"Akkord" jurnalistin mənzilini necə mənimsədi? ARAŞDIRMA

"Akkord" jurnalistin mənzilini necə mənimsədi?

Ölkədə karantin rejimi ilə əlaqəli vətəndaşların sıxıntılara düşdüyü bir dönəmdə, Prezidentin təşəbbüsü və göstərişləri ilə əhalinin itkilərinin azaldılması istiqamətində tədbirlər görüldüyü zamanda, bu siyasətlə ziddiyyət təşkil edən proseslər də yaşanırmış. Belə ki, bu yaxınlarda “Kanal 13” internet televiziyasının rəhbəri Əziz Qaraşoğlu “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasını ailəsinə məxsus, Abşeron Gənclər Şəhərciyində yerləşən mənzili ələ keçirməkdə günahlandırıb. (Əziz Qaraşoğlunun ittihamları ilə bu KEÇİDdə tanış ola bilərsiniz https://www.youtube.com/watch?v=ynL6qgDBhDs&feature=youtu.be).

Şirkətlə Anar Orucov arasındakı mübahisənin sümüyə dirəndiyi bu mənzilin hekayəsini isə bizə Əziz Qaraşoğlu danışdı. Onun sözlərinə görə, mənzil 2007-ci ilin avqustunda qardaşının adına alınıb. Əziz Qaraşoğlunun ailəsi evi yaxşıca təmir edərək bu mənzildə məskunlaşıblar. Ümumi dəyəri 27 min manat olan mənzilin 21 min 650 manatını Orucovlar ailəsi ödəyib. Yəni, mənzilin ümumi dəyərinin ödənişinin bitməsi üçün yalnız 5350 manatı qalıb.

"Bəli, kreditin ödənilməsində gecikmələrimiz oldu, amma “Akkord” ilə gecikmənin ola biləcəyi barədə razılaşmamız vardı. Ancaq gözlənilmədən, 2017-ci ildə “Akkord” müqavilənin ləğvi tələbi ilə məhkəməyə müraciət etdi. Məhkəmə şirkətin xeyrinə qərar verdi və bizdən mənzili boşaltmağımızı istədilər”, - jurnalist bildirib.
Kanal 13”ün direktorunun məhkumluğu ləğv edildi – Novator.az
Nədənsə, məhkəmə qərarı zamanı Orucovlar ailəsinin ipoteka üçün ödədiyi 21650 manatın geri qaytarmalı olduğunu qeyd etmək “unudulub”. Məhkəmə ailənin təmir xərclərinin geri qaytarmalı olduğunu da nəzərə almayıb. Ə.Qaraşoğlunun dediyinə görə, məhkəmə qərarından sonra “Akkord”la borcun qaytarılmasına dair danışıqlara davam ediblər. Və şirkət rəhbərliyinin razılığı ilə ailəsi həmin mənzildə yaşamağa davam edib.

Lakin bu ilin may ayında Orucovlar ailəsinin mənzildə olmamasından istifadə edərək, şirkət işçiləri qapını sındıraraq evə daxil olub və qapının kilidini dəyişdiriblər: “Həmin evdə bizim əşyalarımız qalıb, öz əşyalarımızı da götürə bilməmişik. Bundan əlavə, şirkət kredit üçün ödədiyimiz və təmir üçün xərclədiyimiz vəsaiti də bizə qaytarmaqdan imtina edir”.

Baş verənləri AYNA-ya Qaraşoğlunun vəkili Bəhram Bayramov da təsdiqləyib: “Məhkəmə Anar Orucov ilə “Akkord” arasında bağlanmış müqaviləni ləğv etmək qərarına gəlib, amma məhkəmə qərarında Orucovlar ailəsinin mənzildə qalan əmlakının geri qaytarılması ilə bağlı heç bir qeyd yoxdur. Habelə, təmir xərclərinin ödənilməsi məsələsi də qeyd edilməyib”.

"Akkord"un hüquqşunası Zamil Abdullayev AYNA-ya açıqlamasında şirkət qanunsuz heç bir iş görmədiyini deyib: “İpoteka müqaviləsi Əziz Qaraşoğlunun qardaşı Anar Orucovla bağlanıb. Məhkəmə qərarı əsasında hərəkət etdiyimiz üçün addımlarımız tamamilə qanunidir. Mən özüm vətəndaşla, borcun ödənilməsində gecikmə olduğuna görə müqavilənin ləğvi tələbi ilə iddia qaldırdım və məhkəmə bizim tələbimizi təmin etdi”.

O, Orucovlar ailəsinin ipoteka krediti üçün ödədiyi bütün pulları geri qaytarmağa hazır olduqlarını da iddia etdi: “Onlar, həmçinin həmin evdə olan əmlaklarını da götürə bilərlər. Təmir üçün xərclənən pula gəlincə isə, Orucovlar təmir işlərinin dəyərini müəyyənləşdirmək və bu pulu geri qaytarmaq üçün bir araşdırma tələb edərək məhkəməyə müraciət edə bilərlər”.

Əziz Qaraşoğlu isə hesab edir ki, “Akkord”un vəkili, yumşaq desək, hiyləgərlik edir: "Təmir üçün sərf etdiyimiz xərclərin geri qaytarılması üçün “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiyasını məhkəməyə verməyə hazırlaşırıq. Mənzil üçün ödədiyimiz pulun geri qaytarılması ilə bağlı dəfələrlə bu şirkətə müraciət etmişik. Lakin rəhbərlik tələblərimizi qəti şəkildə rədd edir”.

Belə vəziyyətdə bir neçə sual yaranır:

1) Əgər şirkət Orucovlar ailəsinin borcun tam ödənilməməsinə baxmayaraq, mənzildə yaşamasına icazə vermişdisə, niyə fikrini birdən-birə dəyişib?

2) Məhkəmənin qərarı bütün vətəndaşlar tərəfindən icra edilməlidir, amma iş niyə məhkəmə icraçıları tərəfindən deyil, “Akkord” işçiləri tərəfindən icra olunur, üstəlik, cavabdeh evdə olmadığı zaman?

3) Orucovlar ailəsinin mənzildə qalan əmlakının təhlükəsizliyinə kim zəmanət verir? Axı, ailənin qalan pulu ödəməsi üçün bir müddət vaxt verilə bilər. Mənzil ələ keçirilərkən “Akkord” işçilərindən başqa orda heç bir şahid olmayıb. Buna görə də əmlakın siyahıya alınması aparılmayıb.

Şirkət nümayəndələri bütün bu suallara cavab verməlidirlər və əgər onlar da cavab vermirlərsə, çox güman ki, buna məhkəmə cavab verəcək. Lakin bu işdə ən vacib sual fərqlidir: KİV “Akkord”un Azərbaycanın keçmiş Baş prokuroru Zakir Qaralova məxsus olduğunu iddia edir. Şirkət nümayəndələri Qaraşoğlunun mənzilinə Qaralovun vəzifədən kənarlaşdırılmasından əvvəl daxil olublar. İndi "sahibi"nin gücsüz olduğunu düşünsəniz, “Akkord” nümayəndələri kobud qanun pozuntuları ilə işləməyə davam edəcəklər, yoxsa başa düşəcəklər ki, müştəri ilə hər hansı bir mübahisədə insan hüquqlarını pozmamaq üçün ortaq bir məxrəcə gəlinməlidir? Xüsusilə, ölkə üçün belə çətin bir zamanda bu sualın aydınlığa çıxması çox mühümdür... //AYNA.AZ//



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...