İcra başçısının göstərişi ilə yaranan problem həll edilmir- Prokurorluq məktub göndərdi

İcra başçısının göstərişi ilə yaranan problem həll edilmir-
Bərdə Rayon İcra Hakimiyyəti başçısının qanunsuz göstərişi ilə yaranan problem həll edilmir. Məsələ ilə bağlı Baş prokurorluğa da məlumat verilib.

Musavat.com xəbər verir ki, 10 ilə yaxındır Bərdə rayon Mustafaağalı kənd sakini İsrayil Muradovu tikdirdiyi obyektdən çıxarmaq istəyirlər. Bu barədə kəndin icra nümayəndəsi Qəhrəman Zeynalov iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə çəkişməsi və illərdir davam edən mübahisə İsrayil Muradova məxsus qəssabxananın sökülməsi ilə başlayıb. Belə ki, 2011-ci ildə kəndə avtomobil yolu çəkilən zaman İsrayil Muradova məxsus qəssabxana sökülüb. Səbəb isə obyektin baxımsız, səliqəsiz olması olub.

Amma İsrayil Muradova məxsus torpaq sahəsi indi də boşdur. Rəsmi sənədlər də onun adınadır. Ailə dolanışığı yalnız bu qəssabxanadan olan İsrayil Muradov çıxış yolu üçün icra başçısına müraciət etmək istəyib. Yol çəkilişləri davam edən zaman İsrayil Muradovun anası ərazidən keçən icra başçısı Vidadi İsayevə yaxınlaşıb. Bildirib ki, onlara yeni qəssabxana tikmələri üçün torpaq sahəsi verilsin.

Vidadi İsayev kəndin icra nümayəndəsi olan Qəhrəman Zeynalovu yanına çağıraraq yaxınlıqdakı torpaq sahəsinin İsrayil Muradovun anasına verilməsini tapşırıb.

İşin maraqlı tərəfi budur ki, həmin torpaq sahəsi elə Qəhrəman Zeynalova məxsus olub. Qəhrəman Zeynalov da icra başçısının sözünü yerə sala bilməyib və razılaşıb. Həmin müddətdən etibarən İsrayil Muradov orada qəssabxana tikir və bu günə qədər də işlədir. 2016-cı ildən isə torpaq sahəsi üstündə çəkişmələr başlayıb. Qəhrəman Zeynalov məhkəməyə iddia ilə müraciət edib. İddiasında göstərib ki, İsrayil Muradova məxsus torpaq sahəsi ona verilməlidir. Amma İsrayil Muradov bununla razılaşmır. Deyir ki, köhnə torpaq sahəsi özünə məxsusdur. İcra başçısı isə Qəhrəman Zeynalova məxsus torpaq sahəsini onun anasına verib.

Bərdə Rayon Məhkəməsində 2016-cı ildə hakim Ağarza Səmədovun sədrliyi ilə bu mübahisəli məsələ araşdırılıb. Məhkəmə belə qənaətə gəlib ki, Qəhrəman Zeynalovun İsrayil Muradovun torpaq sahəsindən çıxarılması ilə bağlı iddiası rədd edilməlidir. Qərarda göstərilib ki, Qəhrəman Zeynalov 2001-ci ildə torpaq sahəsini Qabil Novruzov adlı şəxsdən alıb. Amma torpaq sahəsinə dair torpaq kadastr planı və daha sonra isə dövlət reyestr xidmətindən çıxarış almayıb.

Məhkəmə belə qənaətə gəlib ki, iddiaçı tərəf torpaq sahəsinin ona məxsus olduğunu heç bir rəsmi sənədlə sübut edə bilmir. Buna görə də iddia tələbi əsassız hesab olunub və rədd edilib.

İsrayıl Muradov anasına verilən torpaq sahəsində qəssabxana tikib, 10 ilə yaxındır çalışsa da, oranı sənədləşdirə bilmir. Deyir ki, icra başçısının onlara verdiyi torpaq sahəsini sənədləşdirməyə heç bir rəsmi qurum yaxına durmur. Hansı dövlət idarəsinə müraciət etsə, həll edən olmur. İsrayıl Muradov səbəb olaraq isə göstərir ki, Qəhrəman Zeynalovun icra nümayəndəsi olmasına görə rayondakı idarələr onun müraciətinə baxmır. İsrayıl Muradov icra başçısının da qəbulunda olub. İcra başçısı isə deyib ki, bu məsələni öz aranızda həll edin.

Bundan sonra İsrayil Muradov Baş prokurorluğa müraciət edib. Onun müraciəti Bərdə rayon İcra Hakimiyyətinə göndərilib.

İ.Muradov deyir ki, 2 aydan artıqdır ki, məsələnin araşdırılması üçün Baş Prokurorluqdan icra hakimiyyətinə məktub göndərilib. Amma bu günə qədər heç bir nəticə yoxdur araşdırma aparılmır.

İcra nümayəndəsi isə torpaq sahəsinin ona təhvil verilməsi üçün İ.Muradova bir neçə dəfə xəbər göndərib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
491 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...