyir ki, sizə 120 minlik ev verirəm, amma eybi yoxdur, 60 min verin, lap 40 min verin, nəyə gücünüz çatır ödəniş edin. Əminik ki, prezidentə də deyəcək ki, pulsuz verdim mənzilləri. Bu adam fırıldaqçılıqla məşğuldur. Biz xahiş edirik, məsələni ictimailəşdirin laqımi instansiyalara çatsın".

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
55 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...