Ələt terminalında işçilər əmək haqlarını ala bilmir? Şirkət ödənişi etmişik deyir, işçilər almamışıq deyir

 Ələt terminalında işçilər əmək haqlarını ala bilmir?

Ələt qəsəbəsində Ələt Azad İqtisadi Zonasında aparılan işlər davam etməkdədir. Zona üç sahəyə ayrılmsış 850 ha ümumi sahəyə malikdir. Sahələrdən ilk ikisi - Zona 1 və Zona 2 - Bakı Limanına bitişikdir və ümumi sahəsi 639 ha təşkil edir. Üçüncü sahə, Bakı Limanından 7 km məsafədə, 3-cü Zonada yerləşir və 211 hektar sahəni əhatə edəcək.
Müxtəlif yerli və xarici investorlar ərazidə tikinti-quraşdırma işləri aparır.

Bu günlərdə GUNDEMİNFO.AZ-a bir qrup fəhlə müraciət edərək bildirib ki, 2022-ci ilin fevral ayında işlədiklərinin qarşılığı olaraq əmək haqlarını tam ala bilməyiblər.

Redaksiyamıza müraciət edən Teymur Ağayev iddia edir ki, 1660 manat əmək haqqını ala bilməyib. Bundan başqa Elşən adlı ustanın 158 manat, Fərid adlı işçinin də 140 manat əmək haqqı qalıb. Şikayətçilər qeyd edir ki, onlara çatacaq əmək haqlarını SVKA Construction şirkətiin rəhbəri Sənan Bədəlov ödəməlidir. "Orada işlədiyimiz müddətdə əmək haqlarımızı ala bilmədik. Bizi işə götürən zaman əmək müqaviləsi bağladıq. Lakin işə götürən zaman bizdən işdən çıxmaqla bağlı tarixsiz ərizə də aldılar. Bundan sonra bir müddət işlədik. Əmək haqları plastik kartlarla verilsə də, biz kart görmədik. Əmək haqlarımızı bankomatdan çıxarıb bizə nağd verirdilər. Bir müddət sonra orada çalışan bir neçə işçinin əmək haqqını ödəmək lazım oldu. Bizə çatacaq pulları onlara verdilər ki, sizə daha sonra ödəniş edəcəyik. Lakin SVKA-dan pullarımızın hamısını bu günə qədər ala bilməmişik" deyə şikayətçi Teymur Ağayev qeyd edir.

Teymur Ağayev bildirir ki, aylardır əmək haqlarının qalığını almağa çalışsalar da, bu mümkün olmayıb.
 Ələt terminalında işçilər əmək haqlarını ala bilmir?

Məsələ ilə bağlı "SVKA CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi və direktoru Sənan Bədəlovla əlaqə saxladıq. Sənan Bədəlov bildirdi ki, onun Teymur Ağayev və digər şikayətçi olan şəxslərə borcu yoxdur. "Onlar mənim işçim olmayıb. Həmin şəxsləri rəhbəri olduğum şirkətin layihəsini reallaşdırmaq üçün Etibar Sadıqov adlı hüquqi şəxs gətirib. Onlar da Etibar Sadıqovla müqavilə və ya hansısa rəsmiləşdirmə həyata keçiriblər. Fevral ayında mənim əmək haqqı ödəməli olduğum 38 nəfərdən 35 nəfərinin əmək haqları ödənilmişdi. Yalnız bu 3 şəxslə bağlı gecikmə baş vermişdi. Bundan sonra onlar Qaradağ Rayon Polis İdarəsinə şikayət etmişdilər. Şikayətlərində bildiriblər ki, əmək haqlarını ala bilmirlər. Mən də bir neçə gün gecikən əmək haqlarını ödədim. Lakin onların mənə borcu var. İşlədikləri müddətdə mənim şirkətimə məxsus olan mal və avadanlıqlara ciddi şəkildə ziyan vurublar. 2500 manatdan çox dəymiş ziyanla bağlı aktlar da tərtib edilib. Əgər istəsəniz həmin aktlarla Qaradağ Rayon Polis İdarəsində tanış ola bilərsiniz. Ona görə də, mən ümumiyyətlə həmin şikayət edən şəxslərlə heç bir işə götürmə və ya digər səbəblərlə bağlı rəsmi müqavilə imzalamışam" deyə Sənan Bədəlov bildirdi. Təkrar olaraq qeyd etdi ki, əgər hər hansı bir narazılıqları varsa, o zaman onları işə dəvət edən, əmək fəaliyyəti ilə bağlı razılaşdıqları Etibar Sadıqov adlı hüquqi şəxslə əlaqə yaratsınlar.
 Ələt terminalında işçilər əmək haqlarını ala bilmir?

Qeyd edək ki, GUNDEMİNFO.AZ olaraq apardığımız araşdırmalar zamanı "SVKA CONSTRUCTİON" Məhdud Məsuliyyətli Cəmiyyətinin hazırda 6400 manat həcmində vergi borcunun olduğunu da öyrəndik. MMC-nin təsisçisi bildirdi ki, məhz o şəxslərin məsuliyyətsizliyi üzündən layihəni icra edib yekunlaşdıra bilməyib. Nəticədə şirkətdə maliyyə problemləri qalıb və vergi borcu yığılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
964 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...