Şəhidin məzarı baxımsızdır - İcra hakimiyyətindən şikayət
Saatlı rayonun İcra Hakimiyyəti şəhidin məzarına qarşı laqeydlik göstərir.
Bununla bağlı "MediaPost"a şəhidin qardaşı Soltan Bayramov şikayət ünvanlayıb.
"Qardaşım Bayramov Fərrux 4 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub. O vaxtdan indiyədək icra hakimiyyətinə dəfələrlə müraciət etmişəm, lakin heç bir nəticəsi olmayıb. Mənim qardaşımın məzarı nə üçün düzəldilmir? Ağayev Zabil adlı şəhidimizin də məzarı qardaşımın məzarı ilə yanaşıdır. İkisinin də məzarı baxımsızdır" - şikayətdə bildirilib.
Məsələ ilə bağlı "MediaPost"a Saatlı rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən məlumat verilib.
"Baş daşları ilə bağlı bizə vəsait ayrılmayıb. Rayon icra hakimiyyətləri şəhid ailələrinin hansısa problemlərini həll etmək üçün rəhbər orqanlara məktub ünvanlaya bilər. Amma şəhidlərin məzar daşlarının götürülməsi üçün dövlət vəsait ayırmalıdır. 3, 10, 11 min civarında vəsait ayrılır. Bizdə şəhidlərin məzar daşlarını ayrılmış vəsait hesabına ailələr düzəldib. Bizə hələ ki elə tapşırıq yoxdur ki, bunu icra hakimiyyəti düzəltsin. O ailənin icraya hər hansı müraciəti yoxdur. Ola bilsin başçı ilə haradasa görüşüb, orada deyib. Bununla bağlı bizə ya vətəndaşın özü yaxınlaşır, ya da kənd nümayəndəsi məlumat verir. Bizdə indi şöbə yaradılır. Şöbə səfərbərliyə cəlb olunanların işlərinə baxacaq. Buna baxmayaraq həmin şöbə yaranana qədər şəhidlərlə bağlı müvafiq məlumatlar toplanıb. Başqa bir rayonda ola bilsin icra bunu edib. Bu da rəhbərlik tərəfindən tapşırılmış bir şey deyil, könüllü şəkildə olur. Bizim icra başçımız dövlətin ayırdığı vəsaitdən əlavə 1000 manat hər şəhid ailəsini yardım edib. Qeyd edim ki, rayonumuzun 35 şəhdi var" - məlumatda qeyd olunub.
354 dəfə oxundu