Gəncəlilər Naqif Həmzəyevin namizədliyini özlərinə təhqir bilirlər- Prezidentə müraciət

Gəncəlilər Naqif Həmzəyevin namizədliyini özlərinə təhqir bilirlər-

Bugünlərdə GundemXeber.Az saytının redaksiyasına, bir qrup Gəncə şəhər sakinlərinin prezident İlham Əliyevə ünvanladıqları müraciətin bir surəti də bizə daxil olub.

Sakinlər ünvanladıqları müraciətin ictimailəşdirilməsini xahiş edirlər və onu da bildirirlər ki, “27 dekabr 2019-cu il tarixdə Yeni Azərbaycan Partiyasının (YAP-ın) qərarı ilə, adı çəkilən bu partiyanın növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısı açıqlandı. Bizim hər birimiz YAP-ın üzvləriyik. Hal-hazırda bu partiya, sözün əsl mənasında ümumxalq partiyasına çevrilib və partiyanın irəli sürdüyü namizədlər içərisində çox layiqli şəxslər var.

Müəyyən olunmuş siyahıda millət vəkili olmağa iddia edən, amma bir kimsənin həzm edə bilmədiyi elə şəxslər var ki, onlardan biri də Gəncə şəhəri 38 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış Həmzəyev Naqif Ələşrəf oğludur. Bu şəxsin Gəncə şəhərində zərrə qədər olsun belə, heç bir hörmət-izzəti, nüfuzu yoxdur.

Onu da bildirək ki, cənab Prezident 16 may 2017-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında Sərəncam imzaladı. İmzalanmış Sərəncam əsasında ilk dəfə olaraq Məmməd Əmin Rəsulzadənin anadan olmasının 130 illiyi, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi dövlət səviyyəsində qeyd olundu.

Ölkə rəhbəri Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadəyə qarşı belə bir mövqe ortaya qoyub sayğı ilə yanaşsa da, Gəncə şəhəri 38 saylı Nizami ikinci seçki dairəsindən namizədliyi qeydə alınmış millət vəkili Naqif Həmzəyev isə, bu şəxsə qarşı hörmətsizlik göstərərək, onunla bağlı ağlagəlməz fikirlər söyləmişdir. Məsələn, o, söylədiyi açıqlamalarının birində vurğuladı ki, “Tarixi məndən yaxşı biləcəksiniz? Heç bilirsiniz Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı qurduğu respublikanı qoruyub saxlayardı, yaxşı kişi olsaydı arvadına sahib çıxardı...O, bizim nə qədər sərvətimizi talayıb?... Rəsulzadə satqın olub, o, bizə məxsus olmuş İrəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı çıxan xarici qüvvələrlə sıx əlaqədə olub. Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır?! Mən bu cür tarixi şəxsiyyət tanımıram”. Naqif Həmzəyevin belə bir yanaşma ortaya qoyması, həmin vaxtlarda parlament səviyyəsində müzakirəyə çıxarıldı və millət vəkilləri tərəfindən ona çox sərt cavab da verildi.

Düşündürücü hal odur ki, Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinə və onun banisi Məmməd Əmin Rəsulzadəyə qarşı sərt mövqe tutanlardan biridir. Bəli, ölkə ictimaiyyəti ilə bərabər, bütün gəncəlilər bunu çox gözəl xatırlayırlar. Təəccüb doğuran hal odur ki, bir müddət bundan öncə YAP sədrinin mövqeyinə qarşı yanaşma ortaya qoyan Naqif Həmzəyevin, az sonra bu partiya tərəfindən namizədliyi irəli sürüldü və bu şəxs hal-hazırda YAP-ın Gəncə şəhər təşkilatının sədri vəzifəsini daşımaqdadır. Əsas düşündürücü məqamlardan biri odur ki, Naqif Həmzəyev deputat olduğu illər ərzində millət vəkili kimi fəaliyyət göstərməkdən daha çox, sanki Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyevin köməkçisi vəzifəsini yerinə yetirdi. Yəni, hər bir gəncəlinin yaddaşındadır ki, bu şəxs Elmar Vəliyevin buyruqçusu olub. Belə ki, o, keçirilən iclaslar zamanı Elmar Vəliyevə su daşıyan şəxs olub və belə bir addımları ilə də, sanki hər kəsin yaddaşında silinməz izlər buraxıb.

