Vətən müharibəsi iştirakçısına ev tikməyə niyə İCAZƏ VERİLMİR?

Vətən müharibəsi iştirakçısına ev tikməyə niyə

II Qarabağ müharibəsinin veteranı haqsızlıqla üzləşib. Yeni Suraxanı qəsəbə sakini Şərif Rahim oğlu Əliyevə məxsus 2 hektar ərazidə ev tikilməsinə icazə verilmir.

Bu şikayətlə Bizim.Media-ya müraciət edən veteranın sözlərinə görə müharibədən qayıdandan sonra sözügedən ərazidə etibarnamə ilə torpaq sahəsi alıb.

Ev tikilməsi üçün Suraxanı Rayon icra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynovla görüşüb. İcra hakimiyyətinin rəsmisi isə qaziyə evin tikilməsi üçün köməklik edəcəyinə söz verib.

Bundan sonra Şərif Əliyev ona məxsus torpaq sahəsində tikintiyə başlayıb və hörgüdə 18 daş qaldırıb. Çox keçməmiş Suraxanı Rayon İcra Hakimiyyəti, yerli polis şöbəsi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yarımtikilini söküblər.

Şikayətçi iddia edir ki, həmin qəsəbədə, eləcə də qonşuluğunda yüzlərlə evlər tikilib və heç birinin də sənədi yoxdur:

“Orada heç kimin ev tikməsinə icazə yoxdur və bunu da icra hakimiyyəti yaxşı bilir. Əslində həmin ərazi əkin üçün nə vaxtsa nəzərdə tutulan icarə torpaqlardır və bildiyim qədər Abşerona aiddir. Amma hər yer evdir və tikilməsi üçün hər vətəndaşdan 5-6 min pul alınıb. Təbii ki, məndən birbaşa pul istənilməyib. Sadəcə bildiriblər ki, buranın “tas”ı və çatan yerləri var. Aydın məsələdir ki, pul vermədiyim üçün tikili sökülüb. Axı, bu necə olur? Ən azından müharibə iştirakçısıyam və müəyyən qədər güzəşt olunacağını gözləyirdim. Qanun yalnız mənə çatdı və mənlə keçir? Bəs o qədər vətəndaş necə ev tikib və daşı hansı icazə ilə qaldırıb?”

İllərdir ailəsi ilə birgə kirayələrdə qaldığını və evsizlik əziyyəti çəkdiklərini vurğulayan Şərif Əliyev bu məsələdə aidiyyəti qurumlara səslənib və tikintinin aparılması üçün ona köməklik göstərilməsini istəyib.

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında Suraxanı Rayon icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Xanoğlan Allahverdiyev bildirib ki, istənilən halda ev tikilməsi üçün icazə sənədi olmalıdır:

“Mən bilmirəm vətəndaş ev tikmək üçün hansı halda icazə alıb. Müharibə iştirakçısı olmasına baxmayaraq hər kəsin icazə sənədinin olması vacibdir”, - deyə Xanoğlan Allahverdiyev əlaqədar şöbə ilə məsələni araşdırcağını deyib.

Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Ruslan Fərzəliyev məsələnin onların səlahiyyətində olmadığını bildirib:

“Sözügedən torpaq sahəsi qazinin adına deyil. Etibarnamə ilə alqı-satqı edib. Həm də o ərazilər idarə, yəni kənd təsərrüfatı təyinatlı torpaqlardır. Qazimizə əlbəttə ki, köməklik etmək istəyirik. Amma Əmlak Komitəsi icarə torpağı olduğu üçün tikintiyə icazə vermir. Bir sözlə bu məsələ bizim səlahiyyətimizdə deyil”

Qəsəbə rəsmisinin sözlərinə görə qaziyə tikintinin aparılmaması üçün dəfələrlə xəbərdarlıq edilib:

“İlk gündən tikintiyə başlamaması üçün xəbərdarlıq etmişik. O isə qulaq asmadı və tikməyə başladı. Anlıyıq, müharibə iştirakçısıdır, bizlər üçün döyüşüb. Amma yaxşı olar ki, vətəndaşımız Əmlak Komitəsinə, yaxud Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etsin. İcazə versələr, biz də “Allah xeyrinizi versin” deyərik. Biz dünən Şərif Əliyevi İcra hakimiyyətinə dəvət etdik və başçı ilə də görüşdü. Ərizə yazdı. Həmin ərizəni müvafiq qurumlara göndərəcəyik. Cavab gələn kimi vətəndaşı məlumatlandıracağıq”.

Ruslan Fərzəliyev onu da əlavə edib ki, Yeni Suraxanı qəsəbəsinin Zeytunluq deyilən ərazisindəki torpaq sahələrinin təyinatının dəyişdirilməsi ilə bağlı məsələ Dövlət Proqramına salınıb:

“Çox güman ki, torpağın təyinatı dəyişdiriləcək və ondan sonra rəsmi olaraq tikintiyə icazə veriləcək. Qaldı ki, indiyə kimi orada tikilən evlərə, yəqin dövlət hansısa tədbirlər görəcək. Amma yeni tikililərə hazırda icazə verilmir. Bu səbəbdən yerli polis, Fövqəladə Hallar Nairliyi və Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələrinin iştirakı ilə qazimizin təxminən 5 metr hündürlükdə qaldırdığı daşlar sökülüb”.

Məlumat üçün bildirək ki, Yeni Suraxanı qəsəbəsinin Zeytunluq ərazisində mindən çox fərdi ev tikilib.

Ümid edirik ki, Ruslan Fərzəliyevin də vəd etdiyi kimi aidiyyəti qurumlar qazimizin səsinə səs verəcək.

Xatırladaq ki, Şərif Rahim oğlu Əliyev II Qarabağ savaşında Qubadlı və Cəbrayıl uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Ölkə başçısı İlham Əliyevin müvfiq sərəncamları ilə müharibə iştirakçısı Qubadlı və Cəbrayılın azad olunmasına görə medallarla təltif olunub.

Mövzunu diqqətdə saxlayacağıq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1023 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...