Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı FOTOLAR

Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı

Azərbaycanda keçmiş məhkəmə sədri uşağı zorla anasının əlindən alıb.

“Report”un xəbərinə görə, bu iddia ilə Bakıda yaşayan Rusiya vətəndaşı Samirə Bəşirova çıxış edib.
O söyləyib ki, Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin keçmiş sədri Çingiz Bəşirovun oğlu Tamerlan Bəşirovla evlidir.

Daha sonra qadınla T.Bəşirov boşanmaq üçün məhkəməyə üz tutublar. Boşanma ilə bağlı məhkəmə iclası aprelin 8-də keçiriləcək.

S.Bəşirova keçmiş məhkəmə sədri Ç.Bəşirovun onun 2017-ci il təvəllüdlü körpə qızının əlindən alındığını, Bakı Şəhər İcra Hakimiyyətində işləyən həyat yoldaşı T.Bəşirovla onun atası Ç.Bəşirovun qadına psixoloji və fiziki təzyiq etdiyini, uşağı əlindən aldığını, qaytarmadığını bildirib:

“Qızım Tamerlan və ailəsi tərəfindən qaçırılıb. Bu barədə bir neçə dövlət qurumuna müraciət etmişəm. Daha sonra öyrəndim ki, fevralın 29-da qızım atası və nənəsi ilə birlikdə parkdadırlar. Qızımı görmək üçün anam və bacımla həmin parka getdim. Lakin parkda Tamerlanla anası üstümə hücum çəkib itələdilər, qızımı da əlimdən almağa çalışdılar. Bu zaman parka polis əməkdaşları gəldi və bizi 20-ci Polis Bölməsinə apardılar. Orada ərizə yazdıqdan sonra qızımı da götürüb evə gəldim. Martın 1-də həmin bölmənin təxminən 7-8 polis əməkdaşı evimə gəlib uşağı onlara verməyimi tələb etdilər. Sonra məlum oldu ki, qızımın atası polislərə hədə-qorxu gəlib ki, məndən uşağımı zorla alıb Tamerlana versinlər. Həmin şəxslər mülki geyimdə idilər. Onları polis bölməsində olan zaman tanıdım. Binaya daxil olan kimi polis əməkdaşları kameranı söndürdülər. Lakin həmin şəxsləri domofon vasitəsi ilə kameraya çəkdim. Qapını onlara açmadım. Lakin durmadan qapını döyürdülər. Mən DİN-in “102” Zəng Mərkəzi xidmətinə zəng vurdum. Ora digər polis əməkdaşları gəldi, həmin şəxslərlə danışdılar. Sonra mülki geyimdə olan polislər oradan uzaqlaşdılar. Daha sonra Nəsimi Rayon Polis İdarəsinin rəisinin qəbulunda oldum, ərizə yazıb, videonu onlara təqdim etdim. Bildirildi ki, araşdırma aparılacaq.
Martın 5-də Nəsimi Rayon Polis İdarəsinin müstəntiqi Elşən Bədəlzadə, İdarənin əməkdaşı Faiq Sayadlı, Nəsimi rayon Məhkəmə Tibbi Ekspertizasının eksperti Azər Mustafayev yaşadığım evə gəldilər, qızımı müayinə etdilər. Bu zaman mənzilin qapısı döyüldü və qapının arxasında 3 nəfər mülki geyimli şəxs var idi. Sonradan anladım ki, həmin şəxslər Tamerlan və Çingiz Bəşirovun göstərişi ilə gəlib qızımı əlimdən alacaqlar. Dərhal qızımı götürüb uşaq otağına keçdim və qapını bağladım. Polislər evə zorla daxil oldular, mənim qolumdan tutdular, sonra Tamerlanı içəri çağırdılar və onlar qızımın ağlamasına baxmayaraq, onu götürüb qaçdılar. Evdə bacımın ad gününü qeyd edirdik. Və evdəki qonaqlar da polis bölməsinə zorla aparıldılar.

Elşən Bədəlzadə evdə qanunsuz axtarış apardı və təhlükəsizlik kameralarını və domofonu söküb özü ilə apardı. Onlar məni Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə aparıb izahatımı aldılar. Müstəntiq raportunda qanunsuz qeyd edərək bildirib ki, guya mən, anam, bacım və vəkilim qızımı zorla evdə girov saxlamışıq. Elşən Bədəlzadə evimdə qəsdən şərait yartdı ki, digər şəxslər evə girsinlər”.

S.Bəşirova qızının qaytarılmasını və evinə basqın edən polis əməkdaşlarının cəzalandırılmasını istəyir.
O, polislərin hərəkətləri ilə bağlı Bakı Şəhər Prokurorluğuna müraciət edib. Hazırda prokurorluq işi araşdırır.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin və yazıda adları çəkilən şəxslərin münasibətini öyrənmək mümkün olmayıb.

Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı
Keçmiş məhkəmə sədri polislərin əli ilə körpə nəvəsini anasından aldı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
890 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...