Mehdiyevin dostları və sadiq kadrları - Masallı, Astara və Lənkəran niyə geridə qalır?
Azərbaycanda yeni bir dönəm başlayıb. Dövlət Statistika Komitəsinin son məlumatına əsasən Azərbaycanın rayonları arasında 73 rayondan 33-ündə inkişaf, 40-da isə geriləmə olub. İqtisadi göstəricilərə əsasən 40 inzibati rayonda ziyanla işləmə göstəriciləri qeydə alınıb. Maraqlıdır ki, rəsmi statistikada hansı rayonların inkişaf, hansının isə ziyan qeydə alınmayıb.
Ölkədə aqrar sektorun inkişafı, maldarlıq, əkinşilik, arıçılıq, tütünçülük, çayçılıq inkişaf etdirilir. Bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi müvafiq olaraq dövlət proqramları həyata keçirilir. Lakin Gundeminfo.az-ın apardığı araşdırmalar zamanı ortaya çıxan statistik göstəricilər əsasən cənub regionu üzrə rayonlara geriləmənin qeydə alındığını ortaya çıxarıblar.
Məsələn rəsmi statistikaya diqqət edək:
- Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycandan ümumi dəyəri 4 767,8 min ABŞ dolları olan 705,18 ton çay ixrac olunub.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ötən ilin analoji dövrü ilə müqayisədə cari ilin ilk altı ayında Azərbaycandan ixrac edilən çayın dəyəri 5,9%, həcmi isə 0,5% artıb. Hesabat dövründə çayın ümumi ixracdakı payı cəmi 0,06%, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,52%-ə bərabər olub.
Bununla yanaşı, hesabat dövründə Azərbaycana ümumi dəyəri 27 482,20 min dollar təşkil edən 6 853,46 ton çay idxal olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə çay idxalının həcmi 10%, dəyəri isə 14,5% artıb. Hesabat dövründə çayın ümumi idxaldakı payı 0,34% təşkil edib.
Göründüyü kimi, cari ilin ilk yarısında Azərbaycanda çayın idxalı ixracı 9,7 dəfə üstələyib.
Təsəvvür edirsinizmi? İdxal ixracatı 10 dəfəyə qədər üstələyib. Səbəb kifayət qədər sadədir.
Lənkəran, Astara, Masallı icra hakimiyyətləri kimlərin idarəetməsindədir?
Masallı - Şahin Məmmədov Azərbaycan Respublikası Prezdentinin 17 aprel 2004-cü il tarixli Sərancamı ilə Samux rayon İcra hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli Sərancamı ilə Ağcabədi rayon İcra hakimiyyətinin başçısı, 20 noyabr 2019-cu tarixli Sərancamı ilə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 20 ilə yaxındır icra başçısı işləyən Şahin Məmmədov Prezident Adminstrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin ən yaxın adamı olaraq tanınır. Rayonun aqrar sektoru ilə bağlı göstəriciləri son illərdə, xüsusən də 2020-ci ildə xeyli bərbad durumdadır.
Lənkəran - İcra Başçısı Taleh Qaraşov - 1991-1996-cı illərdə Kürdəmir rayon İcra hakimiyyəti başçısının müavini, 1996-2002-ci illərdə Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı, 2002-2006-cı illərdə Cəlilabad rayon İcra hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Neftçala rayon İcra hakimiyyətinin başçısı, 2011-2012-ci illərdə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə Lənkəran şəhər İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Taleh Qaraşov da illərdir ki, icra başçısıdır və Ramiz Mehdiyevin ən yaxın dostu və kadrıdır. Rayonla bağlı çayçılığın inkişafı haqda söhbət belə gedə bilməz. Lənkərandan daha çox şikayət və narazılıqlar yayılır mediada. Hətta çay fabriklərinin və çay plantasiyalarının məhv edilərək yerində kimlərsə ticarət və digər təyinatlı obyektlər inşa edilir.
Astara - bəs bu rayonun icra başçısı kimdir? Ağayev Qəzənfər Arif oğlu - 2 noyabr 1961-ci ildə Naxçıvan şəhərində ziyalı ailəsində anadan olub. Əmək fəaliyyətinə 1980-cı ildə başlayıb. 1983-1986-cı illərdə Naxçıvan şəhərində Tikinti trestində, 1987-1990-cı illərdə Naxçıvan Şərab Emalı Zavodunda müxtəlif vəzifələrdə, 1994-cü ildən Bakı şəhərində "Xal-xal" kommersiya şirkətinin direktoru vəzifəsində işləyib.
2000-2005-ci illərdə Vergilər Nazirliyi sistemində işləyən Qəzənfər Ağayev 2005-2006-cı illərdə Yardımlı rayon İcra hakimiyyəti başçısının Sosial-iqtisadi məsələlər üzrə müavini, 24 mart 2006-ci ildən 29 sentyabr 2006-cı il tarixə kimi Yardımlı rayon İcra hakimiyyətinin başçısı, 2006-2012-ci illərdə Masallı rayon İcra hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli Sərəncamı ilə Astara rayon İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. 15 ildir ki, icra başçısı kreslosunda oturur. Qəzənfər Ağayev sosial media axtarış sistemlərində haqqında ən çox neqativ xəbərlər üzrə nəticələrə sahib bir icra başçısıdır.
Gundeminfo.az-a daxil olan informasiyaya əsasən bu icra başçıları ilə bağlı aqrar sektorun inkişafına mane olma, yerli sahibkarların əzilməsi, ticarət obyektlərini qohumlarının, ailələrinin adına rəsmiləşdirilməsi faktları onlarladır. Və bu rayonlarda təftiş aparılması üçün ən azından internet axtarış sistemlərində kifayət qədər qaynaqlar var.
Niyə Azərbaycanın bu rayonları daha çox aşağı göstəricilərlə diqqəti çəkir? Niyə Lənkəran kimi iqtisadi bir rayonla bağlı inkişaf göstəricilərinə heç bir rəsmi məlumatlarda rast gəlmək olmur? Hər halda bu suallara cavab vermək üçün rəsmi olaraq yazıda adları çəkilən rəsmi qurum və şəxslərin də mövqeyini dinləməyə hazırıq. Araşdırmalarımız davam edəcək.
720 dəfə oxundu