Bir faktı da qeyd edək ki, vaxtilə “Mətanət-A” şirkətində mətbuat xidmətinin rəhbəri və “PR-də” menecer kimi fəaliyyət göstərən Naqif Həmzəyev, hazırladığı tərcümeyi-halında bu barədə nəsə qeyd etməyib. Buna səbəb də, məhz həmin şirkətin sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevə məxsus olması olur. Əldə etdiyimiz başqa bir məlumatlara görə, Naqif Həmzəyev həmin dönəmlərdə Fərhad Əliyevə daha yaxın olmaq üçün xeyli canfəşanlıq edir və belə bir addımlarını atmaqla, bir növ özünü hakimiyyətə yaxın şəxs qismində göstərməyə çalışır. Elə ki, xeyli vaxt keçdi o, Elmar Vəliyevçi oldu, bir müddətdən sonra isə, adı nurçuluq qalmaqalında hallandı. Bu şəxs deputat olarkən, şəxsən onun özünün seçicilərə göstərdiyi biganəlik qalsın bir tərəfə, qardaşı Saqif Həmzəyev də, Gəncədə harın hərəkətləri, hətta bıçaqlanma hadisəsində iştirakı ilə də gündəmə gəlmişdi.

YAP-ın Gəncə təşkilatının sədri vəzifəsini daşıyan Naqif Həmzəyev, bu gün biabırçı imicə malik olan bir şəxsdir. O, deputatlığı dövründə seçicilərin problemlərinin həlli yöndə bir dəfə olsun belə cəhd etməyib. Bu şəxs çəpiş qulağı dişləməklə onu qışqırtmağa çalışıb və belə bir addımlarını atmaq, sanki sabiq millət vəkilinin ən sevimli xobbisi olub. Ona görə də, bu cür əqidə, bu cür düşüncə sahibi olan bir şəxs, özünün nüfuzu ilə sayılıb-seçilən Gəncənin nəyinə gərəkdir? Bəli, təqdim olunan şəkillərə diqqət yetirməklə, yəqin ki, atılan addımların mahiyyətinə lazımi qiyməti vermək olar. O halda sual oluna bilər ki, görəsən bu şəxsin deputatlıq fəaliyyəti bunlardan ibarətdir? İllərlə sabiq icra başçısının sənədləşmə işlərinə kömək əlini uzatmaq millət vəkilliyi deməkdir? Bir anlığa diqqət yetirək ki, Naqif Həmzəyev millət vəkili olduğu illər ərzində bir kimsə ona müraciət etmədi. Çünki, hər kəs dərk etdi ki, ona müraciət etməyin heç bir əsası yoxdur. Ona görə də hər birimiz istərdik ki, Gəncə şəhərində hörməti olan, qəbul edilən, əhali arasında müəyyən nüfuz sahibi olan bir şəxsin namizədliyi dəstəkləsin. Naqif Həmzəyevin bir daha Gəncəni Milli Məclisdə təmsil etməsi, bütün gəncəlilər üçün həqarətdir, təhqirdir. Bu şəxsin adının qeyd olunan siyahıya salınması, YAP -ın idarə heyyətində yüksək vəzifə sahibi olan və hələlik adının çəkilməsini istəmədiyimiz qohumunun hesabına baş tutub. Həmin şəxsin isə, bəlkə də Naqif Həmzəyevin bacarıqsız və millət vəkilliyini hörmətdən salanın biri olduğunu bilmir.

Gəncəlilər arasında Naqif Həmzəyevə qarşı belə bir nifrət hissinin formalaşması onu sübut edir ki, bu şəxsin atdığı addımlar YAP-nı hörmətdən salır. Bu gün hər kəs bizə rişxəndlə deyir ki, “namizədiniz Naqifdir?” Biz də belə bir halların varlığını nəzərə alıb cənab Prezidentimizdən xahiş edirik ki, Siz öz müstəsna hüququnuzdan və nüfuzunuzdan istifadə edib, Naqif Həmzəyevin əvəzinə daha layiqli bir namizədin irəli sürülməsinə öz köməkliyinizi göstərəsiniz. Düşünürük ki, heç bir nüfuzu, heç bir hörməti olmayan bu şəxsin digər namizədlə əvəzlənməsi, həm YAP-nın, həm də Gəncənin adının daha da hörmətlə çəkilməsinə səbəb olacaq”.

Rasim Həsənov və başqaları (cəmi 125 imza)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
603 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...