Biləsuvarda ən böyük problem icra başçısıdır - Mahir Quliyev nə zaman gedər deyə sakinlər narahatdır

Biləsuvarda ən böyük problem icra başçısıdır -

Biləsuvar rayonundan AzFakt.com-a daxil olan məlumata görə rayon icra başçısı Mahir Quliyev balıq biznesini inkişaf etdirir.

Məlumatda rayonun Xırmandalı kəndinin Mahmudcala və Cərcili deyilən ərazilərində qeyri-leqal yollarla çoxlu sayda süni balıq göllərinin yaradıldığı deyilir. 500 ha-dan çox ərazini əhatə edən bu qanunsuz göllərin sahiblərinin isə heç bir dövlət qurumunu tanımadığı qeyd olunur. Çünki bu gölləri yaradanlar rayon icra başçısı Mahir Quliyevi də özlərinə şərik ediblər və heç bir şey yoğurmadan "hazırca kökə tapan" icra başçısı bu qeyri qanuni biznesin rayonda geniş yayılması üçün hər şeyi etməkdədir.

Qeyd edək ki, süni gölməşələr adətən ətraf əkin sahələrində şoranlaşma yaradır. Eyni zamanda süni gölməçələrin davamlı olaraq su ilə təmin olunmasına ehtiyac olduğuna görə yay aylarında su qıtlığının yaranmasına yol açır. Biləsuvardan gələn şikayətlər də məhz bununla bağlıdır. Pambıq və digər əkin əkənlər, xüsusən kasıb kəndlilər hazırda sudan ciddi qıtlıq çəkirlər.

Saytımıza daxil olan məlumatda bildirilir ki, Biləsuvardakı süni gölməçələrin böyük əksəriyyəti Mahir Quliyevə yaxın olan hakimiyyətdə yüksək vəzifə tutan məmurlardan birinindir və Mahir Quliyev bu məmurla balıq biznesində şərikdir.

Qeyd edək ki, rayon rəhbərliyinin ilin bütün fəsillərində fəaliyyətdə olan süni göllərin yaxın ərazilərdəki əkin sahələrini şoranlaşdırılmasına göz yumması da bu iddianı təsdiqləməkdədir. Süni göllərin yaxınlığında torpaq sahəsi olan vətəndaşların çoxlu sayda Prezident Adminstrasiyasına ünvanladıqları müraciətlərə baxmayaraq aidiyyatı qurumlar nədənsə susmağa üstünlük verirlər. Yəni bu göllərin sahibləri adi vətəndaşlar olsaydı, çoxdan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmlak Komitəsi və digər aidiyyatı qurumlar lazımı tədbirlər görməyə başlamışdılar.

Rayon sakinləri iddia edirlər ki, bir müddət bundan əvvəl, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev rayon rəhbərliyinə qanunsuz balıq yetişdirmə göllərinin ləğv edilməsi barədə məktub göndərsədə bu tapşırığa əməl olunmayıb. Gözə kül üfürmək üçün bir- iki nəfər haqqında məhkəmədə qanunsuz göllərin ləğv edilməsi haqqında qərar cıxarılıb. Və məsələ bununla da bitib.

Maraqlıdır ki, sözü gedən kənd sakinləri bildirdilər ki, Biləsuvarda son zamanlar süni göllərin yaradılması daha da çoxalıb. Bütün bunların arxasında isə Mahir Quliyevin olduğu bildirilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
329 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...