4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI - 20 ildir ki...

4 saylı Uşaq Somatik Sanatoriyası rəhbərliyinə KORRUPSİYA İTTİHAMI -
Səhiyyə Nazirliyinin tabeliyində 11 sanator tipli müəssisə var, bunlardan 3-ü vərəm, digərləri somatik tipli sanatoriyalardır. Somatik Sanatoriyalar uşaqları yaş qrupları üzrə qəbul edir. Məsələn, Respublika Uşaq Sanatoriyası 0-17 yaş, 3 nömrəli Uşaq Somatik Sanatoriyası 6-14 yaş, 4 nömrəli Uşaq Somatik Sanatoriyası 6-16 yaş üzrə uşaqları qəbul edir. Uşaqlar sanatoriyaya ərazi üzrə uşaq poliklinikalarından (076 forma) göndəriş alaraq müraciət edə bilərlər. Yalnız 0-6 yaşadək və sağlamlıq imkanları məhdud olan 2-17 yaş uşaqlar sanatoriyada anaları ilə birgə qala bilər. Sanatoriyalar əsasən xroniki xəstəlikləri olan (yuxarı tənəffüz yollarının, dayaq-hərəkət sisteminin, mədə-bağırsaq sisteminin, anamnezdə tez-tez xəstələnən uşaq, uşaq serebral iflici, dəmirdefisitli anamiya yüngül formaları və s.) uşaqlar qəbul olunur. Uşaqlar burda fizioterapevtik prosedurladan, müalicəvi bədən tərbiyəsi, vitaminoterapiya, su prosedurları, massaj, iqlimterapiyası kimi müalicəvi prosedurlar alırlar. Xroniki xəstəlikləri olan uşaqlar ildə iki dəfə Sanatoriyalarda müalicə ala bilərlər.

Bu ilin iyun ayının 10-da 1 nömrəli uşaq Somatik sanatoriyasının vəzifəli şəxslərinin əmək haqqı kartları ilə bağlı maxinasiyaları ifşa edildi. Sanatoriyanın baş həkimi Dilay İslamova və baş mühasibi Burhan Cəfərovun qanunsuz əməlləri ilə əlaqədar keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə), 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıldı. Aparılan istintaq-əməliyyat tədbirləri ilə Dilay İslamova və Burhan Cəfərovun sanatoriyada işçi kimi rəsmiləşdirilən, lakin faktiki olaraq işə gəlməyən ayrı-ayrı tibb işçilərinin əmək haqqı kartlarını özlərində saxlamaqla həmin kart hesablarında olan ümumilikdə 32 min 700 manat məbləğində pul vəsaitlərini nağdlaşdıraraq mənimsəmələrinə əsaslı şübhələr müəyyən edildi. Bildirilir ki, istintaq zamanı qeyd edilən vəzifəli şəxslər tərəfindən vurulmuş maddi ziyanın tam həcmdə dövlət büdcəsinə ödənilməsi təmin olunub. Hazırda cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyənləşdirilməsi istiqamətində istintaq tədbirlərinin həyata keçirilməsi davam etdirilir.

Bundan az sonra, iyunun son günlərində Səhiyyə Nazirliyi öz tabeçiliyində olan sanator tibb müəssisələrində monitorinq apararaq onların bəzilərində ümumi sanitar-gigiyenik qaydalarına tam riayət olunmadığını, həmçinin tibbi sənədləşmənin aparılmasında nöqsanlar aşkar etdi. Bu barədə Nazirliyin özünün yaydığı məlumatda qeyd olunur ki, aşkar olunan nöqsanlarla bağlı müəssisə rəhbərlərinə tövsiyələr verilib. Eyni zamanda aparılan monitorinqlərin nəticələrinin Səhiyyə Nazirliyində təhlil edilərək müvafiq tədbirlər həyata keçiriləcəyi gözlənilir. Ehtimal böyükdür ki, həmin monitorinqin keçirilməsinin əsas məqsədi 1 saylı sanatoriyanın baş həkiminin qol qoyduğu qanunsuzluqların eynisini törədən digər müəssisə rəhbərlərinə xəbərdarlıq etmək, analoji korruptiv cinayətlərini “ixtisaslı” ört-basdır etmək olmuşdur. Təxmin etmək olar ki, aşkar olunan xırda nöqsanlar hesabat xatirinə, necə deyərlər, “xala, xətrin qalmasın” qeydə alınmışdır.

Etibarlı mənbədən bu günlərdə redaksiyamıza daxil olan məlumata görə, Bakının Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən 4 saylı Uşaq Somatik Sanatoriyasında da neqativ hallar kifyət qədərdir. Müəssisəyə 20 ilə yaxın müddətdir ki, rəhbərlik edən Neyman Qulamov sanki “toxunulmazlıq” statusu qazanıb, özünü burada “kiçik padşah” hesab edir. Bildirilir ki, sanatoriyanın baş həkimi kotirovka sorğularında şəffaflıq, azad rəqabət prinsiplərini, tender və satınlama qanunlarını pozaraq, qabaqcadan “centlmen sövdələşməsi” apardığı firmaları qutudan qalib çıxarır, onlardan rəqəmləri “şişirdilmiş” mal-material qiymətliləri, təsərrüfat malları, dərman preparatları, tibbi blanklar, iş və xidmətlər alaraq süni yaradılmış fərqi “yerbəyer” edir. Məlumatda qeyd olunur ki, sonuncu belə sövdələşmələr əsasında dəftərxana ləvazimatı üçün “Saran Holdinq” şirkətinə 8 min manat, “Oranlı” MMC-nə 12 min manat, kommunal xərclər maddəsi ilə “Pontin” MMC-nə 10 min manat pul köçürtdürərək nağdlaşdırmışdır. Müəssisənin sərəncamına verilən maliyyə vəsaitinin təyinatı üzrə və səmərəli xərclənməsi həmişə şübhə doğurmuşdur. Necə ki, Qulamovun aldığı 500 manat məvaciblə sürdüyü 100 minlik inomarka avtomobilin, malik olduğu dəbdəbəli villanın və dəyəri böyük kəmiyyətlərlə ölçülən başqa daşınar-daşınmaz əmlakın qiymətləri təzad təşkil edir.

Bu və digər məsələlərə aydınlıq gətirmək məqsədilə doktor Qulamovla telefon əlaqəsi yaradıb münasibətini bildirməsi üçün tribuna təklif etdik. Cavabladı ki, mənim bu köçürmələrdən xəbərim xoxdur. Nə saxtakarlıq edirsə nazirlik və nazirliyin maliyyə edarəsi edir. Gedin nə soruşursunuzsa onlardan soruşun. Müəssisənin təminat məsələlərində əsas söz sahibi o deyil, Nazirlikdir, bu işlərlə bağlı qərar vermək səlahiyyəti yoxdur.

Yəqin ki, Səhiyyə Nazirliyinin də mövqeyini öyrənəndən sonra bu mövzuya yenidən qayıdacağıq.

Deryaz.az



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1099 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...