Zərərə işləyən “Azərpoçt” bu vəziyyətdən necə çıxa bilər? – ARAŞDIRMA

Zərərə işləyən “Azərpoçt” bu vəziyyətdən necə çıxa bilər? –


“Azərpoçt”dan deyirlər ki, beynəlxalq poçt mübadiləsi üzrə itirilmiş imkanların bərpa edilməsi, əlavə biznes istiqamətləri qurumun cari ildə mənfəət əldə edəcəyini proqnozlaşdırmağa imkan verir. Ekspert isə çıxış yolunu qurumun özəlləşdirilməsində görür.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC 2020-ci ili 7 milyon 747 min manat xalis zərərlə başa vurub. Halbuki, şirkət 2019-cu ildən 2 milyon 721 min manat xalis mənfəətlə çıxmışdı. Yəni şirkətin yığılmış zərəri 54,6 faiz artaraq 21 milyon 935 min manata çatıb.

“Azərpoçt” MMC-in ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Afaq İbrahimovanın məlumatına görə, pandemiya bu quruma da öz mənfi təsirini göstərib:

“2020-ci ildə koronavirus pandemiyası səbəbindən bir çox sahələr iqtisadi zərərlə üzləşib. Pandemiya “Azərpoçt” MMC-dən də yan keçməyib. Beynəlxalq poçt mübadiləsinin azalması, gəlirlərin aşağı düşməsi, daşımaların alternativ yollarla həyata keçirilməsi xərclərin kəskin artması ilə nəticələnib. Universal poçt xidmətləri üzrə tariflərin maya dəyərindən aşağı olması da zərərin formalaşmasına təsir göstərən amillərdəndir. Bu faktorlar özünü maliyyə göstəricilərinin pisləşməsində göstərib”.

İqtisadçı Xalid Kərimlideyir ki, “Azərpoçt”un 2020-ci ildə zərərə uğramasının səbəblərindən biri gəlirlərin kəskin aşağı düşməsidir:

“Əgər 2019-cu ildə 45 milyon 156 min ümumi gəlir var idisə, 2020-ci ildə bu rəqəm 41 milyon 146 min manat olub. Yəni 2019-cu illə müqayisədə “Azərpoçt”un gəliri 4 milyon 10 min manat azalıb. Gəlirlərin aşağı düşməsinin səbəblərindən biri pandemiya dövründə iqtisadi aktivliyin aşağı olması, “Azərpoçt”la olan göndərişlərin azalmasıdır. Poçt xidmətləri üzrə əldə olunan gəlir 21 milyon 774 mindən 18 milyon 343 min manata düşüb. Poçt xidmətlərinin daşınmasından gələn gəlir, təqribən 3,4 milyon azalıb. Ümumi gəlirin əsas hissəsi, yəni 4 milyonun 3,4 milyonu daşınmadan gələn gəlirlərin azalmasının nəticəsidir”.

İqtisadçı bildirir ki, xərclərin artması da zərərin böyüməsinə gətirib çıxarıb:

“Həmçinin “Azərpoçt”un xərcləri də artıb. Əsas artım əməliyyat və ümumi inzibati xərclərdədir. Əməliyyat xərclərində əsas artım iki sahədədir. Birincisi, daşınma və çatdırılma xərcləri əhəmiyyətli surətdə artıb. Əgər 2019-cu ildə daha yüksək gəlirlə çox daşıyıb, az ödəyiblərsə, 2020-də əksinə olub. 2019-cu ildə poçt daşımalarına 2,6 milyon manat xərclənmişdisə, 2020-də 6,3 milyon sərf olunub. İkincisi, əməliyyat xərclərinin içərisində işçi heyəti ilə bağlı xərclər 2019-cu ildə 14 milyon 62 min manat olubsa, 2020-də 15 milyon 417 min manata yüksəlib. Təqribən 1,4 milyon artım müşahidə olunub”.

X.Kərimlinin sözlərinə görə, əməliyyat xərclərindən əlavə, ümumi inzibati xərclərdə də artım müşahidə olunub:

“Ümumi inzibati xərclərdə, təqribən 2,6 milyon artım var. Artımın əsas səbəbi işçi heyəti ilə bağlı xərclərdir. İşçi heyəti ilə bağlı xərclər 2019-cu ildə 9 milyon 486 min manat idisə, 2020-də 12 milyon 36 min manat olub. İşçi xərclərinin artmasının 2 səbəbi ola bilər: ya işçilərin məvacibi, ya da sayı artıb”.

X.Kərimli deyir ki, “Azərpoçt” özəl şirkətin tərkibinə keçirilsə, problemlər həllini tapar:

“Azərpoçt”un problemləri idarəetmədə inkişaf strategiyasının olmaması, dövlət sektorunda ilişib qalması ilə bağlıdır. Dünyada “Azərpoçt”dan yüz, min dəfə böyük şirkətlər özəl sektorda fəaliyyət göstərir. “Azərpoçt” da özəlləşdirilsə, yerində effektiv, bazar şərtlərinə uyğun, inkişaf strategiyası olan, müasir dəyişikliklərə cavab verən şirkət qurula bilər. Beləliklə, qiymətlər liberallaşacaq, poçt xidmətlərinin qiymətini bazar, əməliyyat xərclərinin tərkibini peşəkar menecerlər müəyyənləşdirəcək”.

Afaq İbrahimova deyir ki, 2021-ci ildə vəziyyət yaxşılığa doğru nisbətən dəyişib:

“İtirilmiş bazar və beynəlxalq poçtdaşımalarının həcminin bərpa edilməsi zərərin 2 dəfədən çox azalmasına səbəb olub. “Azərpoçt” MMC pandemiyanın təsirlərinin aradan qaldırılması məqsədilə 2021-ci ildə yeni xidmət sektorları istifadəyə verib. “Sədərək” Ticarət Mərkəzindən alınan məhsulların Bakı və bölgələr üzrə sürətli çatdırılmasını təmin edən “Logistika” xidməti yaradılıb. Qısa müddət ərzində bu xidmətdən istifadə edənlərin sayı xeyli artıb. 2022-ci ildə sahibkarların məhsullarını bütün ölkə üzrə “Azərpoçt” məntəqələri vasitəsilə vətəndaşlara təqdim etməsinə imkan verən “Retail” xidməti istifadəyə verilib. Hər iki xidmət ölkədə kiçik və orta sahibkarlığa dəstək verməklə yanaşı, qurumun gəlirlərinin artırılmasına hədəflənib”.

Afaq İbrahimovanın verdiyi məlumata görə, qurum bu il zərərdən çıxacağını proqnozlaşdırır:

“Azərpoçt”da əməkhaqqı fondu artırılsa da, optimizasiya tədbirlərinin görülməsi, beynəlxalq poçt mübadiləsi üzrə itirilmiş imkanların bərpa edilməsi, əlavə biznes istiqamətləri qurumun cari ildə mənfəət əldə edəcəyini proqnozlaşdırmağa imkan verir. Xərclərə nəzarət mexanizmlərinin tətbiqi cari ildə bir sıra xərclərin ötən illərə nisbətən aşağı salınmasına səbəb olacaq. Bu da mənfəətin formalaşmasına təsir göstərəcək. “Azərpoçt” MMC bir sıra yeni əməkdaşlıqların qurulmasını da planlaşdırır”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
878 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...