Bu gecə Yelda gecəsidir, Böyük Çillə başlayır

Bu gecə Yelda gecəsidir, Böyük Çillə başlayır
Bu gecə Yelda gecəsidir və bu, ilin ən uzun gecəsi olacaq.

"Report" xatırladır ki, qədim türklərin təqviminə əsasən bu gecə Böyük Çillə başlayır.

Böyük çillə 40 gün, Kiçik çillə 20 gün davam edir. Bundan sonra 30 günlük Boz ay gəlir. Böyük çillə dekabr ayının 21-dən 22-nə keçən gecə başlayır, fevral ayının 1-2-si bitir.

Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsasən, Azərbaycana qış fəsli dekabrın 22-i saat 01:48-də daxil olacaq.

Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz və ən uzun gecə olur. Gündüzün uzunluğu 9 saat 17 dəq 22 san, gecənin uzunluğu isə 14 saat 42 dəq 38 san olacaq.

Qışın gəlişindən xəbər verən gecə Yelda Bayramıdır. Bu gecənin gəlişini Güney Azərbaycanda daha çox qeyd edirlər. Naxçıvan, Lənkəran və bəzi Qərb bölgələrində də Yelda bayramının adət-ənənələri icra olunur. Bu həm də Novruz Bayramı mərasimlərinin başlanğıcı sayılır. Yeldanın özəl mərasimləri, şirniyyatları və yeməkləri var.

Bu gecə əsasən, xəmir xörəklərinin bişirilməsinə üstünlük verilir, həmin gün ənənəvi olaraq hədik və xəşil xörəkləri bişirilir. Qoz (cəviz) halvası, yerkökü halvası, paxlava, günəbaxan toxumu, meyvələr və şirniyyatlar bu gecə süfrələrə düzülür.

Folklorşünaslar bildirir ki, bu bayram türk mənşəyi, mifologiyası və dünyagörüşü ilə daha çox bağlıdır. Onların fikinrcə, təəssüf ki, fərqli psixoloji amillərin təsiri Yelda gecəsini, onun ənənələrini unutdurub. Bu bayram farsların və kürdlərin bayramı kimi düşüncələrə həkk olunub. Ancaq Yelda bayramı qədim türk düşüncəsinin, mifologiyasının məhsuludur.

Azərbaycanın yazılı və şifahi ədəbiyyatında Yelda gecəsini tərənnüm edən çoxsaylı nümunələr var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
554 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...