Azərbaycan üçün yeni əsrin başlanğıcı – 1994-cü il 20 sentyabr
Azərbaycanın neft sahəsindəki bugünkü müvəffəqiyyətlərinin təməli hələ 46 il bundan öncə yaradılmağa başlayıb.
1969-cu ildə Heydər Əliyev respublikaya birinci dəfə rəhbərliyə başladığı vaxt neft sənayesinin vəziyyəti ürəkaçan deyildi. Dənizin dərinliyi 40 metrə çatan sahələrdə bütün neft-qaz yataqları kəşf edilərək istismara verilsə də, qazma işləri görmək üçün texnika və maliyyə imkanları yox idi. Ona görə də Azərbaycanda neft və qaz hasilatının aşağı düşmə meyli müşahidə olunurdu.
Daha sonralar Heydər Əliyev tərəfindən işlənib hazırlanan və çox uyğurla həyata keçirilən yeni neft strategiyasi sayəsində Azərbaycan dünyanın neft mərkəzlərindən birinə çevrilmişdir. Bununla yanaşı, Azərbaycan Avropa ilə Asiyanın qovuşduğu bir yerdə yerləşdiyinə, öz coğrafi və geopolitik vəziyyətinə görə Avropa-Asiya iqtisadi, nəqliyyat əlaqələrinin də yaranmasında və inkişaf etməsində xüsusi rol oynayır. Son vaxtlar bu sahədə də xeyli işlər görülüb.
Xəzər hövzəsində qonşu ölkələrlə birlikdə bizimlə müştərək iş görən və Mərkəzi Asiya, Qazaxıstan ərazisində fəaliyyət göstərən xarici ölkələrin şirkətləri ilə aparılan birgə işlərin nəticəsində transqafqaz magistralı, Avropa-Asiya nəqliyyat dəhlizi yaradılıb.
Və yenə də Ümumilli liderin sərt iradəsi ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş ("Əsrin müqaviləsi") imzalandı. Və bu saziş Azərbaycan dövlət müstəqilliyinin rəsmən qarantı, iqtisadi azadlığını əsas simvolarından birinə çevrildi.
1994-cü ilin sentyabrın 20-də imzalanmış, həmin ilin 12 dekabr 1994-cü il tarixində qüvvəyə minən sazişdə dünyanın 6 ölkəsini təmsil edən 11 neft şirkəti iştirak edirdi.
Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri", "Çıraq" yataqlarının və "Günəşli" yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında Saziş
12 dekabr 1994-cü il qüvvəyə minib. İmzalanma tarixinə Sazişdə dünyanın 6 ölkəsini təmsil edən 11 neft şirkəti iştirak edirdi.
Hazırda layihə üzrə iştirakçıların payı aşağıdakı kimidir:
• Azərbaycan (Ey Si Ci) Limited - 11,6461%
• BP Eksploreyşn (Caspian Si) Limited - 35,7828%
• Statoyl Abşeron a.s. - 8,5633%
• İNPEKS Sausvest Kaspian Si,Ltd - 10,9644%
• Türkiyə Petrolleri A.O. - 6,75%
• Ekson Azərbaycan Limited - Ekson Моbil - 8,0006%
• İTOÇU Oyl Eksploreyşn (Azərbaycan) Limited - 4,2986%
• Chevron TEksa co - 11,2729%
• Amerada Hess - 2,7213%
Sazişin işləmə müddəti 30 ildir. Saziş üzrə işləri yerinə yetirmək üçün 12 fevral 1995-ci ildə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti (ABƏŞ) yaradıldı. 1995-ci ilin oktyabrında ilkin neft layihəsinə sanksiya verildi. Bu sazişin imzalanması Azərbaycan neft sənayesinin inkişafında yeni mərhələnin başlanğıcı oldu.
Saziş sahəsi təxminən 432,4 km2-dir və Bakıdan şərqə doğru 110-130 km məsafədə, dənizin dərinliyi təxminən 160-420 m olan hissəsində yerləşir. Əsas işlənilmə obyektləri 2000-3500 m dərinlikdə yatan Balaxanı VIII, X və «Fasilə» lay dəstəsindən ibarətdir.
Bu müqavilənin imzalanması və onun gerçəkləşməsi müstəqil Azərbaycanın iqtisadi inkişaf konsepsiyasını təşkil edən və Ümumilli Lider Heydər Əliyev tərəfindən işlənib hazırlanmış neft strategiyasının həyata keçirilməsinin təzahürü idi. Azərbaycanın "Əsrin müqaviləsi"ndən başlanan yolu haqqında Heydər Əliyev deyirdi:
“1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir”.
“Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi imkanlarını genişləndirməklə yanaşı, eyni zamanda tək Azərbaycanın deyil, regionda sülhün bərqərar olmasında mühim rol oynadı.
Tarixə diqqət edək: 1997-ci ildə Bakı–Novorossiysk Şimal ixrac boru kəməri,1999-cu ildə isə Bakı–Supsa Qərb ixrac boru kəməri istifadəyə verildi.
1999-cu il aprelin 17-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev, Gürcüstan Prezidenti Eduard Şevardnadze və Ukrayna Prezidenti Leonid Kuçmanın iştirakı ilə Bakı-Supsa neft kəməri və Gürcüstanın Qara dəniz sahilindəki Supsa ixrac terminalı istismara verildi .
"Çıraq" yatağından hasil olunan neftin Supsa limanından dünya bazarlarına ixracına başlanmış və ilk dəfə olaraq Azərbaycan nefti şimala yox, qərbə istiqamət götürdü. 1999-cu il noyabrın 18-də ATƏT-in İstanbul Zirvə görüşünün gendişində Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl "Xam neftin Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Cümhuriyyətinin ərazilərilə Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə nəql edilməsinə" dair saziş imzaladılar.
Eyni zamanda Azərbaycan Respublikası, Gürcüstan, Türkiyə Cümhuriyyəti, Qazaxıstan Respublikası və Amerika Birləşmiş Ştatlarının Prezidentləri bu layihəni dəstəkləyən "İstanbul Bəyannaməsini" imzalandı.
Bununla da Azərbaycanın uzunmüddətli siyasi, iqtisadi mənafelərinin təmin edilməsi, genişmiqyaslı beynəlxalq əməkdaşlığın həyata keçirilməsi, eyni zamanda regionda sülhün, sabitliyin və təhlükəsizliyin bərqərar edilməsi üçün növbəti mühüm addım atılldı.
Regionda Gürcüstan və Türkiyə də bu beynəlxalq strateji layihəyə qoşulandan sonra hər iki dövlətin daxilindəki siyasi sabitlik dünya üçün daha çox əhəmiyyət kəsb etməyə başladı. Çünki bütün Avropa əlini daşın altına qoymuşdu. 6 iri Avropa ölkəsi Azərbaycandan nefti alaraq bu iki ölkə ərazisindən keçməklə əldə edirdi. Ortada Avropa dövlətlərinin böyük investitsiyası, eyni zamanda da Azərbaycanla uzunmüddətli bir iqtisadi anlaşması var idi.
Azərbaycanın isə həm də öz əhalisinin sosial rifahının yaxşılaşdırılması üçün Ümumilli Liderin qoyduğu siyasi iqtisadi platforması var idi. Bu platforma çox dəqiqlik və incəliklə hazırlanmışdı, Və ardıcıllıqla davam etdirilirdi. Bu konsepsiyanın davamı olaraq 1999-cu il 29 dekabrda Azərbaycan Respublikası Dövlət Neft Fondu Prezidenti Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli 240 nömrəli Fərmanı ilə təsis edildi.
Bundan sonra neftdən gələn vəsaitlər hesabına Azərbaycanın daha zəngin dövlət büdcəsi formalaşmağa başladı. Daha güclü iqtisadiyyat, daha ədalətli bölgü ilə ölkəmiz hər il daha çox inkişaf etdi. Neft Fonduna toplanan vəsaitlərin bir hissəsi büdcəyə transfer edilsə də, neftdən gələn gəlirlərin böyük bir həcmi fondda Azərbaycanın Ehtiyat Fondu olaraq saxlanıldı. Və saxlanılan vəsaitlərin idarəedilməsindən də əlavə olaraq Azərbaycan dövləti qazanmağa başladı.
“Əsrin müqaviləsi” sözün əsl mənasında Azərbaycan dövləti üçün yeni bir əsrin başlanması oldu. Bu saziş imzalanandan sonra Azərbaycan daha iri və geostrateji layihələrin müəllifinə və ev sahibinə çevrilməyə başladı. Azərbaycan dünyanın əsas iqtisadi mərkəzlərindən birinə çüvrildi. Avropa və Asiya arasında etibarlı tərəfdaş, sabitliyin qarantı rolunu oynamağa başladı.
Və Azərbaycan üçün 1994-cü ilin sentyabrın 20-də başlanan yeni əsrin memarı Ümumilli Lider Heydər Əliyevdir.
Razi ABASBƏYLİ
“SOCAR-AQŞ” MMC və Azərbaycan Mətbuat Şurasının “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illiyi münasibəti ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi müsabiqəyə təqdim olunur”
910 dəfə oxundu