DSX-dan 200 minlik müəmmalı tender: Qalib şirkət elandan sonra yaranıb - Fotofakt

DSX-dan 200 minlik müəmmalı tender:
Dövlət Sərhəd Xidmətinin (DSX) keçirdiyi tender müsabiqəsinin (Açıq tender) qalibi "Lıon Supplıes" MMC (VÖEN- 2906624951) olub.
Yeniavaz.com xəbər verir ki, qalib şirkət DSX-ya 560 ədəd istehsalat masası və stellaj satacaq və qarşılığında 199 min 892 manat alacaq.
Tender müsabiqəsinin qalibi olan "Lıon Supplıes" MMC 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Sumqayıt şəhəri, 18 MKR, ev 34, m. 23-də yerləşən MMC-nin nizamnamə kapitalı 10 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Qənbərov Şirxan Şirzad oğludur.
Maraqlıdır ki, DSX tender elanının MMC-nin dövlət qeydiyyatına alındığı gündən 2 gün əvvəl – 29.03.2022-ci il tarixində elan edib. Yəni, 200 min manatlıq tender elan olunan zaman "Lıon Supplıes" MMC mövcud olmayıb. Sənəd qəbulu isə aprel ayının 19-na kimi qəbul edilib.
Diqqət çəkən daha bir məqam isə odur ki, tender elanında tələb olunan sənədlərdən biri MMC-nin 2020-ci il üzrə fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surətidir. Məlum məsələdir ki, 31.03.2022-ci il tarixində dövlət qeydiyyatına alınan MMC-nin 2020-ci il üçün maliyyə hesabatı təqdim etməsi mümkün deyil. Çünki 2020-ci ildə "Lıon Supplıes" adlı MMC olmayıb.
Bunlardan başqa tələb olunan sənədlər arasında MMC-nin potensialı, maddi-texniki bazası, müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, etibarlılığının olmasına dair arayış və təsdiqedici sənədlər yer alır.
Qeyd edək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər də yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender elan olunduğu gündən 2 gün sonra yaranan şirkətin hansı təcrübəsinin olacağı və bunu hansı sənədlərlə təsdiq edəcəyi aydın deyil.
Məsələ ilə bağlı suallarımızı DSX-nin mətbuat xidmətinə ünvanladıq. Qurumdan suallarımıza cavab verildiyi təqdirdə yazıya əlavə olunacaq.

DSX-dan 200 minlik müəmmalı tender:



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
431 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...