“Molla Nəsrəddin” jurnalının ad günüdür

“Molla Nəsrəddin” jurnalının ad günüdür

Bu gün - 7 aprel "Molla Nəsrəddin "jurnalının 112 yaşı tamam olur. "Ölkə.Az" xəbər verir ki, "Molla Nəsrəddin"in birinci sayı 1906-ci il aprel ayının 7-də Tiflisdə çapdan çıxıb. 1906-1918-ci illərdə Tiflisdə, 1921-ci ildə Təbrizdə, 1922-1931-ci illərdə Bakıda nəşr edilib. Redaktoru və müəllifi Cəlil Məmmədquluzadə olub. 25 il ərzində 748 nömrəsi (340-ı Tiflisdə, 8-i Təbrizdə, 400-ü Bakıda) çıxıb.

"Molla Nəsrəddin" Azərbaycan xalqının mütərəqqi qüvvələrini, demokratik düşüncəli insanlarını öz ətrafında toplaya bilib. Jurnalda Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əbdürrəhim bəy Haqverdiyev, Əli Nəzmi, Əliqulu Qəmküsar, Məmməd Səid Ordubadi, Mirzəli Möcüz Şəbüstəri və başqa şair, yazıçı və jurnalistlər, o cümlədən, Oskar Şmerlinq, İ.Rotter, Əzim Əzimzadə kimi rəssamlar fəaliyyət göstərirdilər.

Molla Nəsrəddin jurnalının ilk sayının üz səhifəsində verilən şəkildə yuxuya getmiş bir dəstə müsəlman təsvir olunur. Şərqin müdrik ağsaqqallarından hesab olunan Molla Nəsrəddin onları oyatmağa çalışır. Sayın ikinci səhifəsini "Sizi deyib gəlmişəm" məqaləsi bəzəyir. Sonrakı səhifələrdə satirik xəbərlər, teleqramlar, atalar sözü, "Dəllək" hekayəsi, "Lisan" bəlası felyetonu və dörd karikatura çap olunmuşdur.

Jurnal İran, Türkiyə, Misir, Hindistan, Mərakeş kimi ölkələrə də yayılaraq oradakı xalqların sosial-mədəni tərəqqisinə müsbət təsir göstərmişdir.

Xalqın maariflənməsində,cəhalətdən oyanmasında,savadlanmasında zəhməti olan "Mollanəsrəddinçilər"i dərin hörmətlə anırıq!



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1253 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...